Yadımdadır, 1980-ci illərin sonunda bir dəfə İstanbuldan Moskvaya uçurduq. Yanımda hazırda Sankt-Peterburq adlanan, o dönəmdə Leninqrad deyə çağırılan şəhərdən olan bir ziyalı, alim xanım əyləşmişdi. Biləndə ki, bizim uçacağımız təyyərənin heyəti türk pilotlarıdır, xanım xeyli sevindi.
Yol yoldaşımın arqumenti bu oldu ki, türklər səriştəli və məsuliyyətli insanlardır. Bu sözlər, təbii ki, mənə çox xoş oldu. Həqiqətən, vaxtında və çox rahat mənzilbaşına çatdıq.
Bu günlərdə isə qlobal mediada belə xəbər yayılıb ki, “Türk Hava Yolları” (THY) aviaşirkəti 2035-ci ilə qədər inventarını tamamilə yeni nəsil təyyarələrlə təchiz etməyi hədəfləyir. Bununla bağlı aviaşirkət məlumat yayıb.
Məlumatda qeyd edilib ki, THY İdarə Heyəti 2029–2034-cü illər arasında təhvil alınmaq şərti ilə Amerika təyyarə istehsalçısı “Boeing”dən 75 ədəd “B-787-9” və “B-787-10” tipli təyyarənin alınmasına qərar verib.
Açıqlamada, həmçinin 150 ədəd “737-8/10 MAX” tipli təyyarənin alınması məsələsində də “Boeing” ilə aparılan danışıqların tamamlandığı qeyd olunub. Bu sifarişlərin dəqiqləşməsi mühərrik istehsalçısı “CFM International” ilə aparılan danışıqların uğurla başa çatması nəticəsində mümkün olub.
Sonda bu an qəlbimizdən dilimizə axan bir arzunu səsləndirmək qalır: səmanız həmişə aydın olsun, qardaş türk pilotlar!

