Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin təşəbbüsü ilə “Kristall Plus” QSC-də görüş keçirilib. Gömrük əməkdaşları müəssisənin fəaliyyəti və məhsul çeşidləri ilə tanış olub, istehsal prosesini əyani şəkildə izləyiblər. Həmçinin gömrük sistemində aparılan təkmilləşdirilmələr, rəsmiləşdirilmə və sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib.
Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə keçirilən görüşdə isə “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”na dair təqdimat nümayiş olunub, bu sahədə mövcud normativ hüquqi aktların tələbləri izah edilib. Həmçinin görüşdə “Etibarlı Tərəfdaş Konsepsiyası” və gömrük orqanları tərəfindən təqdim edilən digər layihələrindən bəhs edilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərin sonunda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
XQ




