Vətən müharibəsində xarici jurnalistlərdən biri hər iki ölkənin əsgərinə sual verir: Döyüşdə nə qədər hərbçi itirmisiniz? Erməni minlərlə əsgər, – deyə cavab verir. Üzünü Azərbaycan əsgərinə tutan jurnalist aldığı cavabdan özünü bir anlığa itirir: “Bizdə itki olmadı”. Xarici jurnalist soruşur: – Necə yəni olmadı? Axı qarşı tərəfin minlərlə itkisi var. Azərbaycan əsgəri məğrur cavab verir: qazimiz oldu, qəhrəmanımız oldu, şəhidimiz oldu, ancaq ölənimiz olmadı.
Bəli, müharibədə həyatını ərazi bütövlüyümüz uğrunda, haqq-ədalət uğrunda canını qurban vermiş şəhidlərimiz ölmədilər, əbədiyyət zirvəsinə yüksəldilər. Onların doğulub böyüdüyü məkanlara diqqət yetirsək, Azərbaycanın bütün bölgələrinin, ölkəmizdə yaşayan xalqların şəhadət zirvəsində təmsil olunduğunu görərik.
Şəhidlərin doğma torpaqlarda axan qanı o yerləri daha da müqəddəsləşdirdi. Artıq beş ildir ki, Qarabağımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır. İgidlərimizin canını qurban verdiyi bu müqəddəs torpaqlar indi sürətlə canlanır. Xalq şairi Musa Yaqubun “Torpaq” şeirində deyildiyi kimi;
Torpaq müqəddəsdir,
Torpaq müqəddəs,
Gərək yadımızdan çıxmasın bu dərs.
O, ürək kimidir – satıla bilməz,
Vətəndi, atadı, anadı torpaq.
Bəli, torpaq, Vətən anlayışı bizim üçün müqəddəsdir. Bu müqəddəslik bu xalq var olduqca qalacaq.
* * *
Səhərin erkən saatlarında müharibə yenicə başlamışdı ki, Füzulidə kəşfiyyat taborun tibb xidmətinin hərbi ambulansı yaralıları xilas etmək üçün cəbhə istiqamətində yola düşür. Maşındakı qrupda tibb xidməti rəisi Haman Əliyev, 9 ayın əsgəri sanitar Rza Məmmədov və digər bir əsgər yoldaşları olur. Onlar yaralıları təxliyə edən vaxt düşmən artilleriyasının ilk hədəfi məhz ambulans olur. Rza və həmin ambulansda olan dörd nəfər ağır yaralanır. Ambulans alovlanıb yanmağa başlasa da, döyüş zonasından uzaqlaşmağa çalışır. Lakin Rza komandiri Haman Əliyevin qucağında şəhidlik zirvəsinə yüksəlir. Beləcə bir gəncin adı da Azərbaycanın Zəfər tarixinə ilk şəhid əsgərlərindən biri kimi daxil olur.
2001-ci il noyabrın 23-də Şamaxı rayonunun Göylər kəndində dünyaya göz açan Rza 2007–2018-ci illərdə 2 saylı Göylər kənd tam orta məktəbində oxuyub. Bu müddət ərzində rayondakı İncəsənət Təhsili Mərkəzində də səs üzrə (xanəndə) təhsil alıb. Sağlığında istəyirmiş ki, xanəndə kimi el məclislərində iştirak etsin. Təhsil aldığı ilk gündən müəllimlərin rəğbətini qazanır. Müəllimləri söyləyirmişlər ki, sən ifa edəndə elə bil, bütün vücudun mahnı oxuyur.
Müharibədən öncə şəhid polkovnik – leytenant Orxan Ələkbərovun rəhbərliyi ilə yorulmadan məşqlər edirlər. Gecələr yorğunluqlarını çıxarmaq üçün Rza axşamlar dostları üçün mahnı oxuyur. Müharibə başlamazdan bir gün əvvəl – sentyabrın 26-sı axşam yeməyindən sonra əsgərlər Rzadan mahnı oxumasını istəyirlər. O da “Ana, mən şəhid oldum” mahnısını ifa edir.
Döyüş yoldaşlarının sözlərinə görə, Rza müharibənin ilk günü səhər tezdən yaralıları daşımaq üçün xərək götürüb hərbi hissədən çıxanda gülə-gülə orada işləyən xanımlara üzünü tutaraq deyir ki, hiss edirəm bu xərək birinci özümə qismət olacaq... Bir neçə saatdan sonra elə də olur.
Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır. Şəhidlik mənəviyyat, əbədiyyət zirvəsidir. Nisgilimizdir, kədərimizdir, ürək ağrımızdır, həm də qürurumuz, örnəyimizdir...
Müşfiq MİRZƏ
XQ