İnanclar müxtəlif olsa da, inam və sevgilər ortaqdır
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirdiyi və ölkəmizdəki dini konfensiya təmsilçilərinin iştirak etdiyi “Fərqliliyin rəngi” festivalı dini və mədəni rəngarəngliyin təntənəsinə çevrildi.
Festivalda müxtəlif dinləri təmsil edən stendlərdə sərgilənən qədim əl işləri, milli geyim nümunələri, müqəddəs kitablar və dini atributlar bir-birini tamamlayaraq zalda mənəvi rəngarənglik, tolerantlıq ab-havası yaratmışdı.
Ziyarətçilər Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Dağ Yəhudiləri, Sefarad Yəhudiləri və Avropa Yəhudilərinin Bakı dini icmaları, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmalarının təqdimatları ilə maraqla tanış olur, hər birinin özünəməxsus ənənəsini yaxından izləyirdilər. Festivalın əsas məqsədi isə bu müxtəliflikdə harmoniyanı – Azərbaycandakı dini tolerantlıq və milli birliyin canlı təzahürünü göstərmək idi.
Açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirdi ki, biz tarixin keşməkeşli və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq. Bu dövlət dini və etnik mənsubiyyətindən, əqidəsindən, inancından asılı olmayaraq ölkəmizdə yaşayan hər kəsin ümumi sərvətidir. Ölkəmizdə məscid, kilsə və sinaqoqların yanaşı fəaliyyəti qarşılıqlı hörməti və multikultural dəyərləri təcəssüm etdirir. Salonda yanaşı yer alan bu çadırlar eyni vətənin övladları olaraq bizi birləşdirən mənəvi körpünün dayaqlarıdır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qeyd etdi ki, Qarabağ savaşında yalnız azərbaycanlılar deyil, ölkəmizdə yaşayan bütün xalqlar və millətlər şəhid verdilər. Elə birləşmişik ki, bizi etnik-dini zəmində ayırmaq qeyri-mümkündür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söylədi ki, fərqliliyimiz üstünlük yox, təbii həyat tərzimizdir. Prezident İlham Əliyevin siyasəti də məhz belə bir irs çərçivəsində Azərbaycanın keçmişinə, elmi-mədəni nailiyyətlərə əsaslanır.
“Alov” xristian dini icmasının stendində xüsusi istilik duyulurdu. İcmanın sədri İdris Məmmədov bildirdi ki, “alov” sözü inamın istiliyi deməkdir:
– Bu alov işıq salmaq üçündür. Mənim üçün bu gün müxtəlif dinlərin işığının yanaşı parlaması çox dəyərlidir. Bu, anlayışın, sevginin və həmrəyliyin ahəngidir.
“Həyat sözü-2” xristian dini icmasının sədri Elçin Paşayev isə qeyd etdi ki, icma 30 ildən çoxdur ölkəmizdə fəaliyyət göstərir:
– Bu kilsə protestantlığın əsas qollarından biri – yevangelist (müjdəçilik) istiqamətini təmsil edir. Ayinlərdəki müxtəlifliyə və ilahiyyatın bəzi nüanslarında fərqlərə baxmayaraq, dinləri birləşdirən ortaq dəyər imana sadiqlik və insan sevgisidir.
Ölkənizlə tanışlığımız 1993-cü ildə başladı. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin “Həyat sözü” kilsəsi rəhbərinin müavini Karl Qustav Severinlə görüşündən sonra bizə erməni təcavüzündən zərər çəkmiş qaçqınlara yardım etmək, eləcə də ölkədə azad şəkildə fəaliyyət göstərmək imkanı yaradıldı.
Rəngarəng geyimləri ilə diqqət çəkən “Krişna şüuru” stendinə yaxınlaşdıq, Mariya xanımla həmsöhbət olduq:
– “Krişna şüuru” cəmiyyəti qədim Veda təliminə əsaslanır. Veda sanskrit dilindən tərcümədə “bilik”, “mərifət”, “ilahi hikmət” mənasını verir.
Vedalar çoxsaylı mənbələri birləşdirir, lakin “Krişna şüuru “ ən çox “Bhaqavat–Qita olduğu kimi” adlı müqəddəs mətndən qaynaqlanır. Bu kitab hind fəlsəfəsinin və ilahiyyatının zirvəsi sayılır. Onun mahiyyəti insanla Allah arasında dialoqa – ruhun Yaradanla söhbətinə əsaslanır. “Bhaqavad–Qita” öyrədir ki, insanın varlığı yalnız cismani deyil, onun həqiqi varlığı olan ruh əbədidir.
Azərbaycanın tolerantlıq nümunəsi haqqında danışarkən “Dağ yəhudiləri” icmasından söz açmamaq olmaz. İcmanın nümayəndəsi Fərhad bəy bildirdi:
– Bizi fərqləndirən cəhət yerli adətləri dinə qarışdırmamaqdır. Bəzi ailələrdə Novruzda süfrə açmaq, baharı qarşılamaq kimi adətlər də var. Biz bu ənənəni sadəcə dini deyil, mədəni körpü kimi yaşadırıq. Həm Qafqazın işığını, həm İsrailin inancını daşıyırıq.
Festival bir daha sübut edir ki, Azərbaycan torpağı əsrlər boyu müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin beşiyi olub. Burada sükut içində səslər bir-birinə qarışır — sinaqoqun duası, kilsənin zəngi, məscidin azanı. Bu səslər bir-birinə zidd deyil, əksinə, eyni harmoniyanın müxtəlif notlarıdır.
Fidan ƏLİYEVA
XQ



