Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafı məqsədilə bir sıra prioritet istiqamət müəyyənləşdirib. Bunlardan biri də muxtar respublikanın zəngin enerji resurslarından səmərəli istifadə və “yaşıl enerji” zonası üzrə layihələrin icrasıdır. Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu istiqamətdə müvafiq layihələr öz əksini tapıb. Həmçinin dövlət başçısının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək. Naxçıvanın mövcud alternativ və bərpaolunan enerji resursları bu layihələrin icrasına, eləcə də enerji ixracı imkanlarının təmin edilməsinə geniş imkanlar açır.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov görüşdə qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının energetika sistemi yenilənir və daha da təkmilləşdirilir, bərpaolunan enerji istehsalı və ixracı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Nazir qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşması ilə Naxçıvan hərtərəfli inkişaf edəcək, muxtar respublikanın enerji təhlükəsizliyi təmin ediləcək, bu diyar Avrasiyanın mühüm enerji qovşağına çevriləcək.
Görüşdə Naxçıvan Muxtar Respublikasında “Yaşıl enerji zonası” konsepsiyası təqdim olunub. Konsepsiya əsasında Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi, muxtar respublikada yeni elektrik stansiyalarının inşası və enerji ixracı layihələrinin icrası ilə bağlı görüləcək işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, konsepsiya bərpa olunan enerjinin istifadəsinin genişləndirilməsi, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunması, müasir şəbəkə infrastrukturunun qurulması, enerji ixracı imkanlarının genişləndirilməsi, karbon emissiyasının əhəmiyyətli dərəcədə azaldılması, innovativ texnologiyaların tətbiqi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və yeni iş yerlərinin yaradılması kimi hədəfləri özündə ehtiva edir. Ötən dövrdə aparılan mövcud vəziyyətin təhlili onu deməyə əsas verir ki, Naxçıvan bu layihələrin icrasını şərtləndirən zəngin Günəş, külək, hidro və bioenerji resurslarına malikdir.
Həmçinin Naxçıvan Muxtar Respublikasından enerji ixracının konseptual istiqamətlərinə dair təqdimat edilib. Müzakirələr zamanı Naxçıvandan elektrik enerjisinin müxtəlif marşrutlar üzrə ixracının bölgəni strateji enerji qovşağına çevirmə potensialı vurğulanıb. İclasın yekununda bu iqtisadi rayonun enerji sisteminin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.