Kitab mədəniyyətdir, tarixdir, qiymətli xəzinədir, keçmişə nəzər və onu unutdurmamaqdır. Ən böyük dəyəri isə insanları maarifləndirməkdir, öyrətməkdir, dünyadakı yeniliklərlə tanış etmək, ötənlərə güzgü tutmaqdır. Hər insanın evində onun sevdiyi, darıxanda vərəqlədiyi stolüstü kitabları olur. İnsan kitablarla əhatələnmiş toplantıya düşəndə isə özünü xəzinə çeşməsində hiss edir. Məhz Masallıda keçirilən kitab festivalında olduğu kimi.
O gün Masallıda qələbəlik vardı. Hamı rayon icra hakimiyyəti binasının qarşısına doğru tələsirdi. Həmin gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Masallı Kitab Festivalı – 2026”-nın təşkili ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri kimi yadda qalacaq. Masallı Rayon İcra Hakimiyyətinin, MÜTDA-nın, Masallı Rayon Regional Kollecinin və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən kitab festivalı müəllifləri, oxucuları və maarifi bir araya gətirən gözəl mədəniyyət tədbiri olaraq mütaliənin təbliğ edildiyi bir sevgi bayramına çevrildi.
Mərasimin təşkilatçılarından biri – “Regional Hüquqi və İctimai Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova XQ üçün verdiyi açıqlamada bildirdi:
– 30 aprel – 2 may tarixlərini əhatə edən festival Masallı şəhərində yüksək səviyyədə təşkil olunaraq kitabsevərləri, ziyalıları və gəncləri bir araya gətirdi.
İctimai Birlik olaraq bu mötəbər tədbirdə həm təşkilatçı, həm də fəal iştirakçı qismində yer almaqdan qürur duyuruq. Festival çərçivəsində həyata keçirdiyimiz tədbirlər, maarifləndirmə təşəbbüslərimiz və oxucularla qurulan canlı ünsiyyət bir daha təsdiq edir ki, cəmiyyətin inkişafında bilik və savadlılığın artırılması insanların savadlanmasında və dünyaya baxışının dəyişməsində xüsusi önəm daşıyır.
İnanırıq ki, bu kimi genişmiqyaslı tədbirlər gənc nəslin dünyagörüşünün zənginləşməsinə, onların kitaba və elmə marağının artmasına mühüm töhfə verir. Eyni zamanda, festival çərçivəsində müxtəlif fikir mübadilələrinin aparılması, müəlliflərlə görüşlər və müzakirələr cəmiyyətimizdə mütaliə mədəniyyətinin daha da inkişaf etməsinə yardım və xidmət edir.
Təşkilat olaraq gələcəkdə də bu kimi təşəbbüslərin dəstəklənməsində və həyata keçirilməsində fəal iştirak etməyi qarşımıza məqsəd qoyuruq. Hesab edirik ki, kitabın və maarifçiliyin təbliği istiqamətində atılan hər bir addım ölkəmizin intellektual inkişafına verilən dəyərli töhfədir.
Bu əlamətdar tədbirin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara və gələn qonaqlara təşəkkür edir, hər kəsi kitabın işıqlı dünyasına daha sıx bağlanmağa dəvət edirik.
Zərifə BƏŞİRQIZI
XQ





