Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 6-10 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb.
XQ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində və 4 rayonun (şəhər) 72 ailə təsərrüfatında müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.
Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.

