BMT: Mütəşəkkil cinayətkarlıq qlobal təhlükəyə çevrilib

post-img

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) yeni analitik hesabat təqdim edib. AZƏRTAC xəbər verir ki, hesabatda transmilli mütəşəkkil cinayətkarlığın müasir dövrün ən mürəkkəb və sürətlə inkişaf edən təhlükələrindən birinə çevrildiyi göstərilir. Qloballaşma, rəqəmsal texnologiyalar və geosiyasi qeyri-sabitliyin artması nəticəsində cinayətkar şəbəkələr daha çoxşaxəli, çevik və izlənməsi çətin hala gəlib.

Mafiyalardan kiberkartellərə qədər

Hesabatda transmilli mütəşəkkil cinayətkarlıq maliyyə və ya digər maddi mənfəət əldə etmək məqsədilə milli sərhədləri aşan, ciddi xarakterli fəaliyyətlərlə məşğul olan qrupların fəaliyyəti kimi müəyyən olunur. Bu gün bu sahəyə çoxsaylı oyunçular cəlb olunub – mafiyalar, klanlar, narkokartellər, kibercinayətkar şəbəkələr, silahlı birləşmələr və hətta qəsdən və ya təsadüfən qeyri-qanuni təchizat zəncirlərində iştirak edən qanuni şirkətlər.

Bəzi qruplar, məsələn, küçə qruplaşmaları, yerli səviyyədə fəaliyyət göstərir, digərləri, məsələn, “Kompania Bello” adlı cinayətkar şəbəkə üç qitədə filiallara malikdir. Klassik mafioz strukturlar, məsələn, “Cosa Nostra”, hələ də iyerarxik modelə əsaslanır, Qərbi Afrikadakı kibercinayətkar qruplar horizontal formatda işləyir. Burada hüquqşünaslar və maliyyəçilər də daxil olmaqla peşəkarlar, brokerlər və vasitəçilər birləşərək gəlirlərin yuyulmasına və qanuni iqtisadiyyata sızmağa yardım edirlər.

Münaqişələr cinayətkar şəbəkələrin qidalandığı mühitə çevrilir

UNODC-nin məlumatına görə, silahlı münaqişələr qeyri-qanuni bazarları təkcə dağıtmır, həm də onlar üçün münbit şərait yaradır. Məsələn, Rusiya–Ukrayna müharibəsi narkotik ticarətinin ənənəvi marşrutlarını pozsa da, eyni zamanda onlayn fırıldaqçılıq halları artıb.

Sahel ölkələrində cinayətkar qruplar silahlı birləşmələri yanacaq qaçaqmalçılığı vasitəsilə təmin edir, Konqo Demokratik Respublikasının şərqində isə silahlı dəstələr qeyri-qanuni qızıl hasilatı və ixracından gəlir əldə edirlər. Bəzi münaqişələr, o cümlədən Afrikada, Cənub-Şərqi Asiyada və Latın Amerikasında məhz qaçaqmalçılıq marşrutlarına və qızıl mədənlərinə nəzarət uğrunda mübarizədən qaynaqlanır.

Nəticədə mütəşəkkil cinayətkarlıq yalnız zorakılığı artırmır, həm də dövlətlərə inamı sarsıdır, korrupsiyanı təşviq edir və hüququn aliliyi prinsipini zədələyir.

Bundan əlavə, Şərqi Avropadan qaynaqlanan kibercinayətkarlığın artdığı qeyd olunur. Ayrı-ayrı qruplar transmilli şəbəkələrlə sıx əməkdaşlıq edərək onlayn dələduzluq, maliyyə fırıldaqları və şantajla məşğul olur, süni intellekt və kriptovalyutalardan istifadə edirlər.

Kölgə hakimiyyəti: cinayətkar idarəçilik

Bir çox cinayətkar qrup müəyyən əraziləri nəzarət altına alaraq orada “cinayətkar idarəçilik” sistemi yaradırlar. Onlar ya zorakılıq və qorxutma vasitəsilə hökmranlıq edir, ya da əhali arasında “loyallıq” qazanmaq üçün iş yerləri ilə təmin edir, yaxud dövlət nəzarətinin zəif olduğu bölgələrdə “nizam-intizam” yaradırlar.

Latın Amerikasında bu cür “kölgə hakimiyyəti” açıq şəkildə müşahidə olunur, digər regionlarda isə daha gizli formada fəaliyyət göstərsə də, eyni dərəcədə dağıdıcı təsirə malikdir. Belə yerlərdə qeyri-qanuni iqtisadiyyat qısamüddətli qazanc gətirsə də, uzunmüddətli perspektivdə ictimai resursları tükəndirir və bərabərsizliyi dərinləşdirir.

Bəzi cinayətkar şəbəkələr həbsxanalara sızaraq onları əməliyyatların idarə mərkəzinə çevirir, digərləri isə limanlara və logistika qovşaqlarına nəzarət edir, bu da qaçaqmalların daşınmasına və gəlirlərin yuyulmasına nəzarət imkanı yaradır.

Qaçaqmalçılıq – əsas gəlir mənbəyi

Qeyri-qanuni malların və xidmətlərin ticarəti cinayətkar şəbəkələrin əsas gəlir sahəsi olaraq qalır. Buraya narkotiklər, silahlar, insanlar, yanacaq, qızıl, ağac və vəhşi heyvanlar daxildir. Narkotik ticarəti hələ də qlobal cinayətkar iqtisadiyyatın təməlini təşkil edir, baxmayaraq ki, təchizat zəncirləri getdikcə daha çox parçalanır.

Müxtəlif qruplar becərmə və emaldan tutmuş logistika və satışa qədər bu zəncirin müxtəlif mərhələlərində ixtisaslaşıb və bu zaman müvəqqəti tərəfdaşlıqlar formalaşdırır.

Qaçaqçılar dəyişən şəraitə uğurla uyğunlaşırlar. Sahel bölgəsində subsidiyalar fərqinə görə yanacaq qaçaqmalçılığı artıb, qızılın qlobal qiymətlərinin yüksəlməsi isə qeyri-qanuni hasilat və ixracı stimullaşdırıb. Beynəlxalq sanksiyalar da yeni qaçaqmalçılıq kanallarının yaranmasına səbəb olub.

UNODC-nin qiymətləndirməsinə görə, kokain və tiryək xaşxaşı plantasiyaları genişlənməkdə davam edir, belə ki, 2023-cü ilə qədər kokain kokain istehsalı rekord səviyyəyə çatıb, Əfqanıstan və Myanmar isə hələ də opiumun ən iri istehsalçıları olaraq qalır.

Yeni texnologiyalar və süni intellekt

İnternet fırıldaqları çoxmilyardlıq sənayeyə çevrilib: Cənub-Şərqi Asiya, Şərqi Avropa və Afrika mənşəli iri cinayətkar qruplar fiziki və virtual “aldatma mərkəzləri”ni idarə edirlər.

Fırıldaqçılar getdikcə daha çox süni intellektdən istifadə edərək vətəndaşları və şirkətləri aldatmaq üçün inandırıcı sxemlər yaradırlar. Onlayn qumar və kriptovalyuta əməliyyatlarının genişlənməsi isə pul yuyulmasını asanlaşdırır.

Mekonq bölgəsində kazino və virtual aktivlər sənayesi transmilli cinayətkar şəbəkələrin “pul yuma” əməliyyatları üçün əsas platformalardan birinə çevrilib.

Zorakılığın ölümcül miqyası

UNODC-nin hesablamalarına görə, 2000–2023-cü illər arasında mütəşəkkil cinayətkarlıq hər il təxminən 95 min insanın həyatına son qoyub və bu göstərici silahlı münaqişələrdə ölənlərin sayı ilə eynidir.

Latın Amerikası və Karib hövzəsi ən təhlükəli region olaraq qalır. 2023-cü ildə burada qəsdən adamöldürmə hallarının göstəricisi hər 100 min nəfərə 19,7 nəfər olub, Sahelin cənubundakı Afrikada isə bu göstərici 11,9 təşkil edib. Dünyada bütün qəsdən qətllərin təxminən 22 faizi cinayətkar qrupların fəaliyyəti ilə əlaqədardır, Amerikada isə bu göstərici 50 faizə çatır.

Zorakılıq təkcə rəqiblərə və ya hakimiyyətə deyil, həm də jurnalistlər, hüquq müdafiəçiləri və sahibkarlar daxil olmaqla, vətəndaş cəmiyyətinə yönəlir. 2020–2022-ci illərdə təxminən 200 jurnalist öldürülüb, onların 20 faizi cinayətkarlıqla bağlı araşdırmalara görə hədəfə alınıb.

İqtisadi və sosial itkilər

Cinayətkar şəbəkələrin fəaliyyəti iqtisadiyyatı zəiflədir, investisiyaları və dayanıqlı inkişafı əngəlləyir. Latın Amerikasının bir sıra ölkələrində kokain ticarətindən əldə edilən qeyri-qanuni maliyyə axınları bütün aqrar ixracın dəyəri ilə müqayisə olunur.

Qərbi Afrikanın bəzi ölkələrində isə qeyri-qanuni qızıl hasilatından yaranan itkilər dövlətin illik səhiyyə xərclərini üstələyir. Cinayətkar gəlirlər korrupsiyanı gücləndirir, institutları zəiflədir və mənfi dövran yaradır: iqtisadi bərabərsizlik, ekoloji tənəzzül və zorakılığın artması siyasi qeyri-sabitliyə və yeni münaqişələrə gətirib çıxarır.

İnsan haqları və dayanıqlı inkişaf üçün təhlükə

Mütəşəkkil cinayətkarlıq yaşamaq və təhlükəsizlik hüququndan tutmuş söz azadlığına qədər əsas insan hüquqlarını pozur. İnsan alveri istismar, zorakılıq və məcburi əmək kimi hallarla müşayiət olunur, cinayətkar qrupların ərazilərə nəzarəti isə vətəndaşların müdafiəsini mümkünsüz edir və dövlətə etimadı sarsıdır.

Transmilli mütəşəkkil cinayətkarlığa qarşı BMT Konvensiyasının (Palermo Konvensiyası) 25 ili

Transmilli mütəşəkkil cinayətkarlığa qarşı BMT Konvensiyasının (Palermo Konvensiyası) qüvvədə olmasının 25 ili ərzində UNODC sistemli məlumat toplanması və vətəndaş cəmiyyətinin iştirakından tutmuş beynəlxalq əməkdaşlığın gücləndirilməsi, gender və insan hüquqları yanaşmalarının inteqrasiyasına kimi 10 prioritet fəaliyyət istiqaməti müəyyən edib.

Hesabatda vurğulanır ki, heç bir dövlət təkbaşına bu təhlükəyə qarşı dura bilməz. Konvensiyanın icrası transmilli cinayətkarlığa qarşı mübarizədə və qurbanların müdafiəsində əsas qlobal alət olaraq qalır.

Dünya