Xudu Məmmədov məktəbinin istedadlı yetirməsi

post-img

Təqvim yada salır

Uzun illərdir Azərbaycandan uzaqlarda yaşayan, Vətənlə də sıx əlaqələr saxlayan dünya şöhrətli elm adamı, Dövlət mükafatçısı, Türkiyənin Bilkənd Universitetinin professoru Əmirulla Məmmədov həm də xaricdə yaşayıb fəaliyyət göstərən görkəmli soydaşlarımızı ölkəmizdə öyünclə tanıdır.

Bugünlərdə o, daha bir məşhur alimimizdən – Hacalı Nəcəfoğludan söhbət açanda, dünya şöhrətli kristalloqraf, yurdsevər elm xadimi unudulmaz Xudu Məmmədovun nadir yetirmələrindən biri olduğunu bildirəndə təəsüflə tanımadığımı bildirmişdim. Amma bir az dərinə gedəndə və haqqında yazılanlarla tanış olanda Hacalı müəllimi lap çoxdan tanıdığıma özümün də şübhəm qalmadı. İllər əvvəl Türkiyədə olarkən -  Ankarada, Kayseridə, Nigdedə görüşdüyüm rəhmətlik Babǝk Qurbanovla görüşlərimdə hər dəfə ondan danışdığını, tək Azərbaycanın yox, bütün türk dünyasının vurğunu və təəsübkeşi olan Hacalı Nəcəfoğlunu hələ illər əvvəl qiyabi tanıdığımı yada saldım.

Akademik Rəfael Hüseynovun yazdığı kimi “Sakit, dinc təbiətinə rəğmən həmişə nadinc, yenilikçi, bir qədər də sabaha baxan qənaətləri” ilə qəbul etdim Hacalı müəllimi. Düz 10 il əvvəl  60 illiyi münasibəti ilə Türkiyənin “Kanyılmaz” nəşrlər evində kütləvi tirajlanan  “Professor Hacali Nəcəfoğluna Ərmağan” (Prof. Dr. Hacali Necefoğlu'na Armağan)  kitabında  gördüyüm -  Muxtar Kazımoğlu-İmanov, Əziz Ələkbərli, Əli Şamil, İradə Tuncay, Vurğun Əyyub, Babək Qurbanov və yer darlığından sadalamadığın çoxsaylı məşhur imzalar onu daha yaxından tanıtdı. Heç vaxt üzbəüz görüşməsək də öyrəndiklərim məni o qədər özünə bağladı ki, elə bildim ki, Hacalı müəllimi illərdir tanıyıram.

Bu tanışlığın üstünə gələnlərsə onu daha da böyütdü gözlərimdə... Hələ 90-cı illərdə milli ruhun ciddi bir yüksəliş yaşadığı zamanlarda “Odlar yurdu” qəzetindǝ  gedən bir yazıda Bakı ilǝ yanaşı Təbrizi, Kərkükü, Qarsı Böyük Vətən bilib qucaqlayan kişinin - müəllifin Hacalı Nəcəfov olduğunu biləndə  onunla tanışlığımın yaşını bir az da böyütmüşdüm.

Daha sonra kimya vǝ kristalloqrafiya sahəsində dəyərli elmi nəticələrə imza atan Hacalı müəllimin akademik Rəfael Hüseyinovun redaktorluğu ilə “Günce Yayınları”nın çap etdiyi  “Mətbuatda keçən 50 ili”ni (Rehgüzar-ı Matbuatta 50 Yılım) vərəqlədikcə, Kazım Qarabəkir Paşa, İbrahim Əbilov, Xudu Məmmədov, mübariz diplomat adlandırdığı Həsən Zeynalov barǝsindǝ, müasir Türk dünyasında və dünyada Novruz Bayramı təntənələri, Ərzurumda Azərbaycan gecəsi haqqında, “Ağ ev”in qaralmiş divarlarini türklər ağardacaqlar” və sair başlıqlı olduqca maraq doğuran yazılarını oxuduqca, Yeni Azərbaycan Mədəniyyət Dərnəyinin Qars şöbəsinin sədri kimi “Ermənilərdən üzr istəyirəm” adlı imza kampaniyasına etiraz edib “Üzr istəməli olan bir tərəf varsa, bu, yalnız ermənilərin özləridir” deyib, Türkiyə mətbuatında bəyanat yayan və digər fövqəl fəaliyyətləri olan bu kişini 100 ildir tanıdığım qənaətinə gəlmişdim... Son qənaətim isə bu olmuşdu ki, o da Ziya Gökalp kimi Böyük Türk birliyini və Turan ideyasını xəyal bilməyənlərdəndi: “Düşmənın ölkəsi viran olacaq, Türkiyə böyüyüb Turan olacaq!” 

1955-ci ildə Hacıqabul rayonunda anadan olan Hacalı Nəcəfovun məktəb illəri artıq o vaxtdan onun fərqlənənlərdən olduğunu göstərirdi. O, həmin dövrdə bir çox azərbaycanlı məktəblinin arzusuna çevrilmiş “Artek” Ümumittifaq pioner düşərgəsinə göndərilən yeganə hacıqabullu məktəbli olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) kimya fakültəsinə qəbul olunması isə onun həm akademik inkişafının, həm də gələcək elmi yolunun başlanğıcı oldu. Tələbəlik illərində tədris edilən fənlərə dərindən yiyələnən, həm də müəllimlərinin yüksək qiymətləndirdiyi tələbələrdən biri kimi tanınırdı. Eyni zamanda mətbuatda tez-tez məqalələri dərc olunur, Tələbə Elmi Cəmiyyətində apardığı ilk müstəqil tədqiqatlar xüsusi maraq doğururdu. Fakültədə yalnız bir nəfərə təqdim olunan və o dövrün ən nüfuzlu tələbə mükafatı sayılan “Lenin təqaüdü”nə layiq görülməsi isə onun sonrakı illərdə əldə edəcəyi çoxsaylı elmi uğurların ilk işartılarından idi.

Təhsilini başa vurduqdan sonra görkəmli alim Xudu Məmmədovun rəhbərliyi ilə dissertasiya müdafiə edib. 1985-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. Ölkədə ictimai-siyasi proseslərin dəyişməsi onun həyat yolunu da fərqli istiqamətə yönəldib və o, Türkiyəyə köçərək 1992-ci ildən etibarən burada elmi-pedaqoji fəaliyyətini davam etdirib. 1992–1995-ci illərdə Ərzurum Atatürk Universitetində, 1995-ci ildən sonra isə Qars Kafkas Universitetində əvvəlcə dosent,  sonra professor kimi çalışıb; Qərb dilləri və ədəbiyyatları, Slavyan dilləri və ədəbiyyatları, eləcə də Çağdaş Türk Ləhcələri və ədəbiyyatları bölümlərinin qurulmasında, Türkiyǝdǝ Azǝrbaycan dili vǝ ǝdǝbiyyatının bakalavr vǝ magistr sǝviyǝsindǝ tǝdrisinin başladılmasında təşəbbüskar rol oynayıb, Kafkas Universitetinin Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinə rəhbərlik edib... 

Bunlar sadəcə faktların və illərin ardıcıllığıdır. Bu deyilənlərin arxasında isə zəhmət, elmə və millətə xidmət eşqi, daim çırpınan böyük bir ürək dayanıb. 

Hacalı Nəcəfoğlu Xudu Mǝmmǝdovun rǝhbǝriyi altında başlatdığı vǝ uzun illərdir kristalloqrafiya sahəsində apardığı araşdırmalarla elmi rǝhbǝrindǝn ilhamlanaraq, təkcə elmin deyil, həm də incəsənətin dərin qatlarına nüfuz edən bir alim obrazı formalaşdırmışdır. O, kristalların adi gözlə görünməyən, heyrətamiz dərəcədə harmonik və simmetrik quruluşunu rentgen şüaları vasitǝsi ilǝ araşdıraraq təbiətin bu gizli nizamının insan yaradıcılığında necə əks olunduğunu incə müşahidələrlə ortaya qoyur. Rəssamlıq, toxuculuq, xalı-kilim ornamentləri və memarlıq nümunələrində kristal strukturlarına bənzər ritm, nizam və ahəng axtarışları onun elmi-mədəni düşüncəsinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu yanaşma, şübhəsiz, akademik Xudu Məmmədovun elmi-estetik mirasının davamı kimi dəyərləndirilə bilər. Özünün də yazdığı kimi: Xudu müǝllimin seminarında müasir kimyanın aktual problemlǝrindǝn söhbǝt aparılırdı. Onun “Elm öyrǝnib sonra elmlǝ mǝşğul olmaq, hǝyatı öyrǝnib sonra yaşamağa bǝnzǝyir” sözlǝri çoxumuzu hǝlǝ tǝlǝbǝ ikǝn elmi işlǝ mǝşğul olmağa hǝvǝslǝndirdi. Neçǝmizin ustadı oldu… 

Hacalı müəllim həm elmi-pedaqoji fəaliyyəti, həm də geniş dünyagörüşü ilə Xudu Məmmədov məktəbinin layiqincə yaşadıldığını nümayiş etdirir. Kristalloqrafiya sahəsində apardığı tədqiqatlar beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmış, müxtəlif nüfuzlu simpozium və konfranslarda onun məruzələri elmi diskursun bir hissəsinə çevrilmiş, Türkiyənin “Yeni Şəfəq” kimi məşhur mətbuat orqanlarınn diqqətindən yayınmamışdır. Kristal quruluşlarında gizlənmiş simmetriyanı və estetik mükəmməlliyi incəsənət nümunələri ilə əlaqələndirməsi isə onun daxili harmoniyasının, yaradıcılıq duyumunun və gözəllik axtarışlarının bariz göstəricisidir.

Bu fəaliyyət Hacalı Nəcəfoğlunun elm və sənət arasında nadir körpü quran alimlərdən biri olduğunu sübut edir; o, təbiətin ən kiçik hissəciklərindəki nizamı bədii təfəkkürlə birləşdirərək həm elmin, həm də mədəniyyətin inkişafına töhfə verir.

Lakin Hacalı Nəcəfoğlunun fəaliyyəti bununla məhdudlaşmır… O, dar elmi ixtisasın hüdudlarından çox-çox geniş bir intellektual müstəviyə sahibdir. Xudu Məmmədovdan aldığı elmi-estetik mirası böyük məsuliyyətlə davam etdirən Hacalı bəy, klassik Azərbaycan ziyalısı obrazının müasir dövrdəki ən nümunəvi təzahürlərindən biridir. Öz sahəsində yüksək ixtisaslı alim olmaqla yanaşı, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və tarixinə dərindən bələdliyi ona bu sahələrdə də əsaslı, elmi-sənədli fikirlər söyləmək imkanı verir. Onun nəşr olunmuş əsərlərinin sadəcə siyahısına nəzər salmaq kifayətdir ki, bu çalışqan alimin geniş dünyagörüşü və çoxşaxəli elmi maraqları bir daha təsdiq olunsun: kimya, siyasət, tarix, ədəbiyyat və mədəniyyət mövzularında Azərbaycan və Türkiyə türkcəsində, rus və ingilis dillərində yayımlanmış məqalələr bunun bariz nümunəsidir. İnternet resurslarında Hacalı müəllimin Azərbaycan mədəniyyəti, dil məsələləri, ədəbiyyat və ümummilli mövzularla bağlı çoxsaylı çıxış və yazılarına rast gəlmək mümkündür.

Amma o, bu fəaliyyətlə kifayətlənmir, Xudu müəllimin ideyalarını yeni yanaşmalarla daha da zənginləşdirməyə çalışır. Hacalı Nəcəfoğlu bilik və təcrübəsini gənc tədqiqatçılarla bölüşməyi özünün elmi borcu hesab edir. Onun rəhbərliyi ilə yetişən elmlər namizədləri və doktorları artıq müasir kimya elminin aktual problemləri ilə bağlı araşdırmalar aparır, bəzən isə Hacalı müəllimlə birgə beynəlxalq miqyasda kollektiv tədqiqatlarda çıxış edirlər.

Alimin çoxsaylı məqalələrinin Rusiyanın, İngiltǝrǝnin, Hollandiyanın, Fransanın, İranın, Türkiyənin və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunması onun beynəlxalq elmi nüfuzunun göstəricisidir. Bu fakt eyni zamanda, Hacalı müəllimin kimya və xüsusilə kristalloqrafiya sahəsində artıq öz elmi məktəbini formalaşdırmaqda olduğunu da ehtimal etməyə əsas verir.

Bununla belə, Hacalı Nəcəfoğlunun yalnız təbiət elmləri ilə məhdudlaşmayan intellektual dünyası ayrıca qeyd olunmalıdır. Onun sosial-mədəni proseslərə, milli ideoloji məsələlərə, tarixi və bədii irsə göstərdiyi xüsusi həssaslıq, bu sahələrdəki araşdırmaları və dolğun mülahizələri onu klassik mənada çoxşaxəli bir ziyalı kimi təqdim edir. Erməni millətçiliyinin ifrat formaları, uydurma siyasi konsepsiyalar, tarixi saxtakarlıqlar haqqında qələmə aldığı məqalələr elmi arqumentlərin dəqiqliyi və mövzunun dərindən mənimsənilməsi ilə seçilir. Türk dünyasının ortaq dəyərləri, mənəvi-əxlaqi bağlılığı, mədəni yaddaşı ilə əlaqədar fikirləri isə geniş oxucu kütləsinin diqqətini daim cəlb etmişdir.

Hacalı müəllim hələ ötən əsrin 1970-ci illərindən Azərbaycan mətbuatında aktiv çıxış edərək günün ən mühüm məsələlərini publisist üslubda, aydın və ciddi mövqe ilə qələmə alırdı. O, Mirzə Cəlilin realist, sosial məsuliyyət daşıyan publisistika ənənəsini özünəməxsus şəkildə davam etdirərək müxtəlif imzalar altında — Əbu Əli, Tanıdım, Müsavat Kommunstoğlu, Ekstremist Nəsrəddin və başqa — cəmiyyətin ən ağrılı nöqtələrinə toxunurdu. “Türk zəkası”, “Müstəqillik”, “Yazıda bölücülük”, “Böyük qardaş sindromu”, “Dövlət dilimiz”, “Türkofobiya — erməni xəstəliyi” kimi yazılarında o, dil, kimlik, milli yaddaş, siyasi şüur və mədəni özünüdərk məsələlərinə peşəkar yanaşma sərgiləyirdi. Dil və əlifba mövzularında qaldırdığı məsələlər bu gün də aktuallığını qoruyur və geniş müzakirə ehtiyacı doğurur.

Hacalı Nəcəfoğlu 1990-cı illərin əvvəllərindən Türkiyədə fəaliyyətini davam etdirdiyi müddətdə də öz elmi-publisist istiqamətini dəyişməmiş, əksinə, daha da zənginləşdirmişdir. Qarsda, Ərzurumda və Türkiyənin digər elmi-mədəni mərkəzlərində o, həm bir alim, həm bir mədəniyyət araşdırıcısı kimi türkçülük-azərbaycançılıq mövqeyindən çıxış edir. “31 Mart — Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı etdiyi çıxışlar, erməni təbliğatına qarşı faktoloji  cavabları, Marks və Engelsin Qars hadisələri barədə qeydlərini araşdırması onun siyasi tarixə və beynəlxalq münasibətlərə dair elmi duyumunun göstəricisidir. Xüsusilə “Azərbaycanda və Türkiyədə Türkün sözü” kitabı Hacalı müəllimin mədəni-linqvistik məsələlərə yanaşmasının ən parlaq nümunələrindən biridir. Azərbaycan və Türkiyə türkcələrində işlənən, lakin zaman-zaman yanlış təqdim edilən söz və ifadələrə dair əsası faktlara söykənən elmi izahlar müəllifin yalnız dilə deyil, mədəni əlaqələrin sağlam təməlinə olan qayğısını da ifadə edir. Bu kitab bu gün bir çox oxucu və tədqiqatçı üçün əvəzsiz bir stolüstü mənbəyə çevrilmişdir.

Hacalı müəllim Azərbaycanı tanıtmaq məsələsində hər zaman fövqəladə həssaslıq göstərən ziyalılardandır. Harada fəaliyyət göstərməsindən asılı olmayaraq, ölkəmizin adını ucalda biləcək ən kiçik fürsəti belə dəyərləndirməyi bacarır. Kafkas Universitetində yaratdığı kitabxananın formalaşması üçün göstərdiyi qayğı və zəhmət bu təhsil ocağında çalışan və oxuyan hər kəsin yaddaşındadır. Bu kitabxananın Türkiyəli tələbələr, Azərbaycanla maraqlanan alim və müəllimlər üçün faydalı bir mərkəzə çevrilməsi məqsədilə Hacalı bəy bütün imkanlardan istifadə edib, yorulmadan, usanmadan çalışıb. 

O, Türkiyədə Azərbaycanla bağlı yayılan hər bir məlumatı diqqətlə izləyir. Haqqımızda anlaşılmazlıq yarada biləcək ən kiçik yanlışlığa belə biganə qalmır; əgər fakta söykənməyən fikir və ya qərəzli münasibət varsa, onu elmi əsaslarla təkzib edir, arqumentlərlə cavablandırır. Xüsusən erməni vandalizmi, Qarabağ həqiqətləri barədə qələmə aldığı çoxsaylı məqalə və çıxışları məsələnin doğru anlaşılması baxımından etibarlı mənbələr kimi dəyərləndirilir.

Qarsdakı Azərbaycan konsulluğunun müxtəlif təşəbbüslərində, qarşıya çıxan problemlərin həllində də Hacalı müəllimin müdrik məsləhətinə, nüfuzuna və savadına tez-tez ehtiyac duyulur. O, gənclik illərindən bəri mədəniyyətə, incəsənətə, teatra, ictimai fəaliyyətə böyük maraq göstərmiş, bu sahələrdə topladığı zəngin bilgilərlə əsl “canlı arxiv”ə çevrilmişdir. Sosial şəbəkələrdə paylaşdığı materiallar da onun nə qədər geniş yaddaşa və zəngin arxivə malik olduğunu təsdiqləyir. Hətta pionerlik dövrünə aid fəxri fərmanlardan tutmuş, illər boyu topladığı çoxsaylı sənədlərə qədər hər şeyi nümunəvi səliqə ilə qoruyub saxlaması ayrıca heyranlıq doğurur.

Hacalı müəllim həm iş yoldaşlarının, həm də tələbələrinin dərin hörmətini qazanan bir şəxsiyyətdir. Onun sevilməsinin əsas səbəblərindən biri də prinsipiallığı, yüksək vətəndaş mövqeyi və daim fəaliyyətlə yaşayan xarakteridir. Təmkinli, lakin eyni zamanda dinamik insan olan Hacalı müəllimi bir an belə boş dayanan görmək çətindir; dostuna, tələbəsinə, iş yoldaşına yardım etmək onun üçün həm borc, həm də həyat tərzidir.

Ömrünün 70-ci ilinə qədəm qoyan professor Hacalı Nəcəfoğlu – əsl Azərbaycan ziyalısı – bu gün də ölkəmizin adını layiqincə təmsil etməkdə davam edir. Onun Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018), “Tərəqqi”, “Diaspor fəaliyyətində xidmətə görə” medalları və digər mükafatlara layiq görülməsi, heç şübhəsiz, uzun illər ərzində göstərdiyi böyük zəhmət və fədakar fəaliyyətin dəyərli qiymətidir. İnanırıq ki, Hacalı müəllim bundan sonra da Azərbaycan elminə və mədəniyyətinə yeni töhfələr verəcək, adını və xalqını daha yüksək zirvələrdə təmsil edəcəkdir.

 

P.S. Yazı bir müddət əvvəl hazır olsa da, Hacalı müəllimin xahişini nəzərə alaraq Xudu Məmmədovun doğum günü ərəfəsində – 14 dekabrda təqdim etməyi uyğun bildik. Böyük alimə ehtiram əlaməti olaraq 50 yaşında – 14 dekabr 1977-ci ildə tələbələri ilə çəkilmiş iki arxiv fotosunu da yazıya əlavə etdik, ruhu şad olsun. Şəkillərdə Xudu Məmmədovun sağ tərəfində ayaqüstə dayanan şəxs Hacalı Nəcəfovdur.

Namiq ƏHMƏDOV

XQ

 

 

 

 

 

 

 

 

 









Sosial həyat