Gömrük-sərhəd buraxılış məntəqələrində xidmət keçən müfəttişlər üçün təlim keçirilir

post-img

Noyabrın 13-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük-sərhəd buraxılış məntəqələrində baytarlıq, fitosanitar və sanitariya nəzarətinin həyata keçirilməsi” mövzusunda təlim təşkil edilib.

XQ xəbər verir ki, ərazi və ixtisaslaşmış gömrük orqanlarında fəaliyyət göstərən 100-dək müfəttişin iştirak etdiyi təlim biliklərin artırılması, risklərin düzgün qiymətləndirilməsi, mövcud normativ-hüquqi aktlara əməl olunması bacarıqlarının inkişafı məqsədilə keçirilib.

Təlimdə “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında” Fərmandan, eləcə də nəzarət tədbirləri tənzimləyən digər qanunvericilik aktlarından irəli gələn məsələlər diqqətə çatdırılıb.

Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri “Baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətinə aid edilən malların idxalı, ixracı və tranziti”, “Sanitariya nəzarətinə aid edilən mallara dair gigiyenik sertifikatların verilməsi qaydası”, “Gigiyenik sertifikatların yoxlanılması”, “Dövlət sərhədindən buraxılış məntəqələrində sanitar-epidemioloji nəzarət” və digər mövzularda təqdimatlarla çıxış ediblər.

Sosial həyat