Bir xalqın gücü onun torpağı uğrunda döyüşən oğullarında, canını vətən üçün fəda edən igidlərində ölçülür. Onların yarası bu millətin şərəf medalı, qürur nişanəsidir. Gəncədə elə bir görüş baş tutdu ki, orada sözlər danışdı, amma gözlər daha çox dedi…
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Texnologiya Universitetinin bu ilki məzunu, Vətən müharibəsi qazisi Elmar Nəsirovla görüşdü. Sadəcə rəsmi görüş deyildi bu – sükutun içində qopan fırtınalar, dodaqlarda titrəyən minnətdarlıq, gözlərdə gizlədilən yaşlar vardı. Elə anlar var ki, orada protokol susur, ürək danışır…
Elmar – 2001-ci ildə doğulmuş bir gənc. Amma 19 yaşında doğulduğu torpaq uğrunda ölməyə getdi. 2020-ci ilin oktyabrında Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralandı. Bədənindəki güllə izləri düşmənin gücünü yox, Elmarın iradəsini anlatdı. 14 dəfə əməliyyat olundu, illərlə reabilitasiya keçdi. Ancaq heç bir ağrı onun içindəki Vətən sevgisini əzə bilmədi.
İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Elmarla görüşdə kövrəldi. O an danışmaq çətin idi. Qarşısında dayanan gənc bir həyat idi – amma bu həyat artıq bir ömürlük vətən tarixinə yazılmışdı. Şəhər rəhbəri bildirdi ki, bu gün Azərbaycanın qazandığı zəfərin kökündə Elmar kimi igidlərin canı, qanı, qüruru dayanır. Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın qazilərə və şəhid ailələrinə göstərdiyi qayğının Gəncədə də davamlı olduğunu vurğuladı.
Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent Yaşar Ömərov isə çıxışında dedi: “Biz bu gün Elmarla fəxr edirik. Onun məzuniyyət sənədi təkcə təhsil yox, həm də şərəf diplomudur.”
Amma ən çox danışan Elmarın baxışları idi… O dedi ki, yenidən ayağa qalxmaq asan olmadı. Amma heç vaxt yıxıldığını qəbul etmədi. Çünki Vətən üçün döyüşən bir əsgər heç vaxt məğlub olmur. Elmar könüllü olaraq Gəncədə keçiriləcək III MDB Oyunlarında iştirak edəcək. “Yenə xidmət etməyə hazıram,” – deyə qürurla söylədi.
Görüşün sonunda çəkilən xatirə şəkli – sadəcə bir anın fotosu deyildi. O, bu millətin yaddaşına yazılmış bir hekayə idi: yaralı, amma yenilməz Elmar – millətin alnıaçıq Qələbəsi.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə