İssık-göl – qırğız ruhunun aynası5

post-img

Dünyanın ən gözəl, gözoxşayan qapalı su hövzələrindən biridir İssık-göl! Qırğızıstanda Tyan-Şan dağlarında yerləşir. Duzlu göldür, kənara heç bir axımı yoxdur. Duzluluğu, təxminən, 6 promildir. Gölün ən dərin yeri isə 937 metrdir. İssık-göl qırğız dilində “İsti göl” deməkdir.

İssık-gölün səciyyəvi özəlliklərindən biri budur ki, dəniz səviyyəsindən 1607 metr yüksəklikdə yerləşməsinə və qışda şiddətli soyuqlara məruz qalmasına baxmayaraq, duzluluq səbəbindən nadir hallarda donur. Həm də gölə isti yeraltı sular axır. Bu da, təbii ki, öz növbəsində onun donmasına imkan vermir.

İssık-gölün ən uzun hissəsi 178 kilometr, ən enli hissəsi isə 60 kilometrdir. Cənubi Amerikadakı Titikaka gölündən sonra dünyanın ikinci ən böyük dağ gölüdür.

Sovet dövründə İssık-göl məşhur istirahət mərkəzinə çevrilmiṣdi, indi də onun sahillərində çox sayda sanatoriyalar, pansionatlar və istirahət evləri var. Onların çoxu Çolpon-Ata şəhəri və onun ətrafında cəmləşib.

İssık-göl qırğız şair və müğənnilərinin daim ilham mənbəyidir və bu gün də belədir. Bu mövzuda ən gözəl şeirlərdən birini isə cəmi 35 il ömür sürmüş məşhur qırğız şairi Alıkul Osmonov yazıb. Şeir 1938-ci ildə qələmə alınıb. Orada deyilir:

İssık-göl, sən mənim sevgim, sevincim,
İlhamın misramı dalğalandırır.
Səmadan süzülən zərrin şəfəqlər
Masmavi ləpəni yırğalandırır.

İssık-göl, sən mənim sönməyən sevdam,
Sözümün canında ləpələnirsən.
Gözləri oxşayan gözəlliyinlə,
Ömrümə-günümə səpələnirsən.

İssık-göl, varlığın yaşadır məni,
Bəxtimdən razıyam - şükür, varımsan.
Yorulmaq bilməyir şıltaq ləpələr,
Sən mənim can dostum, nazlı yarımsan.

Mənim nazlı gölüm, gül üzümüzə –
Səninlə birlikdə gözəldir həyat.
Hüsnünə yaraşan nəğməsi, yoxsa
Zəif şairləri süpürləyib at!

Sosial həyat