Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib

post-img

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə tədbir təşkil edilib.  

“Naxçıvan Saray”da keçirilən tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.  

Tədbirdə cümhuriyyət tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya Prezident Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Günü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə ünvanladığı təbrik məktubunu oxuyub.

Azərbaycan-Türkiyə münasibətlərinin ölkə başçılarının müəyyən etdiyi hədəflər işığında hər sahədə sürətlə genişlənməsini və inkişafını böyük məmnuniyyətlə vurğulayan Baş konsul son dövrlərdə birgə fəaliyyət əsasında Naxçıvanda reallaşdırılan layihələrdən söz açıb. Bildirib ki, “Ziraat bank”ın Naxçıvan filialının fəaliyyətə başlaması, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik olan İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi kimi bir sıra layihələrin icrası qardaşlıq və dostluq əlaqələrimizin davamı kimi məmnunluq doğurur. Həmçinin Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyi Mədən tədqiqi və axtarış baş idarəsi tərəfindən Naxçıvanın zəngin yeraltı sərvətlərinin öyrənilməsi istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Dünyanın bir sıra ölkəsində uğurla fəaliyyət göstərən Türkiyə Maarif Fondu tərəfindən Naxçıvanda yeni məktəb binasının inşası da planlaşdırılan layihələr sırasındadır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə tədbir iştirakçılarını və bütün Türkiyə xalqını təbrik edib, sülh, firavanlıq və tərəqqi arzulayıb.

Samir Seyidəhmədli vurğulayıb ki, Azərbaycan və Türkiyə xalqları tarixboyu hər zaman bir-birinin yanında olub, sevinclərini də, çətinliklərini də birlikdə yaşayıb. Bu qardaşlıq və dəstək yalnız sözlərlə deyil, real hadisələrdə də özünü göstərir. 

Səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan-Türkiyə münasibətlərində xüsusi yer tutur. Azərbaycanla Türkiyə arasında enerji, infrastruktur, təhsil və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrdə Naxçıvan xüsusi rol oynayır və həm regionun, həm də ölkəmizin inkişafına töhfə verir. Hazırda Azərbaycan və Türkiyə arasında birliyi, iqtisadi əməkdaşlığı və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək bir çox layihələr icra edilir. Bu layihələrdən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz təkcə regionun nəqliyyat və logistika xəritəsini dəyişməyəcək, həm də Türk dünyasını birləşdirən yeni strateji yol olacaq. Eyni zamanda İğdır-Naxçıvan qaz kəmərinin reallaşdırılması enerji sahəsində ölkələrimizin strateji əməkdaşlığını daha da möhkəmləndirir. Qars-Naxçıvan dəmir yolunun tikintisinə başlanılması isə tarixi bir layihədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə arasında dostluq körpülərinin möhkəmlənməsində, o cümlədən regionun inkişafına, Türk dünyasının birliyi və gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlığın daha da inkişaf etdirilməsində Naxçıvan Muxtar Respublikası strateji əhəmiyyət daşıyır. 

Tədbir bədii hissə ilə davam edib.  Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin tələbələri, eləcə də Naxçıvanda təhsil alan türkiyəli tələbələrin birgə hazırladıqları musiqili proqram bayram tədbirinə xüsusi rəng qatıb.

Qeyd edək ki, tədbirdə rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.  

Səbuhi HƏSƏNOV
XQ











Sosial həyat