Qazaxda bir neçə gün davam edən gənc alim və tədqiqatçıların yay düşərgəsi yaddaşlarda həm elmi müzakirələrlə, həm də milli dəyərlərimizin yaşadılması ilə qaldı. Gənclər və İdman Nazirliyinin dəstəyi, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbir “Milli dəyərlərlə rəqəmsal gələcəyə” devizini daşıyırdı və bu deviz düşərgənin hər anında özünü göstərdi.
Azərbaycan gəncləri bu mənəvi zənginliklə dolu günlərdə təkcə elmi ideyalarla deyil, həm də tarix və ədəbiyyatın əbədi sədası ilə baş-başa qaldılar. Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə iştirakçılar Qazax Müəllimlər Seminariyası, ADA Universitetinin Qazax Mərkəzi, tarixi abidələr və milli yaddaşın izlərini yaşadan məkanlara səfər etdilər. Bu səfərlər gənclərin düşüncəsində iz saldı, ruhunu dirçəltdi
Yay düşərgəsində məruzəçi kimi iştirak edən AMEA-nın sədr müavini, Əlimuxtar Muxtarov deyir:
-Bu gözəl atmosferdə mən də Azərbaycan gəncləri ilə bir araya gəlib, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında danışmaq imkanı qazandım. Bu, yalnız şairin əsərlərinə nəzər salmaq deyildi – bu, bir millətin müdrikliyinə, istedadına, mənəviyyatına səyahət idi.
Nizami Gəncəvi – adını daşıdığı Gəncə kimi möhtəşəm, sözün və düşüncənin nəhəngi, yalnız bir dövrün deyil, bütün zamanların şairidir. Onun “Xəmsə”si bəşəri dəyərlərin poeziyaya çevrilmiş abidəsidir. Əsərlərindəki humanizm, ədalət, elmə və qadına hörmət çağırışları bu gün də dünyanın ehtiyac duyduğu ideallardır. Azərbaycan xalqının müdrik dünyagörüşü, çoxəsrlik mənəvi irsi Nizaminin qələmində bədii təcəssüm tapmış, əbədiləşmişdir.
Ulu Öndər Heydər Əliyevin Nizami irsinə verdiyi dəyər, bu irsi dövlət siyasətinə çevirməsi, Gəncədə ucaldılan məqbərə, keçirilən yubileylər, nəşr olunan əsərlər – hamısı bu dəyərlərin qorunmasına xidmət etmişdir. Prezident İlham Əliyevin “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təzahürüdür” fikri isə bu xidmətlərin məntiqi davamı kimi səslənir.
Nizami təkcə bir şair deyil, xalqın ruhunun aynasıdır. Onun əsərləri yalnız keçmişə deyil, gələcəyə də yol göstərir. Azərbaycan gənclərinin də bu irsi tanıması, onun ideyalarından ilham alması olduqca sevindiricidir. Çünki bu xalqın böyüklüyü yalnız tarixində deyil, həm də gənclərinin ruhunda yaşatdığı bu irsdədir.
Qazaxın maarifçilik ruhu, Nizaminin müdrikliyi və gəncliyin elmə, ədəbiyyata bağlılığı bu yay düşərgəsində bir araya gəldi. Və bu birliyin səsində yalnız elm yox, həm də Vətənin qüruru, xalqın düşüncəsi, sözün ucalığı vardı.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Qazax rayonu