MDB-nin “Gənclər paytaxtı” tarixi günlər yaşayır
Qəbələ şəhəri bir neçə gündən sonra III MDB Oyunlarına ev sahibliyi edəcək şəhərlərimizdən biridir. Mənim üçün ikiqat sevindirici faktdır ki, həmin mötəbər idman yarışlarının açılış və bağlanış mərasimləri doğulub böyüdüyüm Gəncə şəhərində olacaq, bir sıra oyunlar isə bölgə müxbiri olduğum Qəbələ, Şəki, Mingəçevir və Yevlaxda keçiriləcək.
Hələ bir neçə ay əvvəldən məlum idi ki, Qəbələ Olimpiya İdman Kompleksi sentyabrın son 3 günündə stolüstü tennisçilərin, oktyabrın 3-dən 7-dək badmintonçuların, Qəbələ Şəhər Stadionu sentyabrın 28-dən etibarən bir həftə 16 yaşadək futbolçuların, Qəbələ Atıcılıq Klubu isə oktyabrın 3-dən 6-dək stend atıcılarının ixtiyarına veriləcək.
Bu anonsları qələmə almaq və ya dilə gətirmək olduqca asan məsələdir. Ancaq 11 ölkənin idman ictimaiyyətlərini təmsil edən çoxsaylı qonaqların, mətbuat təmsilçilərinin və həmin mötəbər yarışların keçirildiyi günlərdə ölkəmizə gələcək turistlərin hamısının yerləşdirilməsi, otel, iaşə ocaqları, istirahət mərkəzləri və digər sosial strukturların beynəlxalq standartlara cavab verən şəkildə hazırlanması o qədər də asan məsələ deyildi.
Son 6–7 ayda Qəbələdə bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyasını təsəvvür etmək belə çətindir. Ancaq həmsöhbətim məsul vəzifəli şəxslər dedilər ki, Qəbələ III MDB Oyunlarına ev sahibliyi etməyə tam hazırdır.
40 il unutmadığım müəllim tövsiyəsi
Universitet müəllimimiz – sonralar mən onun baş redaktor olduğu “Bakı” qəzetində də çalışmışdım – mərhum Nəsir İmanquliyev deyirdi ki, jurnalist məqalə hazırlamaq üçün birbaşa müəssisə rəhbəri ilə görüşməyə çalışırsa, onun yazısı uğurlu olmayacaq: “O yazı uğurlu alınır ki, müəllif getdiyi ünvanda hansısa maraqlı faktla və ya həmsöhbətlə rastlaşır və yazını rəhbərliyin verdiyi hesabat üzərində deyil, məhz həmin fakt əsasında qurur”. Təvazökarlıqdan uzaq olsa da, mən həmişə mərhum müəllimimizin həmin tövsiyəsinə əməl etmişəm. Elə bu yazının qələmə alınmasından da rayon rəhbərliyinin xəbəri yoxdur.
Doğrudur, Səbuhi Abdullayev mətbuata, xüsusən, “Xalq qəzeti”nə daim hörmətlə yanaşır. Elə biz jurnalistlər də onun müasir tərəqqi və inkişaf yolunda olan ölkəmizin adına layiq göstərdiyi fəaliyyətini diqqətdən kənarda qoymuruq. Ancaq indi həm onun gündəlik iş qrafikinin çox sıx olduğunu nəzərə alaraq, həm də Nəsir müəllimin tövsiyələrinə ehtiram olaraq, eləcə şəhəri gəzib-dolaşmaqla yazı hazırlamağı məqsədəuyğun saydım.
Yollar, a yollar...
Köhnə dostum Mansur Orucovla bir axşamüstü Nohur gölünün sahilində çay içmək istədik. Yeri gəlmişkən, bir dəfə bu rayonun Çarxana kəndindən olan ağsaqqal həmkarımız Telman Heydərovdan soruşmuşdum ki, Nohur sözü də göl mənası verirsə, “Nohur gölü” nə deməkdir? Maraqlı cavab vermişdi: “Həmin su hövzəsi 1949-cu ildə əkin sahələrinin suvarılması məqsədilə kiçik çayların qarşısı kəsilərək yaradılmışdı. İki dağın arasında süni göl yaradan Stalin hökuməti ona nə ad verəcəyini kimdən soruşardı ki?”.
Qərəz, Mansura dedim ki, Qəbələ son 20 ildə təsəvvüredilməz dərəcədə inkişaf edib: “Qəbələnin tarixi haqqında yazan alimlər qeyd edirlər ki, bu şəhər orta əsrlərdə karvan yolunun üstündə idi. İndi isə bu şəhər üç istiqamətdən – İsmayıllıdan, Ağdaşdan və Oğuzdan – gələn mükəmməl avtomobil yollarına, sürət qatarlarının şütüdüyü müasir dəmir yoluna, ən böyük təyyarələrin belə rahatlıqla enib-qalxdığı hava limanına malikdir. Yəni su yolundan başqa bütün yollarınız var.
İlyas sanki “su yolundan başqa” ifadəsini gözləyirdi. Dərhal göldəki sayı onlarca olan, hamısını da turistlərin “idarə etdiyi” qayıqları göstərdi: “Bəs bu su yolu deyil?”. Söhbətimizi qonşu stolda əyləşmiş ağsaqqal da eşidirmiş. O, “Üstəlik, dağların üstündən Dağıstana at yolu da var. Hələ dağların belinə dolanan Kanat yolunu demirəm”– deyərək fikirlərimizi tamamladı.
Polad Həşimov küçəsində...
Hər dəfə bu küçədən keçəndə heç zaman unutmayacağım iki fakt yadıma düşür. Birincisi fakt cənab Ali Baş Komandan İlham Əliyevin rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə verdiyi tapşırıq idi:
“Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General uzun müddət Sumqayıtda yaşamışdır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız!”.
Xatırladım ki, Səbuhi müəllim dövlət başçımızın həmin tapşırığından dərhal sonra şəhərin ən gözəl küçələrindən birinə mərhum generalın adının verilməsini təmin etmişdi.
Unuda bilmədiyim ikinci faktı isə təvazökarlığa ehtiyac duymadan yada salıram. 4–5 ilin söhbətidir. Sosial şəbəkələrdə həbs edilmiş bəzi məmurların sayı-hesabı bilinməyən mülkü, əmlakı, sərvəti, var-dövləti haqqında çoxsaylı materiallar tirajlanırdı. Heç biri də yalan, iftira deyil, hamısı rəsmi materiallar idi. Belə bir zamanda Zaqataladan redaksiyaya, qəbələli əməkdaşımız İttifaq Mirzəbəyliyə zəng edərək soruşdum ki, Polad Həşimovun sərvətlərindən nə üçün yazmırsınız?
İstənilən mövzu və eyhamı maraqlı bir yazıya çevirə bilən həmkarımız mənim həmin atmacamın cavabını “Facebook”da necə verdisə, 2–3 günə 30 mindən çox “bəyənmə” oldu. İ.Mirzəbəylinin həmin yazısını 30-dan çox sayt, bir o qədər də sosial şəbəkə fəalı paylaşdı. Mən indi həmin yazını məhz müəlifin “Facebok” səhifəsindən yox, “Xüsusi Təyinatlı Polis Dəstəsi, XTPD, OMON” adlı “facebook” istifadəçisinin səhifəsindən götürüb təqdim edirəm:
20 İyul 2020-ci il. Sözün bitdiyi yer
Bölgə müxbirimiz İlqar Həsənov Zaqataladan zəng eləmişdi. Soruşdu ki, General Həşimovun sərvətlərindən nə üçün yazmırsınız?
Cin atına mindim:
– Onun nə sərvəti var idi, nə danışırsınız?
– Var – dedi, – istəyirsən sayım.
Sonra saydı:
– Onun sərvətləri – gendən gələn namus, azərbaycanlı qeyrəti, Türk vicdanı, qəbələli səmimiyyəti, vəndamlı ləyaqəti, zabit şərəfi, Ali Baş Komandana sədaqət, Vətənə məhəbbət, tabeçiliyində olan hərbçilərə diqqət, silaha sevgi, hərbi biliklərə maraq, cəmiyyət qarşısında məsuliyyət, anasının qarşısında İbadət... Yenə də sayım?
Dedim, yox, bəsdir. Sonra isə öz-özümə sual verdim:
– Cavan bir adam bu qədər sərvəti necə toplaya bilib?
Təsəllimiz odur ki, oliqarx milyonerlərin qazandığının hamısı bu dünyada qalır, Polad Həşimovun qazandıqları isə həm bu dünyada qaldı, həm də o biri dünyaya apara bildi”.
...Jurnalist Şəlalə Məhyəddinqızı bildirmişdi ki, həmin yazını biz də Dövlət Radiosunun saytında paylaşdıq və qısa müddətdə 20 mindən çox “bəyənmə” gəldi. Bu, mənim və yazı müəllifinin hünəri yox, mərhum generala olan el məhəbbətinin göstəricisi idi. Məhz həmin general Qəbələ camaatına “Polad ürəkli insanlar” adı qazandırıb.
Dünya musiqiçiləri 14-cü dəfə Qəbələdə
Qəbələnin bu il böyük məsuliyyətlə hazırlaşıb, uğurla başa çatdırdığı beynəlxalq tədbirlərdən biri də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı idi. İyulun son günlərində başa çatan həmin festival bu dəfə də möhtəşəmliyi ilə musiqisevərlərin diqqətini Qəbələyə cəlb edə bilmişdi.
Musiqi ictimaiyyətimizin təmsilçiləri və əcnəbi sənət adamları festival çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim etmişdilər. Əvvəlcədən elan edilmişdi ki, bu konsert görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90, Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunub.
İyulun əvvəlində isə ...
Bəxt mənim həmin gün Qəbələdə olmağımı “təmin eləmişdi”. İyulun 2-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ – MDB-də Gənclər paytaxtı – 2025” beynəlxalq proqramının açılış mərasimi keçirilirdi. Xatırladaq ki, 2023-cü ildə MDB Hökumət Başçıları Şurasının Daşkənddə keçirilən iclasında Qəbələ şəhəri 2025-ci ildə MDB-nin “Gənclər Paytaxtı” elan olunub.
Şəhərdəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan tədbirdə Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, MDB baş katibliyinin üzvü Tatyana Kovalevanın və rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin çıxışları maraqlı idi. Ancaq biz jurnalistlər üçün daha diqqətçəkən məqam Səbuhi müəllimin məlumat verdiyi başqa bir məsələ olmuşdu. Rayon rəhbəri demişdi ki, Qəbələ bu il həm də Azərbaycanda “İdman paytaxtı” seçilib. Doğrudan da, bütün bunlar fəxr edilməli faktlardır.
20 nəfər Qarabağ Universitetinə qəbul olunub
Ulu öndər Heydər Əliyev uşaqlar və gənclərlə istənilən görüşdə deyirdi ki, ölkəmizin sabahını siz quracaqsınız. Bunun üçünsə yaxşı oxumalı, savadlı olmalısınız. Həmin tezisi qəbələli abituriyentlərin builki qəbul imtahanlarında qazandığı nailiyyətlərlə tanış olanda xatırladım. Öyrəndim ki, bu il rayon üzrə 57 nəfər məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.
Başqa bir faktda isə qeyd edilir ki, 2024-2025-ci tədris ilində rayonun ümumtəhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə bitirən 1210 nəfər məzundan 101 nəfəri fərqlənmə attestatına, 1 nəfəri qızıl nişana, 1 nəfəri isə gümüş nişana layiq görülüb. Buraxılış imtahanında 3 nəfər şagird maksimum nəticə göstərib. Ali məktəblərə sənəd verən 750 nəfər məzundan 584 nəfər ölkənin müxtəlif ali məktəblərinə, o cümlədən 20 nəfər Qarabağ Universitetinə qəbul olunub. 57 nəfər məzun qəbul imtahanlarında 600-dən yuxarı, 86 nəfər məzun isə 500-600 arası bal toplayıb.
Həftənin I günü Zalamda, 2 gün sonra isə Tikanlıda ...
Səbuhi Abdullayev, sözün həqiqi mənasında, öz vəzifə borcunu kabinetdə oturaraq icra edən məmurlardan deyil. Rayonda o qədər beynəlxalq tədbirlərin keçirilməsinə baxmayaraq, icra başçısı hər həftə iki kənddə səyyar qəbul təşkil edir. Elə keçən həftənin əvvəli Zalamda, sonra isə Tikanlı kəndində keçirilmiş səyyar qəbulların arasında icra hakimiyyətinin binasında da vətəndaş qəbulu var idi. Bu bir daha təsdiq edir ki, rayonda sakinlərin problemləri daim diqqət mərkəzində saxlanılır, vətəndaşların sözü, səsi daim dinlənilir.
Su gələn arxa bir də gələr, çaylara da həmçinin
İstənilən ictimai-siyasi məzmunlu fəaliyyətə, beynəlxalq tədbirlərə, festivallara baxmayaraq, Qəbələ ənənəvi kənd təsərrüfatı rayonudur. Bu il rayonun kümçüləri də özünəməxsus uğurlara imza atıblar, taxılçıları da, meyvəçiliklə məşğul olan fermerləri də. Yeri gəlmişkən, həmsöhbətim Nəriman dayı dedi ki, quraqlıqlara görə bu il fındıq məhsulu ötənilkindən az olacaq. Ancaq eybi yox, su gələn arxa bir də gələr, çaylara da həmçinin. Bu gün, sabah yağışlar başlayacaq, gələn il üçün bol məhsulun təməli qoyulacaq.
Həmsöhbətimin “yağışlar başlayacaq” deməsi bir şair dostumuzun qocalıqdan şikayətlə qələmə aldığı misraları yada saldı:
Mən belə gözləmirdim,
Gözlərimə tül çökür,
Əllərim əldən düşür.
Mən də bir təbiətəm,
Təbiətdə qayda var –
Yay çox isti keçəndə
Payız qəfildən düşür.
Nəriman dayı əlavə etdi:
– Bu il yay çox isti keçib. Demək, payız qəfildən gələcək, yenə yağışlar yağacaq, arxlar su ilə dolacaq, çaylar aşıb-daşacaq. Su isə aydınlıqdır, gələn ilin məhsulunun təməlidir.
Həmişə aydınlıqda, qonaq-qaralı olasan, Qəbələ!
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Qəbələ