Dövlət Miqrasiya Xidmətində (DMX) Yüksəkixtisaslı Miqrant Portalının təqdimat mərasimi təşkil olunub.
XQ xəbər verir ki, mərasim çərçivəsində jurnalistlərə açıqlama verən DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib ki, portal Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında təsis edilib. "Azərbaycanda yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsini asanlaşdırmaq, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına yönəltmək, eləcə də bu sahədə çevik idarəetməni təmin etmək məqsədilə "Yüksəkixtisaslı miqrant proqramı" təsis olunub. Belə ki, əcnəbilər bilik, bacarıq və təhsil səviyyələrini təqdim etməklə tələb olunan 100 baldan minimum 70-ni topladıqları halda, müvafiq dövlət qurumları tərəfindən onların müraciətləri nəzərdən keçirilir. Proqramın əsas məqsədləri müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda işləməsini təşviq etmək, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirmək, habelə bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizmini formalaşdırmaqdır”, - deyə Vüsal Hüseynov vurğulayıb.
Daha sonra portalın təqdimat mərasimi olub.
Mərasimdə çıxış edən DMX-nin rəisi deyib ki, portal “Uğur hekayəsi üçün Azərbaycana yolunuz” ifadəsinin ingilis dilində qarşılığının abreviaturasını özündə əks etdirən www.pass.gov.az ünvanı ilə təqdim olunur: “Qeyd edək ki, “pass” həm də miqrasiya sahəsində “keçid”, “icazə” mənasını bildirən terminologiya kimi istifadə olunan ifadədir. Portalın Azərbaycan dili ilə yanaşı türk, ingilis və rus dillərində fəaliyyət göstərməsi bu platformanın daha geniş auditoriyaya çıxışını təmin edir, proqramla bağlı məlumatların müxtəlif dillərdə əlçatan olmasına şərait yaradır və yüksəkixtisaslı əcnəbilərin Azərbaycana marağının artırmasına xidmət edir".
Vüsal Hüseynovun sözlərinə görə, portal istifadəçilərə Yüksəkixtisaslı Miqrant Proqramında iştirakla bağlı güzəşətlər, tələblər, qiymətləndirmə meyarları, o cümlədən digər faydalı məlumatlar təqdim edir. "Proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçə, təhsil, iş təcrübəsi, xarici dil bilikləri və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər. Müraciətləri müsbət cavablandırılan və yüksəkixtisaslı miqrant statusu əldə edən əcnəbilərə Azərbaycanda yaşama və əmək fəaliyyəti ilə məşğul olma ilə bağlı bir sıra güzəştlər tətbiq edilir. Portal Azərbaycanda fəaliyyət göstərən sahibkarlara da yeni imkanlar yaradır. İşəgötürənlər qeydiyyatdan keçərək ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislər barədə sorğu edə və məlumatları əldə edə bilərlər", - deyə DMX-nin rəisi diqqətə çatdırıb.
Qeyd edək ki, portalın təqdimat mərasimində aidiyyəti dövlət orqanlarının, işəgötürənlərin, ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin, ali təhsil müəssisələrinin nümayəndələri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin, həmçinin DMX yanında Məşvərət Şurasının, İctimai Şuranın və Miqrant Şurasının üzvləri iştirak ediblər.





