Bu sətirlərin müəllifi Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimli ilə eyni təhsil ocağının - Sumqayıtdakı 14 nömrəli məktəbin məzunu olması ilə fəxr edir. Ayrı-ayrı vaxtlarda olsa da, məhz həmin məktəbin siniflərində oturmuş, həyətində gəzmiş, idman meydançasında top qovmuşuq. Məktəbimiz indi onun adını daşıyır.
Baş leytenant Adil İbrahimli əsl peşəkar hərbçi olub. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, ardınca isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. Son vəzifəsi qrup komandiri və baş kəşfiyyatçı idi. Silahdaşları onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şücaətindən, son damla qanınadək vuruşmasından iftixarla danışırlar.
Adil 2015–2017-ci illərdə Milli Ordunun “N” saylı hərbi hissəsində qulluqda olub. Sonra isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında baş kəşfiyyatçı, qrup komandirinin müavini, qrup komandiri vəzifələrində xidmət edib. Türkiyədə 1 illik “Komando” kursunu fərqlənmə ilə bitirib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində hünərini parlaq şəkildə göstərə bilib.
O, Murovdağ uğrunda gedən ölüm-dirim savaşında, Cəbrayıl, Suqovuşan, Füzuli, Hadrut, Şuşa döyüşlərində iştirak edib, 40 gün vuruşub. Son əməliyyat tapşırığı Xocavənddə olub. Orada da böyük rəşadət göstərib, yaralı olsa da, yerə çökməyib, geri durmayıb. Noyabrın 7-də Böyük Qələbəyə saatlar qalanda şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası ilə bağlı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, Kəlbəcərin, Xocavəndin, Şuşanın və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.
Adil İbrahimlinin dəfn mərasimi zamanı həyat yoldaşı Nargül xanım da çiynini onun tabutunun altına verib. Nargül İbrahimli həm də “Azərbaycan bayrağı” ordenli şəhid leytenant Elton Qənbərlinin bacısıdır. Onun dedikləri:
- 20 gün ərzində qardaşımı və ömür-gün dostumu itirmişəm. Adillə Eltonu Zəfər adlı bir ağacın iki budağı timsalında görürəm. “Vətən sağ olsun!” deyərək, itkilərin ağrısına sinə gərmiş, anama və qayınanama dayaq olmuşam. Adil Eltondan 5 yaş böyük idi. Hər ikisi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdilər. Şəhid olanda Adil baş leytenant, Elton isə leytenant rütbəsində idi. Belə oğulları olan Vətən basılmaz.
Adilin atası - Birinci Qarabağ müharibəsinin qazisi Asəm kişi də əsl vətənpərvərdir. 1992-ci ildə müharibəyə könüllü gedib. Elə həmin ildə dünyaya gəlmiş Adildə hərb sahəsinə marağı da o və əmisi – HHQ-də xidmət etmiş polkovnik Elman İbrahimov oyadıb.
Asəm kişinin dedikləri:
- Adil hərbi təhsil aldıqdan sonra zabit kimi Vətən qulluğunda layiqincə dayanıb. 2017-ci ildə XTQ-yə qəbul edilib və orada fəaliyyət göstərdiyi zaman daşıdığı ada layiq olduğunu dəfələrlə sübut edib... Son dəfə Adillə oktyabrın 30-da danışdım. Dedi ki, ata, işlərimiz yaxşıdır. Təlimlərimiz yaxşı gedir. Heç vaxt “döyüş” deməzdi. Tezliklə qayıdacağını söylədi. Amma ömründə ilk və son dəfə yalan danışdı balam...
Qürur duyuram ki, belə bir igidin atasıyam. Bir dəfə general Hikmət Mirzəyevlə görüşəndə mənə dedi: “Sağ ol ki, belə igid böyütmüsən”. 2021-ci il sentyabrın 27-də Anım Günü münasibətilə Bakının mərkəzində keçirilən yürüşdə Prezident, Ali Baş Komandan İlham Əliyev oğlumun şəklini əlində tutmuşdu. Biz Adilin şəklinin ön sıralarda olacağını bilirdik, amma Prezidentimizin onu tutacağını bilmirdik. Bununla hədsiz dərəcədə fəxr edirəm.
Qəhrəmanın atası özü müharibə iştirakçısı olsa da, veteran vəsiqəsi almayıb. Deyib ki, Birinci Qarabağ savaşında torpaqları qoruya bilməmişik, şəhidlərin ruhundan ayıbdır. Amma Zəfər yürüşünün öncüllərindən olan oğlunun dövlət təltiflərini tutiya kimi qoruyub saxlayır, kiməsə göstərəndə də sevincdən gözləri yaşarır.
Ə.ƏLİYEV
XQ

