Putin Kazanda Hakan Fidanla görüşüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Prezidenti Vladimir Putin bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Məlumatı “Anadolu” yayıb. 

Diplomatik mənbələrdən verilən məlumata görə, görüş Kazandakı Qaliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrında baş tutub. Görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak ediblər.

Kremlin məlumatına görə, Prezident Putin deyib: “Sizi görməyimə çox şadam. Rusiyaya xoş gəlmisiniz. Bilirəm ki, Moskvada təkcə həmkarınız S.Lavrovla deyil, həm də geniş qurumların nümayəndələri ilə bir sıra görüşləriniz və faydalı əlaqələriniz olub”. 

Dövlət başçısı Rusiya ilə Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib: “Biz bundan çox məmnunuq. Əlaqələrimiz artıq çoxdan sırf rəsmi xarakter daşımır; onlar həqiqətən də dostcasına, yeni mənalarla doludur -  əsasən, ilk növbədə, Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğanın tutduğu mövqe sayəsində. Xahiş edirik, ona ən xoş arzularımızı çatdırın və biz onu ölkəmizdə görməkdən həmişə məmnunuq”.

Hakan Fidan da, öz növbəsində prezidentin sıx qrafikinə baxmayaraq, qəbul üçün Vladimir Putinə təşəkkür edib, Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını çatdırıb və regionda və dünyada beynəlxalq gündəmin çox dinamik olduğunu qeyd edib: “Bu baxımdan sizin təcrübəniz son dərəcə dəyərlidir. Müzakirə etməli olduğumuz bir çox məsələ var”.

P.ƏMİRCANOV
XQ

Dünya