Dünya Heydər Əliyev dühasını heyranlıqla yad etdi
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü dünən təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif dövlətlərində də xüsusi ehtiramla yad edildi. Anım mərasimləri Ulu öndərin çoxşaxəli siyasi irsinin, dövlətçilik fəlsəfəsinin, qlobal miqyasda formalaşdırdığı tərəfdaşlıq münasibətlərinin və müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi rolunun beynəlxalq arenada necə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirdi. Türkiyədən Gürcüstana, ABŞ-dan Çinə, İrandan İsveçə, Küveytdən Ukraynayadək geniş coğrafiyada keçirilən tədbirlər Heydər Əliyevin fəaliyyətinin regional və qlobal miqyasda yaratdığı dərin izlərin təzahürüdür.
Bu mərasimlər bir daha sübut etdi ki, Heydər Əliyev yalnız Azərbaycan xalqının taleyində son dərəcə mühüm rol oynayan lider deyil, həm də beynəlxalq münasibətlər sistemində müdrik siyasətçi, strateji düşüncəli dövlət xadimi kimi qəbul olunur. Onun rəhbərliyi ilə formalaşan dövlətçilik ənənələri, balanslaşdırılmış xarici siyasət xətti, iqtisadi islahatlar, qlobal enerji və nəqliyyat layihələri, həmçinin Cənubi Qafqazda sabitlik və inkişafın təmin edilməsinə yönəlmiş addımlar bu gün də aktual olaraq qalır və müstəqil Azərbaycanın tərəqqisinin ideya bünövrəsini təşkil edir.
Türkiyə
Paytaxt Ankara şəhərində keçirilən anım mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, hər iki ölkənin parlament üzvləri, müxtəlif qurum və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları dahi dövlət xadiminin Ankaradakı Heydər Əliyev parkında ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.
Qardaş ölkənin İstanbul, Qars və İğdır şəhərlərində də dahi siyasətçinin xatirəsi ehtiramla yad edilib.
Qazaxıstan
Azərbaycanın Qazaxıstandakı səfirliyində keçirilən anım mərasimində səfir Ağalar Atamoğlanov Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib.
Bildirib ki, Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə xalqın çağırışı ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitlik və əmin-amanlığı bərpa edib. Ümummilli lider ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın memarına çevrilib və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazanıb.
Səfir bildirib ki, işğal olunan ərazilərimizin azad edilməsi üçün səylərini əsirgəməyən Ulu öndər Azərbaycanda davamlı və strateji siyasətin əsasını qoyub. “Dünyasını dəyişsə də, onun adı, siyasəti və dəst-xətti xalqımız üçün əbədiyaşar ideologiyaya çevrilib. Ulu öndərin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün torpaqlarımız azaddır”, - deyə səfir qeyd edib.
Özbəkistan
Ümummilli liderin anım günü ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları Ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Səfir Hüseyn Quliyev Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, onun zəngin həyat və fəaliyyəti haqqında məlumat verib. Diplomat Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdən başlayaraq, Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi ağır bəlalardan xilas etməsi haqqında söhbət açıb. Səfir 1993-cü ildə Ümummilli liderin siyasi hakimiyyətə gəlməsini ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni həyatında yeni dönüş nöqtəsi olduğunu bildirib. H.Quliyev deyib ki, Ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra qısa müddətdə siyasi və iqtisadi islahatlar aparıldı, uğurlu nəticələr əldə edilib.
Tacikistan
Azərbaycanın Tacikistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulması və gücləndirilməsində müstəsna xidmətlərindən geniş söhbət açıb, milli maraqlara sarsılmaz sədaqəti və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi naminə gördüyü xidmətlərin tariximizdə silinməz iz qoyduğunu bildirib. Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik irsinin bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi qeyd edilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Bildiririk ki, Tacikistan mətbuatında Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı yazılar yayımlanıb.
Gürcüstan
Ümummilli liderin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.
Gürcüstandakı səfirimiz Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi İdarə Heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Gürcüstandakı Azərbaycan icmasının üzvləri və tələbələr Tbilisidəki Heydər Əliyev adına Parkda Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kür çayının sağ sahilində yerləşən xatirə lövhəsi ziyarət olunub. Ardınca Rustavi şəhərində Ümummilli liderin adını daşıyan parkdakı abidəsi də ziyarət olunub.
ABŞ
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetində Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimində səfirliyin əməkdaşları, ABŞ-da səfərdə olan dövlət rəsmiləri, burada yaşayan azərbaycanlı icmanın üzvləri, eləcə də müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Mərasim Ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra səfir Xəzər İbrahim giriş nitqi ilə çıxış edərək diplomatik karyerasının ABŞ-da başladığını və Ümummilli liderin iki ölkə arasında münasibətlərin dərinləşməsində gördüyü işlərə şahid olduğunu deyib. O bildirib ki, Vaşinqtonda 8 avqust görüşündən sonra ikitərəfli əlaqələrdə növbəti mərhələ başlayıb. Bu əlaqələrin təməli məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında Azərbaycanın bu ölkədəki ilk səfiri kimi o dövrdə gedən çətin siyasi proseslərdən və Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Heydər Əliyevin 1994, 1997 və 1999-cu illərdə ABŞ-a səfərləri, səfərlərə hazırlıq prosesindən və Heydər Əliyevin ABŞ siyasətçilərində yaratdığı xoş təəssüratdan bəhs edib. Hafiz Paşayev bildirib ki, Ulu öndər Vətənini sevən güclü diplomat idi və Azərbaycan diplomatiyasının bugünkü uğuru da o dövrdən başlayır.
Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan və Ümummilli lider Heydər Əliyevə həsr olunan “İz” sənədli filmi nümayiş etdirilib. Universitetin foyesində Ulu öndərin ABŞ-a səfərləri və ikitərəfli görüşlərdə iştirakı ilə bağlı fotosərgi təqdim olunub.
Çin
Ümummilli liderin anım günü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində də tədbir keçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Səfir Bünyad Hüseynov ömrünü qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadiminin həyat yolundan, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıb. Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib. Heydər Əliyevin Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxardığını, işıqlı gələcəyin etibarlı bünövrəsini yaratdığını vurğulayıb.
Səfir bildirib ki, Ulu öndər Azərbaycan–Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Çində səfirliyi təsis edilib, onun 1994-cü ildə Çinə rəsmi səfəri isə iki ölkə əlaqələrində xüsusi əhəmiyyətə malikdir.
Çində səfərdə olan Azərbaycan Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov Ulu Öndərin Azərbaycan mədəniyyətinə, teatr sənətinə olan böyük qayğısından bəhs edərək bildirib ki, Ulu öndərimizin böyük diqqəti nəticəsində inkişaf etmiş Azərbaycan teatrı gələcəkdə daha yüksək sənət uğurlarına imza atacaq.
İran
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İrandakı Mədəniyyət İnstitutunda Ümummilli liderin vəfatının 22-ci ildönümünə həsr olunmuş “Mədəni və mənəvi əlaqələrin möhkəmləndirilməsində liderlərin rolu. Heydər Əliyev və İƏT ölkələri” mövzusunda anım tədbiri keçirilib, eyni adlı fotosərginin açılışı baş tutub.
Səfirliyimizin təşkil etdiyi tədbirdə İranın Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin məsul nümayəndələri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri, diplomatları, mətbuat və ictimaiyyətin nümayəndələri, eləcə də burada yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. Tədbir Ümummilli liderin Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Məhəmməd Həsən müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin tarixi rolunu və müdrik siyasətini xüsusi vurğulayıb.
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının dövlətləri və xalqları arasında çoxəsrlik tarixi proseslər nəticəsində yaranmış dostluq və qardaşlıq münasibətlərinin, mədəni və mənəvi bağlarının möhkəmləndirilməsi yolunda mühüm addımlar atdığını bildirib. Bu xüsusda Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Ulu öndərin İƏT dövlətləri və xalqları ilə xüsusi münasibətlərinə nəzər salan səfir Heydər Əliyevin ortaq mədəni və mənəvi dəyərlərə dərindən bələd olduğunu, etnik, dil, din, tarixi və mədəni bağların inkişafındakı töhfələrinin danılmaz olduğunu nəzərə çatdırıb.
Sonra İƏT-in Mədəniyyət İnstitutunda təşkil olunmuş “Mədəni və mənəvi əlaqələrin möhkəmləndirilməsində liderlərin rolu. Heydər Əliyev və İƏT ölkələri” adlı fotosərginin açılışı olub. Tədbirdə Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, müdrik kəlamlarını əks etdirən qısametrajlı film nümayiş etdirilib.
Misir
Misirin Qalubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir–Azərbaycan Dostluq Parkında tədbir keçirilib.
Tədbirdə vilayətin qubernatoru Əymən Atiyyə, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov, eləcə də əl-Qanatır əl-Xeyriyyə şəhərinin meri Əbduləzim Səid, Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri iştirak ediblər. Səfir Elxan Poluxov Ümummilli liderin həyat və fəaliyyəti haqqında danışıb. Misir–Azərbaycan Dostluq Parkındakı Ümummilli liderin abidəsinin iki dövlət arasında dostluq münasibətlərinin şahidi olduğunu qeyd edən səfir Qalubiyyə qubernatorluğunun bu abidənin qorunub saxlanmasında göstərdiyi səyləri yüksək qiymətləndirib.
Ukrayna
Paytaxt Kiyevdəki anım mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin və “SOCAR Energy Ukraine” şirkətinin kollektivi əvvəlcə Ulu öndərin səfirlikdəki büstü önünə tər çiçəklər düzüb, dahi liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfir Seymur Mərdəliyev Ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb: “Ümummilli liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib. Bu gün həmin ərazilər yenidən qurulur”.
“SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasında rolundan danışıb.
Küveyt
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində anım mərasimi keçirilib.
Tədbirdə Küveytdə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri, həmçinin Küveyt ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan digər türkdilli dövlətlərilə bağlı vətəndaşları iştirak ediblər.
İordaniya
Azərbaycanın İordaniyadakı səfirliyində baş tutan anım mərasimində bu ölkədə yaşayan Azərbaycan diasporunun çoxsaylı nümayəndələri iştirak edib.
Mərasim Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Səfir Şahin Abdullayev Heydər Əliyevin düşünülmüş, praqmatik və strateji baxışlara əsaslanan siyasətinin, yüksək idarəçilik məktəbi və dövlətçilik fəlsəfəsinin müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasını təmin etdiyini vurğulayıb. Məhz Ulu öndərin müəllifi olduğu inkişaf konsepsiyası sayəsində Azərbaycan siyasi sabitliyə nail olub, ölkəmiz regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınıb.
Ş.Abdullayev hüquqi dövlət quruculuğu, balanslaşdırılmış xarici siyasətin formalaşdırılması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsinin Ümummilli liderin uzaqgörən siyasətinin əsas istiqamətlərini təşkil etdiyini bildirib.
Almaniya
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzindəki anım mərasimi Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Heydər Əliyev Fondu tərəfindən çəkilən və dahi şəxsiyyətin xatirəsinə həsr olunan film nümayiş etdirilib.
Səfir Nəsimi Ağayev Ümummilli liderin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində tarixi rolundan söz açıb. Azərbaycanın müstəqilliyin əvvəlində ağır sınaqlar – Ermənistanın hərbi təcavüzü, daxili qarşıdurmalar və dövlət institutlarının çökməsi, ölkə həyatının bütün sahələrində dərin tənəzzülün yaşanması ilə üzləşdiyi bir dövrdə məhz Ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli liderliyi sayəsində Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, sabitlik və dinamik inkişaf yoluna çıxardığı vurğulanıb.
İsveç
Azərbaycanın İsveç Krallığındakı səfirliyində baş tutan anım mərasimində səfirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Zaur Əhmədov bildirib ki, Ümummilli lider bütün həyatını Azərbaycan xalqına həsr edib. Vurğulanıb ki, Ulu öndər fəaliyyətinin hər mərhələsində Azərbaycanın maraqlarını hər şeydən üstün tutub. Diplomat bildirib ki, Heydər Əliyev birinci rəhbərliyi dövründə yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanı Sovet İttifaqının qabaqcıl respublikalardan birinə çevirib, həm də müstəqillik illərində ölkəmizin ordu quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlərə imza atıb. Səfir, həmçinin Ulu öndərin gənclərə və tələbələrə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açıb.
Anım mərasimlərindən xəbərləri hazırladılar:
Pünhan ƏFƏNDİYEV,
Qulu KƏNGƏRLİ,
Səxavət HƏMİD
XQ

