Oktyabrın 10-da AMEA Naxçıvan Bölməsində Mədəniyyət Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə hazırladığı “Naxçıvan” biblioqrafiyasının təqdimatına həsr edilən tədbir keçirilib.
Tədbirdən öncə təqdimat iştirakçıları Bölmənin elmi fəaliyyətini əks etdirən zəngin sərgisi ilə tanış olublar.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev akademik nəşrdə Prezident cənab İlham Əliyevin Sərəncamının, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Nuhçıxandan Naxçıvana” adlı çox əhatəli giriş sözünün və Ulu Öndərimizin Naxçıvanla bağlı fikirlərinin yer almasını xüsusilə vurğulayıb.
Kitabın həm elmi aparatura cəhətdən, həm də məna və məğzinin mükəmməl şəkildə işlənməsini yüksək qiymətləndirən İsmayıl Hacıyev Naxçıvanın 100 illik tarixini əhatə edən belə bir biblioqrafiyanın hazırlanmasının böyük zəhmət tələb etdiyini diqqətə çatdırıb. Akademik həmçinin kitabın tarixçilər, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib. Nitqinin sonunda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının bütün kollektivinə minnətdarlıq edib və professor Kərim Tahirova üçcildlik “Naxçıvan tarixi” kitablarını təqdim edib.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov biblioqrafiyanın hazırlanma prosesi və məqsədləri barədə geniş məlumat verib. O bildirib ki, “Naxçıvan” biblioqrafiyası yalnız bir regionun deyil, bütövlükdə Azərbaycanın elmi və mədəni yaddaşının bir hissəsidir. Professor bu nəşrin gələcək nəsillərə miras qalacaq qiymətli mənbə olduğunu vurğulayıb. Kərim Tahirov M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 200-ə yaxın fundamental biblioqrafiyaları içərisində “Naxçıvan” biblioqrafiyasının həmişə yüksəkdə dayanacağını qeyd edib. Nitqinin sonunda İsmayıl Hacıyevə tədbirin təşkilinə və yaradılan şəraitə görə təşəkkür edib.
Azərbaycanda Atatürk Araşdırma Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Naxçıvanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatının araşdırılıb sistemləşdirilməsi baxımından “Naxçıvan” biblioqrafiyasını yüksək qiymətləndirib. Kərim Tahirov və komandasının işinin təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, Naxçıvan bölgəsi Azərbaycançılıq ideyasının formalaşması və yaşadılması baxımından strateji və simvolik əhəmiyyətə malikdir. Nizami Cəfərovun fikrincə, bu cür nəşrlər milli-mənəvi dəyərlərin təbliğində və qorunmasında mühüm rol oynayır.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Ümummilli Lider Heydər Əliyevin Ali Məclisdə AMEA Naxçıvan Bölməsinin yaradılması ilə bağlı nitqinə diqqət çəkib. Professor biblioqrafiyada ardıcılığın gözlənilməsini və elmi təsnifatın aparılmasını yüksək qiymətləndirib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edib. Kərim Tahirovun işinə göstərdiyi yüksək diqqətdən və başçılıq etdiyi kollektivin yaradıcı fəaliyyətindən danışıb. Bu biblioqrafiyanın Naxçıvan ziyalılarına məxsus materialları da əhatə etməsinin əhəmiyyətini qeyd edib. Kitabın tarixi mənbələr əsasında sistemli şəkildə tərtib olunduğunu və gələcək tədqiqatlar üçün etibarlı istinad mənbəyi rolunu oynayacağını bildirib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Naxçıvan” biblioqrafiyasının böyük bir zəhmətin bəhrəsi hesab etdiyini qeyd edib. Kitabda əhatə olunan mövzuların genişliyi və təqdimat formasının peşəkarlığını yüksək qiymətləndirib.
Tarix elmləri doktoru, professor Xəzər Hüseynov biblioqrafiyanın əhəmiyyətinə diqqət çəkib. Bu nəşrin tədqiqatçılar üçün geniş imkanlar açdığını qeyd edib.
Onu da qeyd edək ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgiyə də baxış keçirilib. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Naxchivan-100/index.htm linkindən istifadə edə bilərlər.
Sonda xatirə şəkli çəkilib.
Səbuhi HƏSƏNOV