“Təmiz idman praktikada” adlı beynəlxalq forum

post-img

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Test Agentliyi, Milli Antidopinq Təşkilatları İnstitutu və Ümumdünya Antidopinq Alimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Təmiz idman praktikada” adlı beynəlxalq forum keçirilib. 

Beynəlxalq məclisdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.

AMADA-dan verilən məlumata görə, forum qlobal antidopinq sisteminin müxtəlif istiqamətlərini təmsil edən 350-dən artıq aparıcı mütəxəssisi bir araya toplayıb. Mərasim antidopinq fəaliyyətinin keyfiyyətinin və effektivliyinin artırılması, əməliyyat təcrübəsinin paylaşılması və təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb. Plenar sessiyalar və interaktiv müzakirələr çərçivəsində test strategiyaları, proqramların koordinasiyası, nəticələrin idarə olunması, elmi yeniliklər və rəqəmsal alətlər kimi sahələr üzrə praktiki yanaşmalar müzakirə edilib.

Mərasim beynəlxalq federasiyalar, milli və regional antidopinq təşkilatları, laboratoriyalar, böyük idman yarışlarının təşkilatçıları, elmi institutlar və digər maraqlı tərəflər arasında bilik mübadiləsi üçün platforma rolunu oynayıb. Bu müxtəliflik fərqli resurs və imkanlara malik qurumların ümumi problemlərini müzakirə və təcrübələri müqayisə etməyə, habelə tətbiq edilə bilən həll yolları formalaşdırmağa şərait yaradıb. 

Forumda əsas müzakirə mövzularından biri 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqində iştirak edən qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və yanaşmaların uyğunlaşdırılması olub. Müzakirələr göstərib ki, müxtəlif ölkə və təşkilatlarda fəaliyyət şəraiti fərqli olsa da, qarşıya çıxan çətinliklər oxşardır və bu problemlərin həlli üçün birgə yanaşmaların formalaşdırılması qlobal antidopinq sisteminin dayanıqlığını artırır. 

Forumun yekununda vurğulanıb ki, təmiz idmanın qorunması üçün koordinasiyalı fəaliyyət, qarşılıqlı dəstək və praktik bilik mübadiləsi həlledici əhəmiyyət daşıyır. İştirakçılar ortaq problemlərin paylaşılması və birgə həllərin hazırlanmasının qlobal antidopinq sisteminin daha effektiv və ardıcıl tətbiqinə xidmət etdiyini qeyd ediblər.

Qabil YUSİFOĞLU
XQ







Sosial həyat