Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə I Gənclərin Lokal Konfransı işə başlayıb

post-img

Bu gün ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə I Gənclərin Lokal Konfransına (“LCOY2025 Azərbaycan”) start verilib.

AZƏRTAC xəbər verir ki, ikigünlük tədbirdə 150-dən çox gənc iqlim lideri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də ölkəmizin aparıcı ekspertləri iştirak edirlər.

Konfrans BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) daxilində fəaliyyət göstərən rəsmi gənclər şəbəkəsi olan YOUNGO-nun təşəbbüsü ilə keçirilir və gənclərin iqlim siyasətində iştirakını təmin etmək, innovativ ideyaların mübadiləsinə şərait yaratmaq və qlobal iqlim gündəminə töhfə vermək üçün əhəmiyyətli platforma rolunu oynayır.

Tədbirin əsas təşkilatçısı dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında müşahidəçi statusuna malik, dünyanın nüfuzlu ekoloji şəbəkələrinin üzvü və Azərbaycanda Foundation for Environmental Education beynəlxalq təşkilatının milli operatoru olan “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Konfrans Bakı Dövlət Universiteti və “Sea Breeze Resort” istirahət və yaşayış kompleksi ilə tərəfdaşlıq çərçivəsində CBC-nin (Caspian International Broadcasting Company) informasiya dəstəyi ilə təşkil olunub.

Tədbirin açılış mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilib. Mərasimdə BDU-nun rektoru Elçin Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İqlim üzrə lideri Nigar Arpadarai, COP29-un Azərbaycandakı gənc iqlim çempionu Leyla Həsənova, “EkoSfera”nın rəhbəri Firuzə Sultan-zadə çıxış ediblər.

Həmçinin gənclər qlobal iqlim hərəkatında iştirak imkanları ilə bağlı müzakirələr aparıblar.

Konfransın ikinci günü “Sea Breeze Resort”da olacaq. Tədbirdə Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanaməsinin qəbul edilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin, gənclər və idman nazirinin müavini İndira Hacıyevanın, Milli Məclisin deputatı, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin və Azərbaycan Respublikasının Su Ehtiyatlarından İstifadə və Mühafizə üzrə Dövlət Xidmətinin rəhbəri Rafiq Aslanovun iştirakçılarla görüşü planlaşdırılıb.

Tədbir geniş istiqamətləri əhatə edərək, iştirakçıların “İqlim liderliyi və ictimai iştirak”, “Dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, “Ekoinnovasiyalar və dövri iqtisadiyyat”, “Biomüxtəlifliyin qorunması və ekosistemlərin bərpası”, “Dayanıqlı infrastruktur və su təhlükəsizliyi”, “Gənclərin siyasətdə rolu və qərar qəbuletmə proseslərində iştirakı” mövzularında nəzəri və praktiki biliklərini artırmasında böyük rol oynayacaq. Mövzular ətrafında aparılacaq müzakirələr yalnız milli səviyyədə inkişafı təşviq etməyəcək, həm də Azərbaycanın gənc nəslinin səsinin qlobal miqyasda daha güclü şəkildə çatdırılmasına xidmət edəcək.

Eyni zamanda, tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə töhfə verəcək. Praktiki sessiyalar iştirakçılara müasir kontekstdə ekoinnovativ həllərlə və dayanıqlı biznes yanaşmaları ilə tanış olmaq imkanı yaradacaq. Həmçinin gənclərin iqlim fəaliyyətinə səfərbər olunması, milli və beynəlxalq qərar qəbuletmə proseslərində fəal iştirakı, habelə COP30 üçün hazırlanacaq Qlobal Gənclər Bəyanatının formalaşmasına töhfə verilməsi baxımından mühüm platforma olacaq.

Sosial həyat