AMEA-nın Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirildi

post-img

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda dəyirmi masa AMEA-nın Gəncə Bölməsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə AMEA-nın Gəncə Bölməsinin və Elm və Təhsil Nazirliyinin Gəncədə fəaliyyət göstərən tədqiqat qurumlarının əməkdaşları iştirak ediblər.

Dəyirmi masanı AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı mühüm roldan bəhs edib. O, Gəncənin sənaye, təhsil, səhiyyə və digər sahələr üzrə inkişafında Heydər Əliyevin strateji düşüncəsinin xüsusi payı olduğunu vurğulayıb. Akademik həmçinin Gəncə Bölməsinin Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş çoxsaylı elmi nəşrlər ərsəyə gətirdiyini bildirib.

Daha sonra müxtəlif mövzularda məruzələr dinlənilib. Dosent Əlimuxtar Muxtarov, Vüsal Eminbəyli, İmran Qasımov, Vəfa Məmmədova, Nizami Nağıyev və Vüsalə Hüseynova çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixində oynadığı misilsiz rolu, milli dövlətçilik ənənələrinin formalaşmasındakı xidmətlərini diqqətə çatdırıblar. Məruzələr ətrafında müzakirələr aparılıb.

AMEA-nın Gəncə Bölməsinin sədr müavini Rasim Tağıyev çıxışında Ulu Öndərin uzaqgörən strategiyasının bu gün öz bəhrəsini verdiyini, elmin və alimlərin daim dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib.

Tədbirin sonunda akademik Fuad Əliyev iştirakçılara təşəkkürünü bildirərək Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolunun bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun uğurla davam etdirildiyini vurğulayıb.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri









Elm