Ömrünün yarım əsrdən çox hissəsini təlim-tərbiyə işinə həsr etmiş, mənəvi-əxlaqi keyfiyyətləri ilə insanların rəğbətini qazanmış Azərbaycan Kooperasiya Universitetinin İstehlak mallarının ekspertizası kafedrasının müdiri, professor Vilayət Abbas oğlu Əliyev 51 ildir ki, müəllimlik kimi şərəfli vəzifəni yerinə yetirir.
O, 1940-cı ildə Naxçıvan MR-in Şərur rayonunda anadan olmuşdur. Orta məktəbi Şərur rayonunda bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinin Ərzaq malları əmtəəşünaslığı ixtisasına daxil olmuşdur. Ali təhsilini bitirdikdən sonra təyinatla Yeyinti Ticarət İdarəsinin 20 saylı mağazasının direktor müavini təyin olunmuş, bir ildən sonra ticarət əmtəəşünası vəzifəsində çalışmışdır. Sonra Xətai rayonunda Qarışıq mallar Ticarət İdarəsində baş əmtəəşünas işləmişdir. 1969-cu ildə Bakı Soveti Ticarət Texnikumuna müəllim təyin edilmişdi. 1976-cı ildə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda aspiranturaya qəbul olunmuşdur.
Vilayət müəllim 1976-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası MK-nın nəzdində olan Marksizm-Leninizm Universitetini bitirmişdi. 1980-ci ildə Moskva Kooperasiya İnstitutunda “Xəzər kilkəsinin əmtəəşünaslıq xassələrinin tədqiqatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdı. Müdafiə Şurasının üzvü, SSRİ Dövlət Ehtiyatı İnstitutunun baş direktoru, akademik L.H.Lavaçov Vilayət müəllimə Azərbaycanda bu sahə üzrə öz məktəbini açmasını tövsiyə etmişdir.
Vilayət müəllim 1980-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun Bakı filialına assistent vəzifəsinə dəvət edilmiş, burada assistent, baş müəllim, dosent və professor vəzifəsinə qədər yüksəlmişdir.
1987-ci ildən ixtisasartırma fakültəsinin, 2004-cü ildən 2012-ci ilə kimi Əmtəəşünaslıq və ekspertiza fakültəsinin dekanı işləmiş, həm elmi, həm pedaqoji sahədə, həm də ictimai işlərdə aktiv fəaliyyətdə olmuşdur. Hazırda Azərbaycan Kooperasiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiridir.
Zəngin və yüksək yaradıсılıq yolu keçən Vilayət müəllim 51 illik elmi fəaliyyətində 221 elmi məqalənin, (2 məqalə Türkiyədə çap edilmişdir), 4 broşürün, 4 dərslik (dərsliyin biri Türkiyədə çap edilmişdir), 35 proqram və metodik göstərişin, 1 monoqrafiyanın, 1 dərs vəsaitinin müəllifidir.
Professorun elmi əsərləri Moskva, Novosibirsk, Vladivostok, Krasnodar şəhərlərində, həmçinin Türkiyə, ABŞ, İran və s. ölkələrdə çap edilmişdir.
Vilayət müəllim bütün bilik və bacarığını, enerjisini və elmi potensialını təhsil sisteminin təkmilləşməsinə yönəltmişdir. Sovetlər birliyi dövründə çox sayda tədris planlarının tərtib olunmasında iştirak etmiş, bir çox şəhərlərdə – Lvovda, Kiyevdə, Poltavada və Novosibirskdə müvafiq tədbirlərə mütəxəssis kimi dəvət edilmişdir.
Professorun yaradıcılığı geniş və çoxsahəlidir. O, universitetə gələndə ilk növbədə, əmtəəşünas və ekspertlər üçün laboratoriya yaratmış, su və kanalizasiya işini sahmana salmış, laboratoriyaya xüsusi avadanlıqlar, reaktivlər və cihazlar alınmasını təşkil etmişdi. Həmin laboratoriyadan bu gün də tələbələr, magistr və dissertantlar istifadə edirlər.
Vilayət müəllim respublikada balıqçılığın texnologiyası üzrə yeganə mütəxəssisdir. Məhz buna görə də onu bir çox ölkələr öz universitetlərinə mühazirə oxumaq üçün dəvət edirlər. Türkiyədə Malatya İnönü Universitetində, Qaziantep Elazığ və Konya universitetlərində mühazirələr oxumuşdur.
Professorun “Ərzaq malları əmtəəşünaslığı”, “Ərzaq malları əmtəəşünaslığı, ekspertiza və sertifikatlaşdırmanın nəzəri əsasları”, “İstehlak mallarının keyfiyyət ekspertizası”, “Qida kimyası” dərslikləri (Türkiyədə çap olunmuşdur), “Siyənək balıq fəsilələrinin qidalılıq dəyəri” monoqrafiyası, “Balıq sənayesinin ərzaq proqramının həyata keçirilməsində rolu”, “Xəzərin balıq fauna və onun sənaye əhəmiyyəti”, “Xəzər kilkəsinin bioloji əhəmiyyəti” mövzuları üzrə broşürləri çap edilmişdir. Bu gün də bu dərsliklər və dərs vəsaitləri tələbələr, dissertant və aspirantlar tərəfindən geniş istifadə edilir. Vilayət müəllim elmi-tədqiqat işlərinin təklif və tövsiyələri “Azərittifaq”da, “Azərbalıq” Sənaye İdarəsinə, Bakı Balıq hisləmə zavoduna verilmiş və xeyli miqdarda qənaət əldə edilmişdir.
Professor ölkədə istehsal edilən ərzaq mallarının keyfiyyətinin dünya standartına uyğun olması, ərzaq təhlükəsizliyi və yeyinti məhsullarının ekoloji təmizliyi kimi problemlər üzərində işləyir. Bu sahədə apardığı elmi-tədqiqat işləri müsbət nəticələr verir.
Vilayət müəllimin ictimai fəaliyyəti də çoxşaxəlidir. O, Milli Məclisdə “Keyfiyyət haqqında”, “Tütün və tütün məmulatlarının keyfiyyəti haqqında” və “Şərabçılıq” haqqında qanunların işlənib hazırlanmasında işçi qrupun üzvü olmuşdur. Alim universitetdə metodik işlərdə, tədris planlarının və ixtisas fənləri üzrə proqramların təkmilləşdirilməsinə dair sanballı tövsiyələr verir. Nəsimi Rayon Partiya Komitəsinin nəzdində “Bilik” cəmiyyətinin sektor müdiri olmuşdur.
Professorun fəaliyyəti yüksək qiymətləndirilmişdir. Keçmiş SSRİ dövründə (1980-ci ildə) Ümumittifaq “Bilik” cəmiyyətinin Azərbaycan Mərkəzi Gənclər İttifaqının “Zəhmətkeşlər arasında təbliğat işində xüsusi fəaliyyətinə görə”, Azərbaycan Həmkarlar Təşkilatının diplomları, Azərbaycan Mərkəzi Kooperativ ticarəti, “Azərittifaq”ın, Azərbaycan Təhsil Nazirliyinin fərmanları, eyni zamanda, 2002–2005-ci illərdə Yeni Azərbaycan Partiyasının “Partiyanın siyasi fəaliyyətində aktiv iştirak etdiyinə görə və YAP-ın 10 illik yubileyinə görə” diplomu ilə təltif edilmişdir.
Vilayət müəllim 1993-cü ildən YAP-ın üzvü və N.Nərimanov ərazi YAP təşkilatının sədri, həmçinin Universitetdə Heydər Əliyev məktəbinin rəhbəridir.
Azərbaycan Respublikası 20 Yanvar cəmiyyətinin üzvüdür. 2003-cü ildə “Əmək Veteranı” medalı, 2010-cu ildə “Azərittifaq”ın “Fəxri kooperatoru” döş nişanı, 2014-cü ildə “Tərəqqi” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları ilə təltif edilmişdir.
Vilayət müəllimin elmi-pedaqoji fəaliyyətindən, onun insani keyfiyyətlərindən çox danışmaq olar. Onun haqqında pedaqoq, alim, ziyalı, kamil şəxsiyyət kimi düşünəndə fəxr edirəm ki, belə bir insanla 15 il çiyin-çiyinə birgə işləmişəm.
Cəmiyyətin tərəqqisinə, təhsilin inkişafına, gənc nəslin tərbiyəsinə sərf edilmiş ömür şərəfli ömürdür. Belə bir ömür yaşamış Vilayət Əliyev gələcəyə inamla baxır. Azərbaycan elminin intensiv inkişafı üçün dəyərli işlər görən professorun həyat yolu Azərbaycan gəncləri üçün örnəkdir.
Fikrət QULİYEV,
Azərbaycan Kooperasiya Universitetinin prorektoru, iqtisad elmləri doktoru