Hərbi parad ölkəmizin gücünün təsdiqi kimi yadda qaldı

post-img

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan üçün yalnız hərbi uğurun təntənəsi kimi yadda qalmadı, eyni zamanda dövlətin strateji düşüncəsinin, milli birliyin və gələcəyə yönəlmiş baxışının simvolu olaraq tarixi anlar yaşatdı. Bu həm də onu göstərdi ki, Azərbaycan təkcə regionda deyil, beynəlxalq müstəvidə də öz mövqeyini qoruyub saxlayan, müstəqil qərarlar qəbul edən və onları uğurla həyata keçirən dövlətə çevrilib. Paradda orduda baş vermiş keyfiyyət dəyişiklikləri diqqəti çəkdi, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi hazırlığının təsadüfi olmadığını sübut etdi. Bu uğur Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların, peşəkar idarəetmənin və milli ruhun bir nəticəsi idi. Parad zamanı nümayiş olunan müasir silah sistemləri, texnoloji dronlar və yüksək hazırlıqlı zabit heyəti ordunun regional və qlobal standartlara cavab verdiyini göstərdi. Beləliklə, paradın nəticəsində aydın oldu ki, Azərbaycan ordusu yalnız sayı ilə deyil, həm də hərbi keyfiyyət və taktiki hazırlıq baxımından güclü, müasir qüvvəyə çevrilib.

Paradda göstərilən texnika və silahlar, xüsusilə pilotsuz uçuş aparatları, artilleriya sistemləri və zirehli maşınlar Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin nümayişi kimi yadda qaldı. Bu, yalnız texnoloji üstünlük deyil, həm də strateji müstəqillik deməkdir. Dövlət artıq xarici asılılıqdan çıxaraq milli istehsal potensialını formalaşdırıb və öz müdafiə siyasətini daha sərbəst həyata keçirir.
Zəfər paradı həm də Azərbaycanın yeni çağırışlara cavab vermə qabiliyyətini göstərdi. Müharibədən sonrakı dövrdə bərpa və inkişaf işləri sürətlə aparılmaqdadır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri, “Böyük Qayıdış” proqramı, iqtisadiyyatın şaxələndirilməsi və enerji layihələri dövlətin dayanıqlı inkişaf modelini təsdiqləyir. 

Paradda siyasi mesaj da aydın şəkildə çatdırıldı. Azərbaycanı heç kim hədələyə bilməz! Bu yalnız söz deyil, faktlarla sübut olunmuş real güc göstəricisidir. Bir vaxtlar torpaqlarımızı işğal altında saxlayan qüvvələr artıq regionda rol oynaya bilmir. 

Ali Baş Komandanın çıxışı göstərdi ki, Azərbaycan regiondakı yeni reallıqların müəyyənləşdiricisidir və öz müstəqil siyasətini həyata keçirir.

Tədbirdə qardaş Türkiyə və Pakistan hərbçilərinin iştirakı həm hərbi, həm də diplomatik əhəmiyyət daşıdı. Bu, Azərbaycanın strateji tərəfdaşlıq və regional təhlükəsizlik siyasətindəki rolunu əyani şəkildə nümayiş etdirdi. Qardaş ölkə liderlərinin zəfər paradında iştirakı da onu bəyan etdi ki, Azərbaycan tək deyil və onun arxasında güclü beynəlxalq dəstək dayanır. 

Nəticə etibarilə hərbi parad təkcə dövlətin hərbi qüdrətinin nümayişi deyil, həm də milli birliyin, xalqın dövlətinə olan inamının və gələcəyə yönəlmiş strateji baxışının təcəssümü oldu. Parad açıq şəkildə bəyan etdi ki, Azərbaycan qalib dövlətdir, regionda sülh və sabitliyi təmin edə bilən gücə çevrilib və onun qarşısında heç bir qüvvə dayana bilməz. Bu möhtəşəm tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıraraq onun gələcək inkişaf yolunda strateji mövqelərini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Sosial həyat