Şəhid jurnalist Məhərrəm İbrahimov barədə yazılmış “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı milli mətbuatımızın 150 illik yubileyi günlərində ictimaiyyətə təqdim edilmişdi. Gənc qələm sahibinin yarımçıq kəsilmiş ömür yoluna işıq salan nəşrin nüsxələrinin bir hissəsi və elektron versiyası geniş oxucu auditoriyasında yayılmaq üçün bugünlərdə Milli Kitabxanaya təhvil verilib.
Bu münasibətlə keçirilən mərasimdə kitabxananın direktoru, professor Kərim Tahirov AZƏRTAC-in Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olmuş əməkdaşı barədə yazılmış dəyərli kitabın nüsxələrinin yayılmasını onlara həvalə etdiklərinə görə nəşrin müəllifinə və şəhidin ailəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, erməni qəsbkarların xalqımıza qarşı qanlı düşmənçiliyini, qeyrətli soydaşlarımızın bu xəyanət və vəhşiliklərə son qoymaq üçün apardığı şanlı mübarizəni tarixin yaddaşına həkk etməkdə belə kitablar ən yaxşı mənbədir. Dəyərli nəşrləri oxuculara çatdırmaq isə onların vəzifə və vətəndaşlıq borcudur.
Milli Məclisin deputatı Rizvan Nəbiyev, kitabın rəyçisi, fəlsəfə doktoru Hümbət Hüseynov, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, “Real” televiziya kanalının əməkdaşı Kamran Qasımov, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Məmmədova 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda Ermənistanın ölkəmizə qarşı düşmənçiliyinin gizli davamı olan mina terrorunun qurbanı olmuş Məhərrəm İbrahimovun xatirəsini əbədiləşdirən kitabın geniş yayılmağa layiq olduğunu söyləyiblər.
Onlar şəhid jurnalistin işğalçıların 30 il müddətində Qarabağda törətdiyi misilsiz vandallığın salnaməsini yaratmaqla milli yaddaşı zənginləşdirməyə, ermənilərin yırtıcı xislətini açıb dünyaya göstərməyə xidmət etdiyini vurğulayıblar.
Bildirilib ki, şəhidlik zirvəsində əbədiləşmiş qeyrətli jurnalistin ömür yoluna işıq tutan kitabın ölkənin kitab yayımı şəbəkəsinə verilməsi bu igidlik dastanının əbədiyyətə ərmağan edilməsidir. Yeni nəsillər belə kitablarla ata-babalarının tarixdə qazandığı ən böyük zəfər salnaməsini vərəqləyəcəklər. Məhərrəm İbrahimov kimi şəhidlərin yarımçıq ömrü isə xatirələrdə ölümsüzlük qazanacaq.
Kitabın müəllifi, şəhidin qardaşı Əsgər İbrahimov müraciətlərini qədirbilənliklə qəbul etdiklərinə, nəşrin ölkədə yayılmasını təşkil edəcəklərinə görə Mərkəzi Kitabxananın kollektivinə razılığını bildirib. Mərasimdə şəhid Məhərrəm İbrahimovun ailə üzvləri kitabxanaya daimi oxucu qəbul ediliblər.
T.RÜSTƏMLİ
XQ