Səfikürddə təkcə yol asfaltlanmır, ümidlər də bərpa olunur…

post-img

Bəzən bir yol təkcə kəndi şəhərə bağlamır – bir yol xalqla dövlət, vətəndaşla məmur, ürəklə ümid arasında körpüyə çevrilir.

Goranboy rayonunun dağ qoynunda yerləşən Səfikürd kəndində elə bir iş görülür ki, bu, təkcə infrastrukturun yenilənməsi deyil, uzun illərdir qəlblərdə yığılıb qalmış müraciətlərin, sükutla deyilmiş arzuların cavabıdır.

Goranboy Rayon İcra Hakimiyyətinin təşəbbüsü, şəhid ailələrinin “Azəravtoyol” ASC rəhbərliyinə ünvanladığı birgə müraciət və Səfikürd bələdiyyəsinin fəal təşkilatçılığı ilə Goranboy–Aşağı Ağcakənd avtomobil yolundan Səfikürd kənd tam orta məktəbinə gedən avtomobil yolunun asfaltlaşdırılması işləri aparılır. Bu yol uzun illər kəndlilərin toz-dumanla, palçıqla keçdiyi gündəlik həyatını dəyişdirəcək.

İcra başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, şəhid ailələri və kənd ağsaqqalları ilə birlikdə əraziyə baş çəkib, aparılan işlərlə yerində tanış olub. Bu, sadəcə nəzarət deyildi – bu, kəndin dərdinə qulaq verən, onların səsini eşidən bir rəhbərin səyyar qəbulunda doğrudan da xalqla bir araya gəlməsi idi.

Məhərrəm Quliyev iş icraçılarına texniki keyfiyyətlə bağlı müvafiq tövsiyələrini verdiyi kimi, kənd ictimaiyyətinin digər problemlərini də dinləyib, həlli istiqamətində fikir mübadiləsi aparıb. Belə səyyar görüşlər insanlara sadəcə bir rəsmi prosedur kimi yox, doğrudan da məmurla xalq arasında şəffaf, canlı ünsiyyət vasitəsi kimi təqdim olunur.

Çünki səyyar qəbul o zaman dəyər qazanır ki, onun sonunda bir nəticə olsun – bu gün Səfikürddə o nəticənin adı asfaltlanmış yoldur, sabah isə işıqlandırma, su, sosial xidmət ola bilər. Əsas odur ki, kənd unudulmadığını hiss edir.

Bu yolun hər metrinə sadəcə asfalt deyil, hörmət, qayğı və diqqət döşənir. Səfikürddə yeni yol salınmır – əslində, dövlətlə xalq arasında qarşılıqlı inam yolu çəkilir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy













Sosial həyat