İranda ABŞ və İsrailə casusluqda ittiham olunanlar ölüm cəzasına məhkum ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sədri Qulam Hüseyn Möhsani xəbərdarlıq edib. Onun sözlərinə görə, Amerika və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən müəyyən şəxslərin əmlakının müsadirə edilməsi və dondurulması haqqında məhkəmə qərarı verilib. Bu bənddə nəzərdə tutulan digər bir cəza isə edam hökmüdür.
“Xalqın təhlükəsizliyini təhdid etməyə çalışan bütün elementləri xəbərdar edirik ki, əgər onlar təhlükə yaratmağa cəhd etsələr, qəti qanuni tədbirlərlə üzləşəcəklər və heç bir güzəşt olmayacaq”, - deyə Ali Məhkəmənin sədri vurğulayıb.
İran polisin başçısı general Reza Radan bildirib ki, hüquq-mühafizə orqanları fevralın 28-dən bəri düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən 500 nəfəri saxlayıb.

