Daha bir istedadlı jurnalistimizi itirdik

post-img

O, hələ çox şey yaza, danışa, işıqlandıra, təhlil edə bilərdi… Təəssüf ki, bu sözləri artıq keçmiş zamanda deyirik.

İstedadlı həmkarımız, 48 yaşlı jurnalist Emin İbrahimov yaradıcılığının, həyat enerjisinin ən yüksək dövründə Türkiyədə baş vermiş avtomobil qəzası nəticəsində faciəli şəkildə həlak olub. Bu xəbər onu həm həyatda, həm də reportajlarından tanıyan hər kəsi dərindən kədərləndirdi. Çoxları Emin İbrahimovu “Euronews” telekanalının Azərbaycan həqiqətləri barədə telesüjet və reportajların müəllifi kimi tanıyırdı. O, yerli və beynəlxalq media mühitində özünə layiqli yer qazanmışdı - peşəkarlığı, obyektivliyi və insani keyfiyyətləri ilə həmkarlarının, tamaşaçıların sevimlisinə çevrilmişdi.

Hər bir insanın həyatında elə bir dövr var ki, o, istedadın, peşəkar formalaşmanın zirvəsinə çatır, Emin üçün bu dövr, şübhəsiz ki, 2020-ci il Vətən müharibəsi zamanı idi. Onun həmin günlərdə hazırladığı reportajlar obyektivliyi, vətəndaşlıq mövqeyi və yüksək jurnalist ustalığı ilə yadda qaldı.

O zaman Emin informasiya cəbhəsinin ön xəttində idi. 2020-ci ilin oktyabrında onun çəkiliş qrupu erməni tərəfinin “Kornet” tipli idarəolunan tank əleyhinə raket atəşi altına düşmüşdü. Raket avtomobilin üstündən keçərək partlayış dalğası ilə maşına zərər vermişdi. Heç kim xəsarət almasa da, hadisə Eminin həyatını təhlükəyə atmışdı. Lakin Emin kimi peşəsinə sadiq jurnalistlər təhlükələrdən qorxmur. O, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru azad etməsi, əsgərlərimizin qəhrəmanlığı və Böyük Qələbə barədə xəbərləri dünya ictimaiyyətinə çatdırmaq missiyasını ləyaqətlə davam etdirmişdilər.

Bu sədaqətli xidmət telejurnalistə ölkədə hörmət və nüfuz qazandırmışdı. Odur ki, Azərbaycan Prezidentinin köməkçisi – Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyi və Xarici İşlər Nazirliyi Emin İbrahimovun faciəli ölümü ilə bağlı dərin hüzn və başsağlığı ifadə ediblər.

“Xalq qəzeti” redaksiyasının kollektivi də baş verən hadisə ilə əlaqədar Emin İbrahimovun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Sosial həyat