Güney Azərbaycanın unudulmayan tarixi: 21 Azər İstiqlal Hərəkatı

post-img

Dünya şöhrətli azərbaycanlı alim, Dövlət Mükafatı laureatı və Bilkənd Universitetinin professoru Əmirulla Məmmədov redaksiyamıza göndərdiyi müraciətdə 12 dekabr 1945-ci ildə Güneydə qurulan Azərbaycan Milli Hökumətinin 80 illik yubileyini xatırladır. 

Onun mesajında  hökumət tərəfindən təsis edilmiş “21 Azer Medalı” barədə də məlumat yer alır. Professorun bildirdiyinə görə, 1946-cı ildə təsis edilən bu medal Güney Azərbaycanın milli-demokratik hərəkatında fəal iştirak edən, təxminən 20 min fədai və vətənpərvərə təqdim edilmiş, lakin Milli Hökumət zorakılıqla devrildikdən sonra medalın verilməsi dayandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Milli Hökumətinin yaranmasına gətirən 21 Azər hərəkatı xalqımızın milli mübarizə tarixində ən şərəfli səhifələrdən biri kimi dəyərləndirilir. Bu hərəkat, əslində, Məşrutə inqilabından və Şeyx Məhəmməd Xiyabaninin milli hökumət ənənələrindən güc alan geniş xalq oyanışının davamı idi. Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında güclənən milli-azadlıq ideyaları 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması ilə öz siyasi ifadəsini tapdı. Həmin dövrdə Azərbaycan Milli Məclisi xalq hakimiyyətinin möhkəmlənməsi üçün Hökumətə geniş səlahiyyətlər verdi, Təbrizdəki şah qoşunlarının təslimi isə hərəkatın qələbəsini təsdiqlədi. 1945-ci ilin sonunadək Güney Azərbaycanda demokratik idarəçilik quruldu, Azərbaycan Demokrat Firqəsinin isə bir ilə iki yüz mindən çox üzvü və böyük tərəfdar kütləsi formalaşdı. Bu prosesdə ana dilli mətbuatın rolu xüsusilə mühüm idi.

Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökuməti cəmi bir il mövcud oldu və bu bir il ərzində Güney Azərbaycanın inkişafı üçün misilsiz addımlar atdı, böyük mədəni və sosial islahatlar reallaşdırdı: Azərbaycan İncəsənət Məktəbi, Dövlət Teatrı, Radioverilişləri Agentliyi, Təbriz Dövlət Universiteti və onlarla məktəb açıldı, milli teatr və filarmoniya yaradıldı, kitabxanalar fəaliyyətə başladı.

21 Azər hərəkatı Pəhləvi rejiminin assimilyasiya siyasətinə qarşı Azərbaycan milli kimliyini qorumağı hədəfləyirdi. 1946-cı il 6 yanvarda qəbul edilən qərarla türk dili Azərbaycanın rəsmi dili elan olundu və ana dilli təhsil sürətlə genişləndi. Bu dövrdə “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Maarif”, “Demokrat” kimi qəzet və jurnallar nəşr edilərək milli mətbuatın formalaşmasına böyük töhfə verdi. Milli Hökumət eyni zamanda torpaq islahatı, yeni xəstəxana və yolların açılması, kənd təsərrüfatının inkişafı və işsizliyin azaldılması kimi mühüm sosial-iqtisadi tədbirlər həyata keçirdi.

1946-cı ilin dekabrında ABŞ və Böyük Britaniyanın dəstəyi, SSRİ-nin isə verdiyi vədlərə xilaf çıxması ilə Milli Hökumət süquta uğradıldı. Ardınca minlərlə soydaşımız qətl edildi və sürgünə göndərildi. Bir çox inqilabçılar Sovet Azərbaycanına sığındı. Pişəvəri 1947-ci ildə müəmmalı şəkildə həlak oldu; silahdaşları onun xəstəxanada zəhərləndiyini bildirirdi. Milli Hökumətin  qurucuları -  Firudin İbrahimi edam edildi, Məhəmməd Biriya illərlə həbsdə saxlanıldı, digərləri  ağır mühacirət həyatı yaşamağa məcbur oldular.

Cəmi bir il mövcud olsa da, Azərbaycan Milli Hökuməti Cənubi Azərbaycanda müasir milli dövlətçilik idealının real şəkildə həyata keçə biləcəyini sübut etdi. 80 il əvvəl baş vermiş həmin hadisələr bu gün də xalqımızın yaddaşında azadlıq və ləyaqət mübarizəsinin rəmzi kimi yaşayır.

Namiq Qədimoğlu

XQ

 



Sosial həyat