30 ukraynalı uşaq da ölkəmizdə rahatlıq tapacaq

post-img

Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Uşaqlara agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, sosial-psixoloji xidmətlər göstəriləcək. Uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq.

Xatırladaq ki, bundan əvvəlki 7 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

XQ

 



Sosial həyat