Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası sosial inkişafa təminat yaradan, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədlərindən biri kimi bəyan edən mükəmməl ali hüquqi sənəddir.
XQ xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən tədbirdə vurğulanıb.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Konstitusiyasının ölkəmizdə insan hüquq və azadlıqlarının təminatına zəmin yaratdığını, Əsas Qanunumuzda hər kəsin sosial təminat hüququna malik olduğunun bəyan edildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin tapşırıqları əsasında, ölkəmizdə son illər aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb.
DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırdığını qeyd edib. Bildirilib ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən 60-dan çox sənəd imzalanıb və həmin dövrdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artıb.
Millət vəkili, Mili Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov və digər çıxış edənlər Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının sosial dövlət konsepsiyasını özündə ehtiva etdiyini vurğulayıblar. Əsas Qanunumuzda Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qaldığının bəyan olunduğu qeyd edilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub.



