Müsahibimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevdir
Müsahibimiz 1982–1987-ci illərdə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri olub. 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) təsis edib və indiyədək onun rəhbəridir. Bu media qurumu 1996-cı ildən BMT agentlikləri və aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. BAMF BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) ən yüksək statuslu üzvüdür. Umud Mirzəyev 2012-2016-cı illərdə Beynəlxalq Mətbuat İnstitutu (IPI) direktorlar şurasının, 2013-2017-ci illərdə isə Beynəlxalq Sülh Bürosu (IPB) ali şurasının üzvü olub. Hazırda Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvüdür. İncə ruhlu şeirlər, aktual mövzuda publisistik yazılar müəllifidir.
– Umud müəllim, bugünlərdə xalqımız milli mətbuatımızın əsasının qoyulmasını ümumxalq bayramı kimi qeyd etdi. Ölkə Prezidentinin sərəncamı ilə keçirilən bu yubiley bir neçə ay mediamızda gündəm təşkil etdi. 150 ilin zirvəsindən jurnalistikamızın keçdiyi yol, onun bugünü və sabahı necə göründü?
– Azərbaycan mətbuatı bu gün 150 illik bir tarixin daşıyıcısıdır. Bu tarix təkcə say deyil – burada mübarizə, düşüncə, azadlıq arzusu və milli oyanış var. Mənim mətbuata gəldiyim dövr – 1980-ci illərin əvvəli idi. Bu, hələ sovet ideologiyasının sərt senzura mexanizmləri ilə işlədiyi bir dövr idi. O vaxt jurnalist informasiyanı yox, ideologiyanı ötürürdü. Yəni biz faktın deyil, qəlibin içində fəaliyyət göstərirdik. Amma bütün çətinliklərə baxmayaraq, jurnalistikanın peşəkarlığı və etikası yüksək idi – məsuliyyət və sözə hörmət var idi.
1990-cı illər isə tamamilə başqa bir mərhələ idi – müstəqilliklə birlikdə mətbuat azadlığını da qazandıq. Cəmiyyətin nəfəs almağa, sözünü deməyə ehtiyacı vardı və jurnalistika bu ehtiyacın əsas tribunasına çevrildi. Amma bununla yanaşı, hüquqi bazanın olmaması, iqtisadi qeyri-sabitlik və jurnalistlərin sosial təminatsızlığı bir çox problemləri də özü ilə gətirdi.
2000-ci illərdən etibarən artıq media strukturlaşmağa başladı. Azərbaycan Mətbuat Şurasının yaradılması bu baxımdan dönüş nöqtəsi oldu. Media etikasının təşviqi, “reket jurnalistikası”na qarşı mübarizə, ictimai medianın formalaşması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu mərhələnin əsas meyarları idi.
Son 10–15 ildə isə yeni media reallığı ilə üz-üzəyik. Sosial şəbəkələr, onlayn platformalar, bloqlar informasiya məkanını tamamilə dəyişdi. Bu həm imkanlar yaratdı, həm də problemlər. Dezinformasiya, “klik iqtisadiyyatı”, etik sərhədlərin itməsi… Yəni indi jurnalist təkcə yazı yazan yox, informasiya müharibəsinin döyüşçüsünə çevrilib.
Nəhayət, son 4 onillikdə Azərbaycan mediası senzuralı, ideoloji sistemdən keçərək sərbəst və rəqabətli, amma eyni zamanda çağırışlarla dolu bir informasiya cəmiyyətinə doğru irəlilədi. Biz bu yolda yeni mərhələyə keçməkdəyik: dünya arenasında informasiya savaşına çıxan mübariz jurnalistika yolundayıq. Azad jurnalistikanın dayağı həqiqət, peşəkarlıq və məsuliyyətdir.
– Siz ədəbiyyat sahəsində də kifayət qədər tanınırsınız, AYB-in üzvüsünüz. Bədii yaradıcılıqla jurnalistika arasında fəaliyyəti necə uzlaşdırırsınız?
– Ədəbiyyat və jurnalistika bir-birindən ayrı sahələr kimi görünsə də, əslində, onların ruhu, mahiyyəti və məqsədi çox oxşardır – hər ikisi cəmiyyətlə ünsiyyət, insanla dialoq yaratmaq, zamanın ruhunu ifadə etmək missiyasını daşıyır. Əgər jurnalistika gündəmin və reallığın nəbzini tutmaqdırsa, ədəbiyyat onun daha dərin, daha fəlsəfi və emosional qatlarını təqdim edir. Ədəbiyyat sözə ruh, jurnalistika isə hərəkət verir. Əgər ədəbiyyat insanın daxili aləminə səyahətdirsə, jurnalistika cəmiyyətin nəbzini tutmaqdır. Amma hər ikisində əsas şərt – həqiqətə sədaqət və sözün gücünə inamdır.
Azərbaycanın ədəbiyyat və mətbuat tarixində bu vəhdətin gözəl nümunələri çox olub. Həsən bəy Zərdabidən tutmuş Cəlil Məmmədquluzadəyə, Məmməd Arazdan Elçin Əfəndiyevə qədər – onlar həm ədəbiyyatın, həm də jurnalistikanın yükünü çiyinlərində daşıyan simalar idilər. Jurnalist üçün ədəbi düşüncə tərzi həm dilin estetik istifadəsində, həm də mətnin təsir gücünün artırılmasında mühüm rol oynayır. Ədəbiyyat mənə jurnalistikanın sərhədlərini daha geniş görmək imkanı verib.
– Beynəlxalq Avrasiya Mətbuat Fondu fəaliyyətinizə ictimai-siyasi məzmun da gətirib.
– Bu media qurumu mənim üçün, sadəcə, media sferası deyil – bu, ideyadan doğan, zamanla formalaşan və artıq beynəlxalq miqyasda nüfuz qazanmış bir missiyadır. BAMF-ı 1992-ci ildə təsis edəndə əsas məqsədim informasiya vasitəsilə dialoq qurmaq, münaqişələrin törətdiyi problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq və media diplomatiyasının gücündən sülh naminə istifadə etmək idi. O vaxtlar Azərbaycan ağır bir dönəmdən – müharibə və informasiya blokadasından keçirdi. Bu şəraitdə obyektiv informasiyanın yayılması və Azərbaycanın haqq səsinin çatdırılması həyati əhəmiyyət daşıyırdı.
Bu gün isə BAMF fəaliyyətini çoxşaxəli şəkildə davam etdirir. Əsas missiyamız – sülhün, dialoqun və inkişafın təşviqidir. BAMF-un mühüm fəaliyyət istiqamətlərindən biri də insan hüquqlarının qorunması və ictimai maarifləndirmədir. Fond, eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının inkişafına dəstək göstərir və onların iştirakçılığını gücləndirmək üçün layihələr həyata keçirir.
25 ilə yaxındır ki, mina təhlükəsi ilə mübarizə proqramında yer almışıq və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas QHT tərəfdaşlarından biriyik. Bununla yanaşı, UNESCO, UNICEF, UNDP, UNHCR, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər qurumlarla da əməkdaşlığımız olub. Mən beynəlxalq təmsilçiliyə rəsmi bir diplomat kimi deyil, xalq diplomatı, vətəndaş cəmiyyəti nümayəndəsi, bir jurnalist, bir azərbaycanlı kimi yanaşıram.
Media sahəsində əməkdaşlığımız isə daha genişdir və illərlə qurulan peşəkar etimada söykənir. Əl Cəzirə (Al Jazeera) ilə əməkdaşlığımız xüsusilə münaqişə və post-münaqişə dövründə intensiv olub. Onların müxbir heyətinə sahədə dəstək verməklə yanaşı, yerli jurnalistlər üçün təhlükəsizlik və obyektivlik təlimləri də keçmişik. Bundan əlavə, BBC, CNN, TRT, Deutsche Welle, və digər beynəlxalq media qurumları ilə əməkdaşlığımız olub.
Vətən müharibəsi dövründə jurnalist təhlükəsizliyi məsələsi bizim fəaliyyətimizin əsas prioritetlərindən birinə çevrildi. Hazırda biz işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi maarifləndirici layihələr və koordinasiya mexanizmləri üzərində işləyirik.
– Bugünümüzdə çox aktual olan bir məsələdə – ölkə mediasının dezinformasiyaya qarşı mübarizəsində rəhbərlik etdiyiniz qurumun fəaliyyəti necə qurulub?
– Bugünkü informasiya cəmiyyətində dezinformasiya və saxta xəbərlərin sürətlə yayılması, yalnız jurnalistika üçün deyil, ümumilikdə, ictimai sabitlik, sosial etimad və milli təhlükəsizlik üçün də ciddi təhdid yaradır. BAMF qlobal media forumlarında Azərbaycanın təcrübəsini təqdim etməklə beynəlxalq informasiya təhlükəsizliyi təşəbbüslərinə dəstək verir. “Media və informasiya savadlılığı” anlayışı cəmiyyətə daha geniş formada çatdırmağa çalışırıq. Fondun fəaliyyəti göstərir ki, bu məsələ ilə yalnız jurnalistlər deyil, bütün ictimaiyyət – vətəndaş cəmiyyəti, dövlət və beynəlxalq tərəfdaşlar birlikdə məşğul olmalıdır.
Bu baxımdan yubiley tədbirlərinin zirvəsi olan Şuşa Qlobal Media Forumu artıq təkcə yerli deyil, beynəlxalq media təqviminin də önəmli hadisələrindən birinə çevrilməkdədir. Bu tədbirin bu il Xankəndidə keçirilməsi isə rəmzi baxımdan son dərəcə dərin və anlamlı idi. Çünki uzun illər informasiya müharibəsində erməni təbliğat maşını tərəfindən susdurulmuş, təhrif olunmuş bir coğrafiyada bu dəfə sözün, fikrin, həqiqətin səsi yüksəldi.
Forum göstərdi ki, Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, informasiya suverenliyini də bərpa edib. Bu, sadəcə, texniki tədbir yox, media diplomatiyasının yüksək səviyyəli nümayişi idi. Dünyanın onlarla ölkəsindən gələn media nümayəndələrinin, tanınmış qələm sahiblərinin işğaldan azad olunmuş torpaqlarda bir araya gəlməsi Azərbaycanın qlobal informasiya müstəvisində mövqeyinin möhkəmləndiyinin əyani sübutu və yubileyə önəmli töhfə oldu.
– Maraqlı müsahibə üçün çox sağ olun.
Söhbəti apardı:
Namiq QƏDIMOĞLU
XQ