Azərbaycan “IAC 2026”da elmi məqalələrin sayına görə yeni rekorda imza atıb

post-img

Azərbaycan 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) çərçivəsində təqdim olunan elmi məqalələrin sayına - 814 elmi məqalə - görə 108 ölkə arasında ikinci yeri tutub. Bu, ötən illə müqayisədə təxminən 29 faiz artım deməkdir.

“Azərkosmos”dan XQ-yə bildirilib ki, 2025-ci ildə konqresə Azərbaycandan 632 elmi məqalə təqdim olunmuşdu. Artım dinamikası ölkədə kosmik elmə və tədqiqat fəaliyyətinə marağın ildən-ilə gücləndiyini göstərir.

Bu il konqresə ümumilikdə 8325 elmi məqalə təqdim olunub. Məqalə sayına görə ilk beşlikdə Türkiyə (1810 məqalə), ABŞ (615), Çin (599) və İtaliya (492) qərarlaşıb.

Konqresə təqdim olunan elmi işlər kosmik sənayenin geniş spektrini əhatə edir. Bu mövzular sırasında kvant texnologiyaları, süni intellekt, davamlı inkişaf, planetar elm, kosmik siyasət, təhsil və yaradıcı fənlərarası yanaşmalar yer alır. Qeyd etmək lazımdır ki, layihənin nəticəsi olaraq 2023–2025-ci illər arasında Azərbaycan universitetlərinin mövzu üzrə QS reytinqində təxminən 19–35 faiz arasında artım müşahidə olmuşdur. Həmçinin, 2025-ci ildə ümumi QS reytinqində 45,9–93,3 faiz, Shanghai (ARWU) reytinqində isə 2–14 faiz arasında artım müşahidə olunub. Xüsusilə 2025-ci ildə təqdim olunan elmi məqalələrin 30 faizinin “Scopus” beynəlxalq elmi bazasında qəbul olunması tələbələrin, gənc alimlərin QS və Shanghai kimi qlobal reytinq sistemlərində iştirak potensialının artmasına şərait yaradıb.

Qeyd edək ki, məlumatların təhlili “QS World University Rankings” rəsmi məlumat bazası (qs.com), “Scopus” beynəlxalq elmi indeksləşdirmə platforması və universitetlərin akademik məlumat sistemləri əsasında aparılıb.

Azərbaycanın son illərdə Beynəlxalq Astronavtika Konqresində əldə etdiyi uğurlarda “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın roluxüsusi qeyd olunur. Akademiyanın təşəbbüsü ilə ölkəmizin beynəlxalq kosmik elmi platformalarda təmsilçiliyini gücləndirmək məqsədilə Milli Elmi Komanda formalaşdırılıb. Milli Elmi Komanda onlarla ali təhsil müəssisəsinin gənc alimləri və tələbələrindən ibarətdir. 2026-cı il üzrə elmi məqalələr aşağıdakı universitetlərin tələbələri tərəfindən təqdim edilib:

Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Tibb Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Türk Azərbaycan Universiteti, Xəzər Universiteti, Azərbaycan Texnoloji Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi.

Milli Elmi Komanda son illərdə Azərbaycanın konqresdəki iştirakının genişlənməsinə mühüm töhfə verib. Belə ki, 2023-cü ildə Bakıda keçirilən konqresdə 214 elmi məqalə, 2024-cü ildə 345 elmi məqalə, 2025-ci ildə isə 632 elmi məqalə təqdim olunub. Həmin dövlərdə Bakı konqresində 82 nəfərdən, Milan konqresində 52 nəfərdən və Sidney konqresində 52 nəfərdən ibarət tələbə və gənc alimlərdən ibarət Milli Elmi Komanda ölkəmizi uğurla təmsil edib.

77-ci Beynəlxalq Astronavtika Konqresi 5–9 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən alimlər, mühəndislər, sahibkarlar, akademiklər və tələbələr bir araya gələrək kosmos tədqiqatlarının gələcəyi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Bu ilki konqresin əsas mövzusu: “Dünyanın daha çox kosmosa ehtiyacı var” (The World Needs More Space). Mövzu bəşəriyyətin qarşısında duran qlobal çağırışlara kosmik texnologiyalar vasitəsilə həll yollarının tapılması, kosmosun bəşəriyyət üçün əhəmiyyətinin daha dərindən dərk olunması, həmçinin innovasiya, davamlı inkişaf, müxtəliflik və qlobal əməkdaşlığın təşviqi kimi istiqamətləri əhatə edir.

Sosial həyat