Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare Göygöl rayonuna rəsmi səfər edib. Səfərin məqsədi 1944–1948-ci illərdə Azərbaycanda düşərgələrdə həlak olmuş rumıniyalı hərbi əsirlərin xatirəsinə Rumıniya Səfirliyi tərəfindən ucaldılmış abidənin açılış mərasimində iştirak etmək olub.
Abidə II Dünya müharibəsində əsir düşənlərin 1 saylı qəbiristanlığında (Xanlar I) yerləşir. Bu abidənin ucaldılması Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlərə sadiqliyin bariz göstəricisidir.
Səfir və nümayəndə heyəti səfər çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə görüşüb. Görüş zamanı Azərbaycan–Rumıniya münasibətləri, əməkdaşlığın inkişaf perspektivləri və iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Rəsmi görüşdən sonra qonaqlar Göygölün tarixi məkanlarını-alman kilsəsini, şərab zavodunu, həmçinin II Dünya müharibəsində əsir düşənlərin 2 saylı qəbiristanlığını və digər tarixi yerləri ziyarət ediblər.
Səfərin sonunda səfir və nümayəndə heyəti Göygöldən dərin təəssüratlarla ayrılıblar.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri













