Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) IX Beynəlxalq Türklərin Dünyası Sosial və Humanitar Elmlər Simpoziumunun açılışı baş tutub. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən gələn alim və tədqiqatçılar iştirak edib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək simpoziumun Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür beynəlxalq elmi platformalar ortaq mədəni irsin araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor, həmçinin ADPU-nun 104 illik tarixi ərzində türkoloji istiqamətdə elmi əməkdaşlığa daim xüsusi önəm verdiyini qeyd edib. Simpoziumun məqsədinin ortaq irsi daha dərindən öyrənmək, gələcək nəsillərə doğru və zəngin şəkildə çatdırmaq və türk xalqları arasında elmi, mədəni və ictimai əlaqələri daha da gücləndirmək olduğunu qeyd edən rektor türk xalqlarının mədəni inteqrasiyasında, milli-mənəvi birliyin formalaşmasında böyük əhəmiyyətə malik olduğunu bildirib.
Türklərin Dünyası İnstitutunun İdarə Heyətinin Sədri professor Necati Demir isə Türk dünyasının vahid elmi məkan kimi formalaşmasının vacibliyini diqqətə çatdırıb və konfransın vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu kimi simpoziumlar təkcə elm adamlarının fikir mübadiləsi üçün deyil, həm də ortaq kimliyin, ortaq düşüncə və strateji vizyonun formalaşmasına xidmət edir. Professor Demirin sözlərinə görə, Türk xalqları arasında vahid elmi məkanın yaradılması gələcək nəsillərin birlik ruhunda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
ADPU Türkoloji Mərkəzin direktoru f.ü.f.d. Şəkər Məmmədova, ADPU Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri dos. Dəyanət Musayev, Daşkənd Dövlət Hüquq Universitetinin dosenti Şahnoza Ziyamuhamedova, ADPU Türkoloji Mərkəzin Türk dilləri bölməsinin müdiri professor Mirvari İsmayılova çıxışlarında Türk xalqları arasında ortaq dəyərlərin qorunmasının və birgə elmi layihələrin zəruriliyini vurğulayıblar.
Simpozium çərçivəsində türk dilləri, ədəbiyyatı, tarixi, folkloru, mədəni irsi və ənənəvi türk oyunları mövzularında məruzələr təqdim olunacaq. Bir neçə gün davam edəcək elmi sessiyalarda müxtəlif universitetlərdən olan alimlər arasında fikir mübadiləsi aparılacaq.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcəyi gözlənilir.
XQ