Abbasabad qalasının sirri

post-img

1812-ci ildə Napoleon Bonapart bu qala ilə maraqlanırmış

Araz çayının sahilində, Yazdabadın yerində tikilən beşbucaqlı qala... Bu qala təkcə Naxçıvanın deyil, XIX əsrdə Qafqaz hərb tarixinin açar düyünlərindən biridir. Fransız mühəndisinin planı, britaniyalı zabitin xəritəsi, rus komandanlığının mühasirə taktikası – hamısı eyni koordinatda kəsişir.

Sular altında qalan bu istehkamı kağız üzərində “dirildən” plan və xatirələr, əslində, bizi sərt faktlarla üz-üzə qoyur: 1810-cu ilin mühəndisliyi, 1827-ci ilin siyasi-hərbi həqiqəti və Araz su qovşağının yaratdığı yeni coğrafiya. Bəli, söhbət tarixin qaranlıq səhifələrində məqsədli şəkildə gizli saxlanılmış, araşdırılması üçün ilkin mənbələri “itirilmiş”, lakin tədqiqatına böyük ehtiyac duyulan sirli, istehkam tipli qalalarımızdan biri – Naxçıvan şəhərindən altı kilometr cənub-şərqində, bir zamanlar Araz çayı sahilində əzəmətli duruşu ilə hər kəsi heyran edən, Araz su qovşağı inşa olunarkən (1967-1971) naməlum səbəblərdən su altında qalmış Abbasabad qalasından gedir.

Bu, rəvayət deyil, xəritələrdə yaşayan tarixin özüdür. Abbasabad qalası ilə bağlı AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Musa Rəhimoğlu-Quliyevin elmi araşdırmaları var. Məlumatlara rusdilli mənbələrdə rast gəlmək mümkündür. Abbasabad qalası tarixi-hərbi istehkamdır. Azərbaycan ərazilərinin işğalında “müstəsna” rolu olan Paskeviçin şəxsi arxiv fondunda bu qala barədə qiymətli məlumatlar əldə etmək mümkündür. Qraf Paskeviç əvvəlcədən işğal edəcəyi ərazilərin, o cümlədən müdafiə qalalarının, xüsusən Abbasabad qalasının müfəssəl planını tərtib etmiş və onu tam məxfi saxlamışdı. Onun planında qalanın 3 girişi (qapısı) olduğu təsvir edilib: Naxçıvan, Araz, Nehrəm. Planda qalaya gedən yollar, Xan evi, Baş “hauptvaxt”, məscid, kazarmalar, süvarilər üçün yer, dükanlar, digər tikililər, Araz çayını keçmək üçün araba körpülər qeyd olunub.

Abbasabad qalasının işğalında iştirak edən general-leytenant, knyaz M.Şerbatovun əsərində heç yerdə əks olunmayan yeni məlumatlar verilib, əsərə xəritələr əlavə edilib. Bu xəritələr rus–İran müharibələrinin gedişi barədə aydın təsəvvür yaratmaqla yanaşı, Abbasabad qalası ətrafında gedən döyüşlərin dəqiq koordinatlarını öyrənməyə imkan verir.

* * *

1816 və 1834-cü ildə Naxçıvanda olmuş baron Korf “İran haqqında xatirələr” kitabında yazır: “Bu ölkədə 25 il əvvəl Abbas Mirzə tərəfindən tikilmiş qalanı (Abbasabad qalası nəzərdə tutulur - Y.X.) gördüm. Qala Abbas Mirzənin xidmətində olmuş fransız mühəndislərin layihəsi əsasında inşa edilib”. Qalanın fransız mühəndisləri tərəfindən tikilməsinə tarixi ədəbiyyatda rast gəlinsə də, bu günədək Azərbaycan oxucusuna onların adı və şəxsiyyətləri məlum deyil. Yeni sənədlərin izi ilə araşdırmalar edərkən mühəndislərindən birinin, həm də ən əsas fiqurun adını öyrənə bildik. Qaynaqlarda onun adı Armand-François Lamy (1781-1839) (ingilisdilli mətnlərdə “Lamy”) kimi keçir. O, sonralar Marechal de camp rütbəli general, 1831-1839-cu illərdə Fransa Senatının deputatı olub. Lamy 1807-1809-cu illərdə Napoleonun General Gardane missiyasının tərkibində Qacarlara hərbi-mühəndis dəstəyi verən dörd zabitdən biri olub. Abbasabad qalası məhz onun layihəsi əsasında “Avropa modeli”ndə qurulub.

Bəzi müəlliflərin fərziyyəsinə görə, 1812-ci ildə Napoleon Bonapart bu qala ilə bağlı “xüsusi tədqiqat”la maraqlanıb. Həmin tarixdə Fransa–Qacarlar hərbi əməkdaşlığını təsdiqləyən faktlar olsa da, Napoleonun 1812-ci ildə qalaya dair “xüsusi tədqiqat” iddiasını təsdiqləyən sənəd yoxdur.

Vilyam Monteith 1810-cu ildə Sir John Malcolm səfirliyinin tərkibində Təbrizdə olarkən Abbas Mirzənin xahişi ilə Araz çayı boyu rus fortportlarını tədqiq edir. O, həm mühəndis-istehkamçı, həm də sahə müşahidəçisi kimi İran–Qafqaz hadisələrinin birbaşa içində olub. Abbasabad qalasının layihəsini təkmilləşdirməsi, Rus–İran müharibəsindəki təcrübəsi, sonrakı diplomatik fəaliyyəti, geocoğrafi məzmunlu tarixi yazıları onu region üçün vacib müəllifə çevirir.

Monteithin Abbasabad qalası planı (“Plan of the fortress of Abbasabad by W. Monteith”) hazırda Böyük Britaniyanın Kew (The National Archives) Milli Arxivində “FO 60/14” qrifti altında saxlanılır.

Diqqətçəkən bir faktı da nəzərinizə çatdıraq. 1814-cü ildə bir müşahidəçi qalanın müəyyən vaxtlarda barıt anbarına çevrilməsi, habelə qala divarlarında “ağır daşların yuxarıya qoyulması” kimi texniki qüsurlar səbəbilə hər il uçuqlar barədə məlumat verib. Qalaya sonrakı əlavələr müdafiəni zəiflətmiş, zəlzələlər isə ciddi ziyan vurmuşdur.

Rus tarixçisi N.Nefedyevin Abbasabad qalası barədə qeydlərinə nəzər salmaq maraqlı olar: “Abbasabad qalası Naxçıvana gedən yolun qarşısındadır. Mən bu qalaya getməyi özümə borc bildim. Fransız mühəndisin bu əsərinə baxmaq ehtiram borcum idi. Dərin xəndəklər su ilə doldurulmuş, iki cərgəli divarlarda atəş açmaq üçün yerlər qoyulmuşdu. Sığınacaqlar və digər müdafiə mövqeləri xeyli gücləndirilmişdi. Onlar qalanı tikərkən uzaqgörənliklə nəzərə almışdılar ki, qalanın qarnizonu Arazın üstündəki körpünü görə və lazım olduqda geri çəkilərkən öz təhlükəsizliyini təmin edə bilsin”.

* * *

Araşdırmalar onu deməyə əsas verir ki, beşbucaq formasında və bürcləri olmuş Abbasabad qalası 1809-1810-cu illərdə tikilib. Ehtimal var ki, qala köhnə bir qalanın yerində inşa edilib. Qala divarlarının hündürlüyü 4 metr 30 santimetr, qalınlığı 60 santimetr olub.

Qeyd edək ki, Rusiya–İran (1826-1828-ci illər) müharibəsi zamanı İranı tutmaq üçün rus hərbçiləri tərəfindən “ürək” adlandırılan Abbasabad qalasında gərgin döyüşlər gedib.

Qalanın planı ilə bağlı məlumatlara və xəritələrə nəzər saldıqda Araz çayından sağda xüsusi istehkam qeyd olunub və burada Xoy şəhərinə gedən yol göstərilir. Bu istehkam qalanın “Araz” darvazası ilə üzbəüzdür. Maraq doğuran məqamlardan biri də odur ki, Arazın o tayına qaladan gizli yolun olması o dövrün yaşlı adamları tərəfindən dilə gətirilib. Nəzərə alsaq ki, tarixdə hərbi məqsədlər üçün tikilən bu cür analoji istehkam qalalarının bir çoxunda yeraltı gizli yollar olub, o zaman Abbasabad qalasından da tunellər vasitəsilə keçidlərin olması ehtimalı ağlabatan və məntiqlidir.

Tarix və arxeologiya üzrə mütəxəssis, general S.Alekseyevin fikridir: “Abbasabad qalası barədə ölkənin (yəni keçmiş SSRİ-nin) Müdafiə Nazirliyinə məxsus “Xalqların milli xəritəçilik informasiya” idarəsində məxfi saxlanılan 142 səhifəlik material var”. Təəssüflər olsun ki, əlimizdə sözügedən materialın varlığını təsdiq edən əlavə məlumatlar yoxdur.

Təəssüflər olsun ki, Abbasabad qalası ilə bağlı maraqlı araşdırmalar geniş ictimaiyyətə çatdırılmayıb. Hazırda qala haqqında tədqiqatını gözləyən, iki yüzdən artıq qədim əlyazmada son dərəcə maraqlı və dəyərli faktlar, eləcə də qalanın inşa şəraiti, plan-layihəsi, habelə qaladan gedən gizli yollar barədə məlumatlar, qalanın naməlum səbəblərdən su altında qalması ilə bağlı nüanslar hələ də təfərrüatlı şəkildə tədqiqini gözləyir.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universiteti ümumi hüquq kafedrasının müəllimi



Sosial həyat