Rəşad Tağıyev: “onların qayğıları bizim qayğılarımızdır…”

post-img

Şəmkir rayonunda şəhid ailələri və qazilərlə görüşlər davam edir. Rayon rəhbərliyi tərəfindən keçirilən bu görüşlərin məqsədi şəhid ailələrinin qayğıları ilə yaxından maraqlanmaq, onların sosial problemlərini dinləmək və həlli istiqamətində zəruri tədbirlərin görülməsini təmin etməkdir.

Növbəti belə görüş Sabirkənd kəndində olub. Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhid ailələri ilə səmimi söhbət edərək onların vəziyyəti ilə maraqlanıb, problemlərini dinləyib və mövcud məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Görüş zamanı qarşıdan gələn Novruz Bayramı və Ramazan Bayramı münasibətilə şəhid ailələri, ilk növbədə şəhid anaları təbrik olunub. Rayon icra hakimiyyətinin başçısı çıxışında bildirib ki, Azərbaycan xalqı hər zaman şəhidlərin xatirəsini böyük ehtiramla yad edir və onların ailələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur.

Vurğulanıb ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Dövlət tərəfindən şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu siyasət bundan sonra da davam etdiriləcək.

Görüş zamanı şəhid ailələri də öz növbəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən həyata keçirilən sosial dəstək tədbirlərinin həyatlarında mühüm rol oynadığını qeyd edib, bəzi məsələlərlə bağlı müraciət və təkliflərini səsləndiriblər.

Qeyd olunub ki, Şəmkir rayonunda şəhid ailələri, qazilər və müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan vətəndaşların problemlərinin həlli, onların qayğılarının dinlənilməsi və lazımi dəstəyin göstərilməsi məqsədilə belə görüşlərin mütəmadi olaraq keçirilməsi davam etdirilir. 

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri











Sosial həyat