AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Çin Xalq Respublikasının Çendu və Şençjen şəhərlərində “İnkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi sahəsində standartlaşdırmanın gücləndirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.

AZSTAND-dan XQ-yə bildirilib ki, Çin Xalq Respublikası Ticarət Nazirliyi, Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası, Beynəlxalq Rəsmi Şəxslər üçün Akademiya (AIBO) və Çendu Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarın məqsədi Çin və inkişaf etməkdə olan ölkələr arasında iqlim dəyişikliyinə uyğunlaşmanın artırılması və əməkdaşlığın təşviq edilməsindən ibarətdir.

Seminar zamanı Çinin yaşıl məhsul sertifikatlaşdırma sistemi və inkişaf etməkdə olan ölkələrdə iqlimə uyğunlaşma imkanlarını asanlaşdıran “Bir kəmər və bir yol təşəbbüsü”, iqlim dəyişikliyi sahəsində tətbiq edilən avtomobil standartları, plastik materialların əvəzlənməsi üçün bambu məhsullarının istehsalının artırılması, beynəlxalq standartlaşdırmanın əsasları və inkişaf strategiyaları barədə məlumat verilib. Həmçinin karbon izi etiketinin sertifikasiyası üzrə pilot layihə, iqlim dəyişikliyinə adaptasiya ilə bağlı qaydalar, texniki standartlaşdırma sistemi və beynəlxalq əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bundan əlavə, iqlim dəyişikliyi sahəsində texnologiyaların təsnifatı, xüsusiyyətləri, hazırkı inkişaf vəziyyəti və tətbiq olunan standartlar barədə fikir mübadiləsi aparılıb.

Seminarın praktiki hissəsi sual-cavab sessiyası ilə davam etdirilib, sonda iştirakçılara sertifikatlar təqdim olunub.

İqtisadiyyat