Fizika İnstitutu – 80
(əvvəli ötən sayımızda)
Kvantlayıcı maqnit sahəsində metal və yarımkeçiricilərdə termomaqnit hadisələrinin kvant nəzəriyyəsi verilmişdir. Kristallarda eksiton hallarının dayanıqsızlığı ilə əlaqədar elektron faza keçidi nəzəriyyəsi işlənib hazırlanmışdır.
Akademik Bəhram Əsgərov güclü kvantlayıcı maqnit sahəsində yarımkeçiricilərdəki termomaqnit effektlərinin nəzəriyyəsini vermişdir. O, yarımkeçiricilərdə kinetik effektlərə həsr olunmuş kompleks tədqiqatlarına görə 1974-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Yarımkeçiricilərdə elektron köçürmə hadisələrinin eksperimental və nəzəri tədqiqatlarının həm klassik, həm də kvant nəzəriyyəsi alimin “Yarımkeçiricilərdə elektron köçürmə hadisələri” (1994, ingilis dilində) monoqrafiyasında öz əksini tapmışdır.
Akademik Firudin Haşımzadənin bilavasitə iştirakı və rəhbərliyi altında bir sıra maqnit kristallarında aşqar atomlarının enerji spektrinin və optik xassələrinin nəzəriyyəsi işlənib hazırlanmışdır. İfrat yarımkeçirici qəfəslərdə elektromaqnit dalğalarının yayılmasının nəzəriyyəsi verilmiş, dar qadağanzolaqlı yarımkeçiricilərdə aşqar və səth hallarının nəzəriyyəsi yaradılmışdır. Kvant çuxurlarda və naqillərdə səpilmə mexanizmləri, siklotron-fonon rezonans udulmasının qanunauyğunluqları müəyyən edilmişdir.
Müxtəlif nəzəri modellər tətbiq olunmaqla A3B5 və A2B6 tipli birləşmələrin sferik kvant nöqtələrində elektronların spektrinin real enerji strukturu hesablanmış, Keyn tipli yarımkeçiricilərdə və nanokristallarda kinetik, optik, termodinamik hadisələrin nəzəriyyəsi qurulmuşdur. Yükdaşıyıcıların və fononların qızmasını və onların qarşılıqlı sövqünü nəzərə almaqla güclü elektrik və maqnit sahələrində yarımkeçiricilərdə və yarımmetallarda qeyri-xətti kinetik hadisələrin nəzəriyyəsi qurulmuşdur. “Antiferromaqnetiklərin optik spektroskopiyası” işinə görə 1986-cı ildə F.Haşımzadə, Y.Seyidov, M.Abdudullayev və V.Yeryomenko Azərbaycan Dövlət mükafatına layiq görülmüşlər.
Bərk cisim nəzəriyyəsi sahəsində elmi əlaqələrin yaranmasında 1962-ci ildə Bakıda yarımkeçiricilərin nəzəriyyəsinə həsr olunmuş və SSRİ-nin nəzəri fizika sahəsində tanınmış bir çox alimlərinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın böyük rolu olmuşdur.
Yarımkeçiricilərin kristal qəfəsində əmələ gələn defektlərin mikrosxemlərin elektrofiziki parametlərinə təsirini və onlarda yaratdığı deqradasiya proseslərini aradan qaldırmaq məqsədilə defektlərin inteqral mikrosxemlərdə deqradasiyası və p-n strukturlarda elektron proseslərə təsirinin mikromexanizmi və xüsusiyyətləri aydınlaşdırılaraq bu hadisələrin qanunauyğunluqları müəyyən edilmişdir. Alınan nəticələr əsasında yarımkeçiricilər fizikasında “P-n strukturlarda elektron proseslərinə defektlərin təsiri” adlı yeni elmi istiqamətin əsası qoyulmuş, elmi fundamentallıq və tətbiq baxımından ciddi problem sayılan dislokasiyanın elektrik aktivliyi və ona aşqar atomlarının təsiri problemi həll edilmişdir.
Təklənmiş dislokasiyanın elektrik aktivliyini təyin etmək üçün üsullar hazırlanmış, metaldielektrik keçidi aşkar edilərək onun modeli verilmiş, p-n strukturların deşilmə gərginliyinin fəza yük qatındakı qeyri-bircinsliliyin yükündən və ölçülərindən asılılığının düsturu alınmışdır. Elektron mikroskopu üsulu ilə mikrosxemlərdə elektroaktiv defektlərin aşkarlanması və onların parametrlərinin təyini üsullarının həssaslığı 100 dəfədən çox artırılmış, mikrosxemlərin istehsalında yararlı məmulatların çıxımını artırmağa imkan verən kontakt yaradılmasının yeni üsulu təklif edilmişdir. İlk dəfə olaraq mis xalkogenidləri əsasında diod quruluşlarında idarə olunan aşırma və yaddaş effektləri müşahidə olunaraq izahı verilmişdir.
XX əsrin 60-cı illərində yarımkeçiricilərin optikası və spektroskopiyası sahəsində yüksək səviyyəli elmi tədqiqat işlərinin aparılması ilə respublikada yeni elmi istiqamət yaranmış və bu elmi istiqamətin inkişafında akad. Eldar Salayevin xüsusi rolu olmuşdur. Fizika İnstitutu ilə REA-nın P.N.Lebedev adına Fizika İnstitutunun birgə apardığı tədqiqatlar göstərdi ki, qallium selen monokristalında lazer effekti müşahidə olunur və həmin birləşmə qeyri-xətti optikada tətbiq olunmaq üçün perspektivli materialdır.
Laylı və almazabənzər kristal quruluşlu yeni yarımkeçirici materiallar alınmış və həmin materiallarda stimullaşdırılmış şüalanma, bərk cism fizikasında yeni obyekt olan elektron-deşik mayesi, ikiölçülü elektron qazının mövcudluğunu sübut edən Holl müqavimətinin kvantlanması aşkar edilmişdir. Üçqat laylı birləşmələr əsasında yeni seqnetoelektrik yarımkeçirici materiallar sinfi alınmış, neytronoqrafik tədqiqatlarla onlarda ortaq ölçüsüz fazaların mövcudluğu göstərilmişdir.
“Mürəkkəb yarımkeçirici birləşmələrin alınması, xassələrinin tədqiqi və onlar əsasında müxtəlif çeviricilərin hazırlanması (termoelektrik, yaddaşlı və aşırma mexanizmli cihazlar, spontan və lazer şüa mənbəi, qəbuledici və modulyatorlar)” sahəsindəki nailiyyətlərinə görə 1972-ci ildə Zərifə Əliyarova, Vadim Antonov, Arif Quliyev, Yədulla Nəsirov, Rəhim Nani, Eldar Salayev və “Yeni yarımkeçiricilər, onların əsasında yaradılan çeviricilərə” aid işlərə görə isə 1976-ci ildə Həsən Hüseynov Azərbaycan Dövlət mükafatına layiq görülmüşlər.
Fizika İnstitutunda müxtəlif elektroaktiv aşqarlar daxil edilmiş germanium-silisium bərk məhlullarında aşqar mərkəzlərinin əsas hallarının enerji spektrinin dəyişməsinin xarakteri, elektrikkeçirmə hadisələri və sərbəst yükdaşıyıcıların Holl faktoru virtual kristal modelinə, qəfəs matrislərində komponentlərin xaotik paylanması isə zona quruluşunun transformasiyasına və Bruskun “xəlitədən səpilmə” nəzəriyyəsinə uyğun gəlməsi göstərilmişdir.
Kinematik elektronoqrafiya üsulu tətbiq olunmaqla A1B6, A3B6 və A3B3C6 birləşmələrinin nazik təbəqələrində qarşılıqlı təsirin, fazaəmələgəlmənin və kristallaşmanın bir sıra qanunauyğunluqları müəyyən edilmişdir.
Yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsasları inkişaf etdirilərək yeni üsullar təklif olunmuş və müxtəlif təyinatlı çeviricilər yaradılmışdır. Bu elmi istiqamətin yaranması və inkişafı akademik Arif Paşayevin adı ilə bağlıdır.
2004-cü ildə akademik A.Paşayev elmi nailiyyətlərinə, kadr hazırlığına və ixtiraçılıq fəaliyyətinə görə Pavlov adına qızıl medala və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına layiq görülmüşdür.
Diffuziya və elektrodiffuziya sahəsində mühüm tədqiqatlar aparılmış, o cümlədən xalkogenid yarımkeçiricilərdə aşqarların miqrasiya mexanizmi aydınlaşdırılmışdır. Bu sahədə aparıcı rolu olan akademik Təyyar Cəfərovun tədqiqatları nəticəsində silisium, germanium, selen, tellur, A1B6, A3B5, A3B6 tipli yarımkeçiricilərdə və yarımkeçirici cihazlarda defektlərin əmələ gəlməsi və aşqar atomlarının diffuziya mexanizmləri müəyyənləşdirilmiş, nəzəri və eksperimental tədqiqatların nəticələri H.Abdullayev və T.Cəfərovun “Yarımkeçirici strukturlarda atom diffuziyası” (1987, ingilis dilində) kitabında öz əksini tapmışdır.
Nadir torpaq və qələvi torpaq elementləri ilə aktivləşdirilmiş üçqat xalkogenid yarımkeçiricilərin fizikası, texnikası və texnologiyasına dair fundamental tədqiqatlar sayəsində xarici amillərin (elektrik sahəsi, elektron dəstəsi, ultrabənövşəyi və rentgen şüaları və s.) təsiri altında görünən oblastda şüalanan yüksək effektivli lüminessent materiallar yaradılmışdır. Yarımkeçiricilərdə elektrolüminessensiya hadisələri ilə bağlı işlər akademik Bahadır Tağıyevin rəhbərliyi altında aparılmışdır. “Xalkogenid və oksid yarımkeçiricilərin elektron rəqs hallarının spektroskopiyası, elektrik və deformasiya sahələrinin təsiri” işlər silsiləsinə görə BDU-nun və Fizika İnstitutunun bir qrup alimi (Azər Zeynalov, Əmrulla Məmmədov, Şərif Əfəndiyev, Kərim Allahverdiyev, Qriqori Belenki, Rauf Süleymanov, B.Tağıyev) 1988-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Akademik Məhəmmədəmin Şahtaxtinskinin bilavasitə rəhbərliyi və iştirakı ilə yeni kompozit materiallar yaradılmış, polimer-pyezoelektrik və polimer-yarımkeçirici kimi nizamsız sistemlərdə piro-pyezoelektrik, elektret, varistor, pozistor, pyezorezistiv, fotoelektret, fotorezistiv, fotovoltaik və elektrolüminessensiya effektlərinin formalaşmasında anizotropluğun aparıcı rolu müəyyən edilmiş və onların əsasında bir sıra cihazlar hazırlanmışdır.
Aşağı temperaturlarda maqnit qavrayıcılığını ölçmək üçün xüsusi qurğu, istilik tutumunun 2÷300K temperatur intervalında ölçülməsinə imkan verən vakuumlu adiabatik kalorimetr və yüksək həssaslığa malik dilatometr qurğuları yaradılmış, onların köməyilə bəzi A3B6 və A2B32C64 tipli birləşmələrin 10÷300K, amorf selenin isə 60÷330K intervalında istilik tutumu və termodinamik parametrləri, bir sıra xalkogenidlər və onların bərk məhlullarının istidən genişlənmə əmsalı tədqiq edilmişdir.
Yeni kalorimetrik üsul əsasında 100-dən artıq yarımkeçirici maddənin termodinamik parametrləri və rabitə enerjisi təyin edilmiş, qadağan zona ilə atomizasiya enerjiləri arasında korrelyasiya müəyyənləşdirilmiş, bu maddələrin alınma texnologiyasının fiziki-kimyəvi əsasları işlənib hazırlanmışdır.
Aşağı temperaturların alınması və bu sahədə aparılan bir sıra tədqiqatlar müxbir üzv İsa Kərimovun adı ilə bağlıdır.
Bir sıra 3d-keçid elementlərinin xalkogenidlərində maqnit nizamlılığının elektrik xassələrinə təsir mexanizmi aydınlaşdırılmış, nüvə qamma-rezonans üsulu ilə ilk dəfə dəmir tərkibli laylı və zəncirvarı birləşmələrdə kvaziaşağıölçülü maqnetiklərə məxsus xassələrin olduğu aşkarlanmış, diamaqnit qalay ionlarının nüvələrində gətirilmiş maqnit sahəsi müşahidə olunmuş, dəmir ionlarının valent halı və elektrik sahələrinin qradiyenti təyin edilmişdir.
Fizika sahəsindəki elmi tədqiqat işlərinin əksərinin nəticələri yeni cihazlar hazırlamağa və onlardan praktikada istifadə etmək üçün təkliflər verməyə imkan yaratmışdır. Belə ki, selen, onun mürəkkəb birləşmələri, müxtəlif şüşəvari yarımkeçirici sistemlər, polimerlər, kompozit materiallar əsasında bir sıra düzləndiricilər, termo və qalvanomaqnit, akustooptik, tenzo-metrik, pyezoelektrik çeviricilər, qalınlıqölçən, pnevmo-tenzo-rezistor kompleksi, günəş elementləri, şüa mənbələri və qəbulediciləri, yaddaş elementləri, spektrin 3-5 mkm və 8-14 mkm oblastı üçün qurğuşun xalkogenidləri və kadmium-civə-tellur bərk məhlullarının epitaksial təbəqələri əsasında termoelektrik soyuduculu fotoqəbuledicilər, spektrin 0,45-1,10 mkm oblastı üçün laylı yarımkeçiricilər əsasında radiasiyayadavamlı termoelektrik soyuduculu fotoqəbuledicilər, bismut-sürmə sisteminin bərk məhlulları əsasında yüksək effektli termo- və maqnitotermoelektrik materiallar və elektron soyuducuları, polyar molekulların spektrlərini geniş tezlik diapazonunda yazmağa və identifikasiya etməyə imkan verən yüksək həssaslıqlı radiospektrometrlər, kiçik enerjili intensiv ion mənbəyi üçün ionların çıxarılmasının yeni plazmooptik sistemi, hermetik optoelektron cihazlarının tam diaqnostikası üçün yeni universal zədəsiz üsulların və əksetdirməyən uducuların hazırlanmasının fiziki əsasları işlənib hazırlanmış, göstərilən material və çeviricilərin təcrübi nümunələri düzəldilib sınaqdan keçirilmişdir.
Kalsium-qallium-kükürdlü yarımkeçirici birləşmələr əsasında sarı, mavi, yaşıl və qırmızı rəngli lüminessent lampaların laborator nümunələri hazırlanmış, bu birləşmələrin tənzimlənən yaşıl rəngli lazerlər, optik rabitə, infraqırmızı şüaların vizuallaşdırılması üçün perspektivli olduğu göstərilmişdir. Fotoelastik material kimi, daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyator hazırlanmışdır.
Optik və akustik dalğaların fotoelastik mühitlərdə qarşılıqlı təsirinə görə, müasir analoqlara nisbətən daha dərin modulyasiya indeksi və xətti modulyasiya xarakteristikası almağa imkan verən düzbucaqlı impulslar ardıcıllığının eninə impuls modulyasiyasının akustooptik üsulu verilmiş və bu üsulu reallaşdıran qurğunun mərkəzi tezlikləri 56 MHs və 80 MHs olan paralel təsirli akustooptik panoram qəbuledicisinin maketi hazırlanmışdır. Aktiv kompozitlər əsasında çoxfunksiyalı çeviricilərin fiziki-texnoloji əsasları işlənmiş, vibro və seysmoçeviricilər, elektroakustik, optoakustik çeviricilər, hidroakustik qəbuledici-verici antenalar, Korotkov ton çeviriciləri hazırlanaraq tətbiq üçün bir sıra müəssisələrə təqdim edilmişdir.
Akademik Cavad Abdinovun rəhbərliyi ilə SSRİ-də ilk dəfə olaraq elektron soyuduculu xüsusi təyinatlı fotoqəbuledicilərin seriyalı istehsalı təşkil olunmuş, həmin fotoqəbuledicilər Moskva şəhərindəki Kurçatov adına Atom Enerjisi İnstitutunda idarə olunan termonüvə sintez aparatında yüksək temperaturlu plazmanın sıxlıq funksiyasına nəzarət qurğusunda, lazer rabitəsi və məsafədən ölçmədə, Yerin təbii sərvətlərini tədqiq edən “Kosmos” seriyalı aparatlarda, Mars planeti və onun Fobos peykinin səthini tədqiq edən “Fobos” avtomatik stansiyasında, yerüstü qurğuları və minalanmış sahələri aşkar edən pilotsuz aparatlarda, Moskva şəhərinin ilk istilik xəritəsinin çıxarılması və Türkiyə Respublikasında təyyarədən xəritə çəkilişində istifadə edilmişdir. Bu fotoqəbuledicilər vasitəsilə ilk olaraq Marsın əks tərəfinin istilik xəritəsi çıxarılmışdır. “Geniş tətbiq olunan elektron cihazlarının istehsal texnologiyasının və konstruksiyalarının elmi əsaslarının işlənib hazırlanması” işinə görə Cavad Abdinov, Kamal Əhmədzadə, Emil Hüseynov, Çingiz Qacar, Fikrət İsmayılov, Kamran Əliyev, Emin Əliyev 1982-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşlər.
İlk dəfə kosmik peykdə çəkisizlik şəraitində bir sıra yarımkeçirici bərk məhlulların monokristalları alınmışdır. A2B6 tipli birləşmələrin nazik təbəqələrində aşqarların diffuziyasına lazer şüaları ilə təsir edərək yüksək effektivli fotoçeviricilər və detektorlar hazırlanmışdır.
Metal-məsaməli silisium əsasında Şottki diodlarında nəmlik-voltaik effekti müşahidə edilmiş, onun fiziki mexanizmi aydınlaşdırılmış və bunların əsasında çox həssas rütubət göstəriciləri, hidrogen və karbon qazı sensorları və hidrogen minibatareyaları, laylı mürəkkəb yarımkeçiricilər əsasında isə rentgen və qamma şüaları detektorları, yüksək həssaslıqlı tenzovericilər hazırlanmışdır.
AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində selen diodlarında heterokeçidin yaranması və onun yaranma mexanizmi, selendə taraz və qeyri-taraz elektron proseslərinin mexanizmi, selen əsasında şüşəvari sistemlərin fiziki xassələrində yaxın və orta nizam quruluşunun rolu və onun mexanizmi müəyyənləşdirilmişdir.
Fizika İnstitutunda ötən əsrin 50-ci illərindən başlayaraq akademik Lətif İmanovun rəhbərliyi altında təşkil olunmuş radiofizika laboratoriyasında maddənin həm qaz, həm də maye halı molekulyar səviyyədə öyrənilmişdir. Sonradan bu elmi istiqamət akademik Çingiz Qacar tərəfindən davam etdirilmişdir. Qaz radiospektroskopiyası üsulu ilə molekulun quruluşu və dayanıqlı konformer formalarının təsdiqi, dipol momenti, daxili hərəkət parametrlərinin təyini üzrə alınan nəticələr kimyəvi rabitə nəzəriyyəsinin inkişafına təkan verən dəyərli tədqiqatlar kimi dünya elmi ədəbiyyatına daxil edilmişdir. İlk dəfə propil spirti molekulunun üç ekvivalent olmayan rotomer halda olduğu təsdiq edilmişdir.
Etil və izopropil spirti molekullarının 20 mindən çox udulma xətlərinin rezonans tezlikləri yüksək dəqiqliklə ölçülərək onların enerji parametrləri hesablanmış, spektral kataloqları hazırlanmış, molekulların fotohəyəcanlanmasının ən yüksək effektivlik şərti müəyyənləşdirilib təcrübədə istifadə üçün təklif edilmişdir. Mayedə molekulyar və submolekulyar səviyyədə baş verən proseslərə əsaslanaraq maddənin halını mikroskopik səviyyədə müəyyən edən nəzəriyyə hazırlanmış, yaradılan yeni ölçü üsulları ilə maddənin dielektrik xassələri daha geniş intervalda öyrənilmiş, dielektrik relaksasiyası ilə maddənin quruluşu arasında sıx əlaqənin olması aşkar edilmişdir.
Bu illərdə Fizika İnstitutunun “Molekulyar spektroskopiya” laboratoriyasında müxtəlif mürəkkəb üzvü molekullar və onların sərbəst radikallarının lüminessensiya spektrlərinin tədqiqi ilə də məşqul olunurdu. Bu işlər əsasən prof. Xasay Məmmədovun rəhbərliyi ilə aparılırdı. Bu sahədə müxtəlif sinif üzvü birləşmələrin sərbəst radikallarının elektron keçidlərinin enerjisi, əsas və həyəcanlanmış elektron hallarının rəqsi tezlikləri təyin edilmişdir.
Tədqiq olunan radikalların matrisada elektron-rəqsi spektral quruluşunun dəyişməsinin onun dayanıqlı konfiqurasiya formasının stabilləşməsi ilə əlaqəli olduğu göstərilmişdir. Normal parafin matrisalarında dondurulmuş mürəkkəb aromatik molekullarda fotokomyəvi proseslərin kinetikası öyrənilmiş, geniş temperatur intervalında polimorf çevrilmələr müəyyənləşdirilmişdir.
Elementar zərrəciklər və nüvə fizikası sahəsindəki nəzəri tədqiqatlarda aksiomatik, simmetriya və cəbri yanaşmalar geniş tətbiq olunmuş və inkişaf etdirilmişdir. Fəzanın mikroskopik strukturunu (həndəsəsini) xarakterizə edən fundamental uzunluğun varlığı fərziyyəsinə əsaslanan qeyri-lokal kvantlanmış sahə nəzəriyyəsi qurulmuşdur.
Bu nəzəriyyədə impuls təsvirində sabit əyriliyə malik 4 ölçülü fəza reallaşır və lokal kvant sahə nəzəriyyəsinin bütün aksiomları ödənilir. İmpuls təsviri quruluşunun nəticəsi kimi, ifrat yüksək enerjilərdə elementar zərrəciklərin səpilmə kəsikləri üçün konkret davranışlar qabaqcadan xəbər verilmişdir. İxtiyari spinli kvant sahələri üçün işıq konusu üzərində relyativistik kovariant Hamilton nəzəriyyəsi inkişaf etdirilmiş, S-matris üçün unitarlıq şərti və səbəbiyyət prinsipi ifadə olunmuşdur. Kovariant 3 ölçülü diaqram texnikası və dərin qeyri-elastiki lepton-adron səpilmə proseslərini təsvir edən ümumi formalizm təklif edilmişdir.
Alınan nəticələr elmi ədəbiyyatda öz təsdiqini tapmışdır. Relyativistik səpilmə amplitudu və ikizərrəcikli dalğa funksiyası üçün kvazipotensial tipli tənliklər alınmışdır. Qeyri-relyativistik kvant mexanikasının bir sıra mühüm xassələrini özündə saxlayan və relyativistik konfiqurasiya fəzasında dalğa funksiyası sonlu-fərq tənliyini ödəyən kvant sahə nəzəriyyəsində kvazipotensial yanaşma əsasında relyativistik kvant mexanikasının sonlu-fərq variantı inkişaf etdirilmişdir. Relyativistik kvant mexanikası çərçivəsində səpilmə nəzəriyyəsi və kvant mexanikasında istifadə olunan yaxınlaşmaların analoqları qurulmuş, kəsilməz analizin mühüm funksiyalarının sonlu-fərq analoqları alınmışdır.
Sonlu-fərq tənliklərinin xassələrinə əsaslanaraq, kvantların konfaynment (tutulub saxlanma) mexanizmi təklif olunmuşdur.
Geniş tətbiqə malik bir çox dinamik sistemlərin dəqiq həll olunan sonlu-fərq modelləri qurulmuş və tədqiq olunmuşdur. Onların dalğa funksiyaları, enerji spektrləri və dinamik simmetriya qrupları tapılmış, koherent halları, stasionar və termodinamik tarazlıq hallarının Viqner paylanma funksiyaları təyin olunmuşdur. Faktorlaşma, o cümlədən q-faktorlaşma üsulunun köməyilə q-harmonik ossilyatorun müxtəlif modelləri qurulmuş və tədqiq edilmişdir.
Asılı olmayan q-kommutator anlayışı daxil edilmiş, Heyzenberq-Veyl cəbrinin q-analoqunun sonlu-fərq operatorları ilə reallaşdırılmışdır. Klassik və q-ortoqonal çoxhədlilər sinfinin tədqiqi üzrə də sanballı nəticələr əldə edilmişdir. Belə ki, q-ortoqonal çoxhədlilər sinfi üçün ortoqonallıq şərtinin bütün ədəd oxunda sadə və yeni forması alınmış, çoxhədlilər arasında Furye çevirməsinin köməyilə müxtəlif əlaqələr tapılmış, ortoqonal çoxhədlilərin yeni sinfi daxil edilmişdir. Sadalanan elmi nəticələr müxbir üzv Rüfət Mirqasımovun rəhbərliyi ilə aparılmışdır.
Akademik Nəriman Quliyevin rəhbərliyi ilə elektrozəif qarşılıqlı təsirin standart və supersimmetrik genişləndirilmiş nəzəriyyələrinin müxtəlif modelləri təklif olunmuşdur. Bu modellər çərçivəsində lepton-lepton, lepton-adron, foton-lepton, foton-adron və foton-foton səpilmə prosesləri və skalyar Hiqqs bozonları ilə bağlı effektlər tədqiq edilmişdir. Elektron-nuklon dərin qeyri-elastiki toqquşma hadisələri üçün yüksək tərtibli kvant elektrodinamik düzəlişlər müəyyən edilmişdir.
Yeni sürətləndiricilərə aid layihələr ətraflı təhlil edilmiş və tək nüvələrdə polyarlaşma effektlərinin öyrənilməsi kollektiv nüvə hallarının xassələrini təsvir edən modellər qurmağa imkan vermişdir. Göstərilmişdir ki, deformasiya olunmuş cüt nüvələrdə spin qarşılıqlı təsirləri monopol həyəcanlanmaların yeni kollektiv qolunu yaradır.
Onlar təcrübədə müşahidə olunan maqnit dipol və Qamov-Teller rezonanslarının yaranmasının səbəbkarıdır. Harmonik analiz əsasında spiral səpilmə amplitudunun Lorents qrupunun təsvirləri üzrə sıraya ayrılışı alınmışdır. Bu, kinematik məxsusiyyətləri ayırmağa və böyük enerjilərdə səpilmə amplitudunun modelini qurmağa imkan vermişdir. Kvaziortoqonal SO (p, q) (p ≥ q = 1, 2, 3...) qrupunun invariantlarının nəzəriyyəsi inkişaf etdirilmiş, ixtiyari spin üçün requlyarlaşma üsulu işlənib hazırlanmışdır.
(ardı var)
Arif HƏŞİMOV,
AMEA-nın həqiqi üzvü,
Səlimə MEHDİYEVA,
AMEA-nın müxbir üzvü