Görkəmli alim, oftalmoloq, akademik Zərifə xanım Əliyeva peşəkar elmi tədqiqatları ilə yanaşı aktiv sosial-ictimai xeyriyyəçilik fəaliyyəti ilə də Azərbaycan elmi mühitində dərin hörmət qazanmış, bütövlükdə geniş ictimaiyyətin qəlbində taxt qurmuşdur. Zərifə xanımın həyat yoluna nəzər salarkən 3 istiqamət diqqəti cəlb edir: elmi fəaliyyət, sosial-ictimai fəaliyyət və ailə dəyərlərinin qorunması.
Elmin zirvəsinə aparan yol
Azərbaycanda elmin inkişafında mühüm rol oynamış, xüsusilə tibb elminə dəyərli töhfələr vermiş Zərifə xanım Əliyevanı elmin zirvəsinə aparan həyat yolu 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində dünyaya göz açması ilə başlamış Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyünədək zəhmətli, əzmli və şərəfli bir yol keçmişdir. Bu yolun hər mərhələsinin gərgin zəhmətlə, eyni zamanda pillə-pillə, sistemli və ardıcıl şəkildə bir-birini tamamlamladığı böyük alimin elmi bioqrafiyasında aydın şəkildə izlənilir. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Zərifə xanım Əliyeva 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası bu xəstəliyin yayılmasının qarşısını almışdır. Təsadüfi deyil ki, Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlı olmuşdur. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər doktoru dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş və ölkəmizin bu xəstəlikdən xilas olmasında mühüm rol oynamışdır. 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı, daha sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunduğu vaxtlarda elmi fəaliyyətini uğurla davam etdirmişdir. Çoxillik gərgin elmi fəaliyyətinin məhsulu olan dissertasiyasını müdafiə etdikdən sonra 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəlliflərindən olan görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bu, Zərifə xanımın inklüziv fəaliyyətinin sadəcə bir istiqamətinin – elmi yaradıcılığının uğurlu nəticəsini əks etdirirdi.
Sosial-ictimai fəaliyyətin xeyirxahlıq zirvəsi
Zərifə xanımın həyatının böyük bir hissəsi sosial-ictimai fəaliyyətlə bağlı olmuşdur. Xeyirxahlıq, yardımsevərlik bu fəaliyyətin başlıca qayəsi olmuşdur. Bu amal ilk növbədə kimsəsiz uşaqlar arasında traxoma xəstəliyinin qarşısının alınmasında göstərdiyi xidmətlərdə özünü biruzə verirdi. Onun elmi fəaliyyəti tədqiqat institutlarında kabinet və laboratoriya çalışmaları ilə məhdudlaşmırdı, praktik həyata tətbiq olunmaqla sosial baxımdan böyük dəyərə çevrilirdi. Uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlara göstərdiyi daimi şəfqət, respublikanın bütün bölgələrini gəzərək müalicə-profilaktik tədbirləri davamlı olaraq həyata keçirməsi böyük alimin inklüziv mərhəmət və xeyirxahlıq addımlarının sadəcə bir qismi idi. Ümumi mənzərədən baxıldıqda isə görkəmli akademik elm-tibbi tədqiqatlarından əldə edilmiş nəticələri sosial-ictimai həyata tətbiq etməklə, elmin cəmiyyətə xidmət etdiyinin örnək formulunu yaratmış, onun kitablardan real həyata təsirinin xeyriyyəçilik modelini göstərmişdir. Qeyd etmək yerinə düşər ki, müasir dünyamızın ən çox ehtiyacı olan da məhz belə bir fəlsəfədir- elmin nəticələrinin cəmiyyətin inkişafına, təbiətin xilasına yönəldilməsi. Bu baxımdan böyük alimin elmi və sosial-ictimai fəaliyyəti, elmin-tibbin yeniliklərindən insanlara yardım üçün, yalnız xəstəliklərin aradan qaldırılması üçün istifadə etməsi və bunu xüsusi olaraq da kimsəsiz uşaqlar üçün daha çox tətbiq etməsi gələcəyimiz üçün sağlam nəsilin inkişafına yönəlmiş sosial-ictimai xeyirxahlığın parlaq nümunəsi idi.
Təbii ki, böyük alimin belə xeyirxah ictimai fəaliyyəti geniş hörmət qazanmış, nəticə olaraq da bu sahədə də mühüm vəzifələrə irəli çəkilmişdir. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. Bütün bu geniş fəaliyyətlə yanaşı, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Onun göstərdiyi ictimai fəaliyyətin nəticəsi olaraq bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Bütün bu yüksək dərəcə və fəxri adlar, əldə edilən uğurlar, göstərdiyi dəstək və xeyirxahlıqlar bu dəyərli elmi, ictimai xadim və əsil ziyalının xarakterindəki sadəlik və mehribanlıqla daha da zənginləşərək onu tanıyanların dərin ehtiramına yol açmışdır.
Ailə dəyərlərinin yüksək tərənnümü
Ailə dəyərləri Zərifə xanımın həyatının ən vacib meyarları olaraq qorunmuşdur. Onun yüksək insani keyfiyyətlərini ifadə edərək Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”
Zərifə xanımın fəaliyyət istiqamətlərindən hər biri Azərbaycan elminə, mədəniyyətinə və mənəvi irsinə xüsusi töhfə vermişdir. Bu töhfənin ən səmimi, lakonik ifadəsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən deyilən fikirlərdə ifadə olunmuşdur: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
Beləliklə, görkəmli akademik Zərifə xanımın zəngin və çoxşaxəli fəaliyyətinə sadəcə üç aspektdən baxıldıqda belə elmin, sosial-ictimai xeyirxahlığın və ailə dəyərlərinin zərif zirvəsini görmək çətin deyil. Bu istiqamətlərin hər birində humanizm dəyərləri qırmızı xətlə keçir. Bu baxımdan Zərifə xanımın həyat və fəaliyyəti elmi yaradıcılıq, sosial-ictimai fəaliyyət və ailə dəyərlərinin paralel şəkildə inkişafının milli və qlobal əhəmiyyət daşıyan ən gözəl nümunəsidir.
Zeynəb Quliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi
Tarix elmləri doktoru, YAP Naxçıvan Şəhər Təşkilatının
AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri

