Şuşada V Türk Dünyası Ortopedik və Travmatoloji Konqresi keçirilir

post-img

Azərbaycan Səhiyyə Nazirliyi və Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində V Türk Dünyası Ortopedik və Travmatoloji Konqresi keçirilir.

XQ xəbər verir ki, açılış mərasimində çıxış edən konqresin həmsədrləri - Azərbaycanın səhiyyə nazirinin müavini İlqar Qasımov və Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri Vedat Şahin Türk dünyasını birləşdirən elmi körpü rolunu oynayan Türk Dünyası Ortopedik və Travmatoloji Konqresinin beşinci dəfə keçirildiyini xatırladıblar. Qeyd olunub ki, konqres birinci dəfə 2018-ci ildə Bakıda təşkil edilib. Daha sonra Qazaxıstan, Bosniya və Herseqovina və Qırğızıstanda keçirilən beynəlxalq tədbir bu il yenidən Azərbaycanda - Qarabağın mirvarisi olan Şuşada təşkil olunub.

Açılış mərasimindən sonra konqres öz işini panel sessiyalarla davam etdirib. Mütəxəssislər təqdimatlarla çıxış edib, mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, konqresin əsas məqsədi ortopediya və travmatologiya sahəsində diaqnostika üzrə təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxilənin optimal üsullarını müəyyənləşdirmək, həmçinin aktual mövzuların elmi sessiyalarda müzakirəsini təşkil etməkdir. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Bosniya və Herseqovinanın tanınmış alimləri iştirak edirlər. Konqres akademik mübadilə platforması olaraq elmi sessiyalarda ortopediya və travmatologiyanın aktual mövzularını əhatə edir. Eyni zamanda, tədbirin mühüm istiqamətlərindən biri də qarşılıqlı əməkdaşlıq və ortaq çalışmaların aparılmasıdır.

V Türk Dünyası Ortopedik və Travmatoloji Konqresi oktyabrın 12-də başa çatacaq.

Sosial həyat