Dekabrın 18-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarəolunması sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə Naxçıvan şəhərində növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası təşkil edilib.
XQ xəbər verir ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz” supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 388 litr olan plastik, 149 litr olan şüşə tullantı, 92 ədəd işlənmiş batareya təhvil verərək əvəzində badam, tuya, alma, ərik və qızılçam tingləri əldə ediblər.
Aksiyanın keçirilməsində məqsəd əhalinin tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi istiqamətində fəal iştirakını təmin etmək, tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, ekoloji düşüncəni formalaşdırmaq, həmçinin yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.






