Bakıda "LevelUp” Karyera Forumu keçirilib

post-img

Bakı Konqres Mərkəzində “LevelUp” Karyera Forumu təşkil olunub.

XQ xəbər verir ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondunun tərəfdaşlığı ilə həyata keçirilib.

Layihə bugünə kimi ölkənin 15 şəhər və rayonunda 7 minə yaxın gənci əhatə edib. Layihənin əsas məqsədi gəncləri əmək bazarında dəyişən trendlərlə tanış etmək, onların karyera inkişafına dəstək olmaq və müxtəlif sahələr üzrə peşəkarlarla ünsiyyət və şəbəkələşmə imkanları yaratmaq olub. Proqramın bağlanış tədbiri “#bacarıqlarınıartır” şüarı ilə Bakıda keçirilib.

200-dən çox gəncin iştirak etdiyi forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış ediblər.

Çıxışlar zamanı dövlətin gənclər üçün yaratdığı karyera imkanları, məşğulluq sahəsində dəstək proqramları, həmçinin gənclərin peşəkar inkişafını təmin edən layihələr haqqında məlumat verilib.

Forum çərçivəsində “İş dünyasında dəyişən reallıqlar: Trendlər, tələblər və imkanlar” mövzusunda panel müzakirəsi keçirilib.

Sevinc Qasımovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində spiker qismində 1 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, “SAT Group” şirkətinin direktoru və həmtəsisçisi Azad Qəhrəmanov, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədova çıxış ediblər.

Panel müzakirəsi zamanı iş dünyasında sürətlə dəyişən reallıqlar, əmək bazarının ehtiyacları, gənclər üçün formalaşan yeni peşələr, həmçinin gələcək karyera perspektivləri barədə müzakirələr aparılıb.

Sonda keçirilən sual-cavab sessiyasında iştirakçıların sualları cavablandırılıb.

Forumun proqramı “HR-dan dinləyək: Ən çox axtarılan əməkdaş profili” mövzusunda TEDx formatında çıxışla davam edib. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov çıxışında əmək bazarında müşahidə olunan son trendləri, işə qəbul prosesində HR mütəxəssislərinin əsas qiymətləndirmə meyarlarını diqqətə çatdırıb.

Beləliklə, Bakı və regionlarda keçirilən “LevelUp” Karyera Forumu gənclərin əmək bazarını tanımasına, karyera hədəflərini müəyyənləşdirməsinə və peşəkarlarla tanış olaraq şəbəkələşmələrinə şərait yaradıb.



















Sosial həyat