İsrailin Or Akiva şəhərindəki Gənclər və Veteranlar Klubunda 27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Or Akiva şəhər rəhbərliyinin dəstəyi ilə baş tutan anım mərasimində şəhər meri Simxa Yesipov, “AZİZ” Xalqlararası Əlaqə Assosiasiyasının vitse-prezidenti və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman, assosiasiyanın icraçı direktoru Şaul Simantov, “Midor Ledor” təşkilatının təmsilçisi Aviran Mişiyev, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Ayan Mirqasımovanın ifasında şair Mixail Salmanın 44 günlük Vətən müharibəsinə həsr etdiyi şeirlərdən və Vətən müharibəsinin qəhrəmanlıq salnaməsindən ibarət videoçarxlar nümayiş olunub. Həmçinin, “Sevgi” musiqi ansamblının ifasında həzin musiqilər səsləndirilib.
Çıxış edənlər Azərbaycan və İsrail xalqları arasında mövcud olan dostluq və həmrəylik münasibətlərinin vacibliyini vurğulayıb, qəhrəman şəhidlərin xatirəsinin daim uca tutulduğunu diqqətə çatdırıblar.
Mustafa Kamal
XQ