Lerikdə ekofestival

post-img

Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyində yerləşən “Cənub” turizm istirahət mərkəzində əsl bayram ovqatı hiss olunurdu. İlk dəfə mərkəzin yaşıllığa bürünmüş səfalı, füsunkar bir guşəsində Lerik Rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyi Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı ilə ekofestival keçirilirdi.

Yerli sahibkarların istehsal etdikləri kənd təsərrüfatı və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri, gənc rəssamların əl işlərindən ibarət sərgilər uzaqdan diqqəti cəlb edirdi.

Sıra ilə düzülmüş çadırlarda Vizəzəmin kəndindən fermer Elşad Əmirovun nur balı adı ilə istehsal etdiyi arıçılıq məhsulları, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lerik filialının xalçaçı qrupunun toxuduğu xalçalar, V.İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın təsviri incəsənət müəllimi Afət Novruzovanın muncuqlardan hazırladığı tətbiqi sənət nümunələri, tablolar, Dövlət Turizm Agentliyinin “Gənclərə iş, turistlərə nəvaziş!” layihəsi çərçivəsində Bibiyani kəndinin nemətləri, Lənkəran rayonunun Havzava kəndində istehsal olunmuş növbənöv düyülər, “Sitrus Valley” fermer təsərrüfatının rəhbəri Rəftarə Şükürovanın yetişdirdiyi sitrus meyvələri, Lənkəran rayonunun Vilvan kəndindən sahibkar Xalidə İsmayılovanın qamışdan toxuduğu zənbillər, səbətlər, Lerik rayonunun Zuvand və Orand ərazisində yetişdirilən tərəvəz və meyvələr nümayiş olunurdu. Festival çərçivəsində yerli məhsulların satış yarmarkası, dequstasiya, ustad təqdimatları iştirakçılar tərfindən maraqla qarşılanırdı.

Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov bildirdi ki, festivalın məqsədi cənub bölgəsinin unikal təbiətinin biomüxtəlifliyini, insanların qonaqpərvərliyini, zəngin adət-ənənələrini və qədim mədəniyyətini təqdimat etməkdən ibarətdir. Həmçinin rayonun ekoturizm potensialını və turizm məhsullarını tanıtmaq, bölgə turizmində mövsümlülüyü aradan qaldırmaq, kənd turizminə dəstək olmaq, ekoturizm və aqrobiomüxtəliflik ehtiyatlarını təşviq etmək, yerli fermerlərin turizmə inteqrasiyasına və regionların dayanıqlı inkişafına real töhfə vermək baxımından festivalın əhəmiyyəti böyükdür.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, icra aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimiyyətinin nümayəndələri sərgilər, yerli gənclərin innovativ təqdimatları, gənc idmançıların çıxışları ilə yaxından tanış oldular.

Festivalda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, “Lənkəran Springs Welness Resort”, “Cənub” turizm istirahət mərkəzi tərəfdaş kimi fəal iştirak edirdi.

Paytaxtdan gəlmiş incəsənət ustalarının və yerli musiqi kollektivlərinin rəngarəng çıxışları tədbiri daha da rövnəqləndirdi.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



Sosial həyat