Nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edilməlidir. Papa XIV Leo bunu Çernobıl fəlakətinin 40-cı ildönümündə elan edib. Roma Katolik Kilsəsinin rəhbəri Vatikandakı Apostol sarayının pəncərəsindən Müqəddəs Pyotr meydanında toplaşan dindarlara müraciət edib.
Məlumatı “Euronews” verib.
Papa Leo deyib: “Bu gün bəşəriyyətin vicdanında silinməz iz buraxan faciəli Çernobıl qəzasının 40-cı ildönümüdür. Bu, getdikcə daha güclü texnologiyaların istifadəsi ilə bağlı risklər barədə xəbərdarlıq kimi xidmət etməyə davam edir. Qurbanları və hələ də nəticələrdən əziyyət çəkən hər kəsi Allahın mərhəmətinə əmanət edirik. Ümid edirəm ki, qərar qəbuletmənin bütün səviyyələrində ehtiyatlılıq və məsuliyyət həmişə üstünlük təşkil edəcək. Nüvə enerjisindən bütün istifadə həyata və sülhə xidmət etsin”.
Papa öz moizəsində dindarları “yer üzünün sərvətlərini talan etməklə, qanlı müharibələri qızışdırmaqla və ya hər hansı bir formada şər yaratmaqla hamımızı dinc və sakit bir gələcəyin imkanından məhrum edən o “oğruları unutmamağa” çağırıb.
P.ƏMİRCANOV
XQ

