Ən maraqlı məruzələrin icmalı və şərhi
(əvvəli qəzetimizin 7 yanvar 2026-cı il sayında)
Aydındır ki, Altay dillərinin müqayisəli öyrənilməsi üçün vaxt yetişməmişdi. Bu vaxt yalnız hələ də öyrənilməmiş Altay – tunqus və monqol dillərinə dair az-çox material toplandıqdan sonra yetişəcəkdi. Bu faktın açıqlanması acınacaqlı olsa da, vəziyyət ilə barışmaq və boşluqları aradan qaldırmaq lazımdır. Təbii ki, seçim canlı monqol dillərində (ləhcələrində) dayanmalıdır ki, yazılı monqol dili ilə əlaqəsi aydınlaşdırılsın və ümumi də olsa, monqol dilinin tarixi barədə təsəvvür yaransın. Bu seçim, tamamilə aydındır, monqol dili qədim yazı mədəniyyətinə malikdir, nəticə etibarilə onun tarixinin üzə çıxarılması yazısı olmayan tunqus, yaxud mancur dilinin tarixini müəyyən etmək qədər çətin olmayacaq. Bununla yanaşı, monqol ləhcələrinin tədqiqi müqayisəli Altay dilçiliyinə böyük xidmət göstərəcəkdi, çünki Altay dilləri arasında məhz monqol və türk dillərinin bir-birinə daha yaxın olduğu artıq müəyyən edilmişdi. Şübhəsiz ki, Ramsted də bu mülahizələrə əsaslanmışdı. Kalmık və monqol dillərini öyrənmək, monqol ləhcələrinə dair material toplamaq məqsədilə kalmık çöllərinə, daha sonra Əfqanıstan sərhədlərinə səfər etməli olmuşdu.
İlk altaistlərin – Şott və onun davamçılarının səhvlərindən danışılarkən, ilk növbədə, araşdırmaların məhdud sayda dil üzrə aparıldığı üçün yetərli nəticə əldə edilmədiyi qeyd olunmalıdır.
Məsələn, monqol və tunqus dilləri arasındakı əlaqələri aydınlaşdırmaqla məhdudlaşmaq əvəzinə, onlar bütün Altay dilləri arasındakı qarşılıqlı münasibətləri eyni anda müəyyənləşdirmək kimi mümkünsüz bir vəzifə götürdülər. Belə bir tədqiqat yalnız o zaman başlaya bilərdi ki, hələ öyrənilməmiş Altay dilləri, canlı monqol və tunqus dialektləri haqqında daha dolğun və əhatəli material toplanmış olsun. Çoxdan müəyyən edilmişdi ki, Altay dilləri içərisində bir-birinə ən yaxın olanlar məhz monqol və türk dilləridir. Ramsted monqol və türk dillərinin müqayisəli morfologiyası sahəsində, müəyyən tunqus materialını da cəlb etməklə ilk ciddi elmi işlər görmüşdü. O dövrdə artıq Rodlofun türk ləhcələrinin müqayisəli fonetikası vardı və Gronbex tərəfindən hazırlanmış və bu günə kimi türk ləhcələrinin ilk tarixi fonetikası meydana çıxmışdı. Ramsted monqol-türk dillərinə dair ilk tədqiqatlarında bir sıra olduqca mühüm fonetik qanunauyğunluğu müəyyən etmişdir. Məsələn, çuvaş dilində olduğu kimi, monqol dilində də türk dilindəki “z” və “ş” səsləri ilə “r” və “l” səsləri eynilik təşkil edir – bu, daha əvvəl Şott və digər tədqiqatçılar tərəfindən müəyyən edilmişdir. Bu uyğunluqdan danışarkən tunqus ləhcələrini yaddan çıxarmaq olmaz. Onların Altay dillərinə mənsubluğu və monqol dilləri ilə qohumluğu hələ tam sübuta yetirilməmişdir.
Ramsted bu məsələyə əvvəlki nəzəriyyələrə əsaslanmadan yanaşmışdı. Bu dillərin müqayisəli tədqiqatı ilə bağlı ilk işlərində monqol və türk dilləri arasındakı müəyyən qarşılıqlı əlaqələrin xarakteri haqqında fikir söyləməmişdir. O, monqol dilinin əhəmiyyətli dərəcədə türk dili ilə yaxınlığını kütləvi alınmaların nəticəsi kimi əlaqələndirmişdir. Müəyyən edilmişdir ki, türk dilində söz əvvəlində işlənən “y” səsi əslində dörd müxtəlif səsin − “č” (c), “j”, “n” və “d” səslərinin nəticəsi kimi meydana gəlmişdir. Bu səslərin hamısı bu günədək monqol dilində qorunub saxlanmışdır.
Bir sıra olduqca mürəkkəb monqol-türk fonetik qanunları qoyulduqdan və həmin dillərin ümumi morfoloji elementləri aşkar edildikdən sonra Ramsted monqol və türk dillərinin qohumluq hipotezini müdafiə etmiş və sonrakı əsərlərində dəfələrlə protomonqol-türk dili haqqında bəhs edilmişdir.
Monqol və türk dillərinin qohumluğunu hər kəs dərhal qəbul etmədi. Məsələn, 1912-ci ildə Nemet monqol-türk dillərinin qohumluq nəzəriyyəsinə qarşı çıxsa da, qısa müddət sonra onların qohum olduğunu qəbul etmişdi. Bununla da Nemet monqol, türk və çuvaş dillərinin tarixinin 4 inkişaf mərhələsini qeyd etməyə çalışmışdır:
1. İbtidai qohumluq dövrü;
2. Çuvaş-monqol dillərinin qarşılıqlı təsir dövrü;
3. Tatar-monqol qarşılıqlı təsir dövrü;
4. Monqol dilindən yakut dilinə alınmalar dövrü.
Xüsusilə, monqol-çuvaş səsləri olan “r” və “l” ilə türk dillərindəki “z” və “ş” səsləri arasındakı uyğunluğu Nemet bu dillərin ikinci dövrdə, yəni çuvaş-monqol qarşılıqlı təsir mərhələsində birgə inkişafının nəticəsi kimi izah etmişdi.
Beləliklə, Poppe müqayisəli Altay dilçiliyinin tarix boyu tədqiqat dairəsinin ardıcıl olaraq turanizmdən Ural-Altay nəzəriyyəsinə, daha sonra isə iki dilin: türk və monqol dillərinin müqayisəli öyrənilməsinə doğru daraldığını qeyd etmişdir.
Poppenin qənaətinə görə, fonetika sahəsində samitlər sistemi (sözün əvvəlində və ortasında) daha ətraflı işlənilmişdir. Morfologiya sahəsində az nailiyyət əldə edilmişdir; feil bölməsinin (feilin yaranması və təsriflənməsi) işlənmiş, isim bölməsinin (ismin adlanması və hallanması) hələ də ətraflı tədqiqinə ehtiyac var. Perspektivlər:
– fonetikada monqol və türk dillərində vokalizmin (saitlərin) tarixi inkişafının, xüsusən ilk və sonrakı hecalarda səslərin uyğunluğunun öyrənilməsi, həmçinin bu dillərdə sait harmoniyasının mənşəyi məsələsinin aydınlaşdırılması;
– xüsusi olaraq türk müqayisəli fonetikasında isə pratürk uzun saitlərinin mənşəyi və onların yakut dilində və bəzi digər ləhcələrdəki əksinin araşdırılması.
– türk–monqol morfologiyası sahəsində isə isim köklərinin yaranması, hallanma sisteminin işlənməsi, həmçinin köklərin müəyyənləşdirilməsi məsələsinin öyrənilməsi;
– Tunqus ləhcələrinin Altay dillərinə mənsubiyyəti, monqol və türk dilləri ilə qohumluğu hələ tam sübut edilməmişdir. Türk və monqol dillərinin öyrənilməsində olduğu kimi, ilk növbədə, materialların toplanması, lüğətlərin tərtibi, qrammatik icmalların hazırlanması, tunqus ləhcələrinin qarşılıqlı münasibətlərinin öyrənilməsi və digər dilləri işə qatmadan müqayisəli tədqiqi.
– Altay və Ural dillərinin qohumluğu məsələsinin də paralel şəkildə araşdırılması. Fin-uqor və Altay dillərinin tam müqayisəli qrammatikalarının, fin-uqor və ya Ural, eləcə də Altay pradilinin fonetik sistemi bərpa olunduqdan sonra artıq ayrı-ayrı sözləri deyil, prafin və praaltay sözlərini daha uğurla müqayisə etmək.
* * *
Poppe öz məruzəsində əsasən 3 məsələni araşdırır:
1. Türk – monqol – tunqus dillərinin qohumluğu problemi
2. Bu problemin tarixi tədqiqat mərhələləri
3. Mövcud nəzəriyyələrin elmi səhvləri, boşluqlar və yenilənmə zərurəti
Birinci məsələ üzrə qeyd edir ki,
1. Ural-Altay dövrü
Türk, monqol, tunqus dilləri yalnız “Ural-Altay adlı geniş və qeyri-dəqiq bir ailənin tərkib hissəsi kimi öyrənilirdi. Qohumluq faktı əsasən tipoloji bənzərliklər, aqlütinasiya və sintaktik oxşarlıqdır.
2. Altay dillərinin ayrıca qrup kimi araşdırılması
Türk – monqol – tunqus dilləri Ural dillərindən ayrılaraq müstəqil bir qrup kimi nəzərdən keçirilməyə başlandı. Bu mərhələdə daha çox fonetik müqayisə aparılır.
Poppe I mərhələni hazırlıq dövrü adlandırır və qeyd edir ki, o dövrün səhvləri yeni mərhələ üçün “öyrədici material” olmuşdur.
O, erkən təsnifatlar və onların çatışmazlıqlarından bəhs edərkən tənqidi fikirlərini söyləyir: “Stralenberq tatar xalqlarının 6 qrup üzrə təsnifatını verib – bunu işin müsbət tərəfi kimi dəyərləndirsə də, mənfi tərəfini qrupların bir-birinə uyğun gəlməməsi ilə izah etmişdi. Daha sonra məruzəsində Rasmus Raskın “skif” nəzəriyyəsinə münasibət bildirmişdir: “Rask Avropadan Qafqaza, hətta Amerika və Qrenlandiyaya qədər müxtəlif xalqları “skif” çətiri altında birləşdirir, tamamilə qeyri-elmi və həddən artıq genişlənmiş təsnifatdır”. Poppe M.Müllerin “Turan dilləri” təsnifatında aqlütinativ dilləri (türk, Tibet, Malay, Cənubi Hindistan) birləşdirdiyinə tənqidi yanaşmış, qohumluq sərhədlərinin qeyri-müəyyənliyini, terminlərin siyasi-coğrafi assosiasiya yaratdığını qeyd etmişdir. Onun qənaətinə görə, erkən təsnifatlar metodoloji cəhətdən zəifdir və dilçilik elmi üçün yetərli baza yaratmır.
Poppe məruzəsində Altay nəzəriyyəsinin formalaşmasında Kastren, Şott, Ramsted, Nemetin rolunu da vurğulayır: “Kastrenin tədqiqatları Ural-Altay nəzəriyyəsinə böyük təsir etdi, ilk dəfə empirik material topladı. Şott leksik uyğunluqları deyil, fonetik qanunları və morfologiyanı araşdırıb, çuvaş dilinin türk qrupuna aidliyini ilk dəfə elmi əsasla sübut edib, r–z, l–ş uyğunluqlarını müəyyən edib. Bu çox əhəmiyyətlidir. Ramsted türk – monqol qohumluğunun ən güclü müdafiəçisidir, protomonqol – prototürk hipotezini irəli sürüb, bir sıra mühüm fonetik qanunları aşkar edib: türk “y” səsinin tarixi olaraq 4 səsdən törəməsi, monqol və türk dillərində r/l – z/ş uyğunluqları, morfoloji paralellər. Poppe bildirir ki, Ramsted çox nəhəng iş görsə də, tunqus dilləri haqqında məlumat çatışmır. Nemet əvvəlcə qohumluğu inkar etmiş, sonra qəbul etmiş və tarixi münasibətləri 4 mərhələyə ayırmışdır: ibtidai qohumluq;, çuvaş – monqol; tatar – monqol qarşılıqlı təsirləri;, monqol → yakut alınmaları.
Ümumiyyətlə, Altay dillərinin müqayisəli araşdırılmasında əsas boşluqlara: tunqus, mancur, canlı monqol dialektlərinin kifayət qədər öyrənilməməsinə işarə edir. Poppe qeyd edir ki, tədqiqatçılar bütün Altay dillərini eyni anda müqayisə etmək kimi qeyri-mümkün hədəf qoymuşdular. Bu, nəticə etibarilə səthi bənzərliklərə əsaslanmış nəzəriyyələrin yaranmasına səbəb olur. Monqol-türk əlaqələrində bəzi fonetik qanunlar sübut olunsa da, mənşə deyil, “kütləvi alınmalar” ola bilər. Tunqus materialı olmadan Altay nəzəriyyəsinin tam şəkildə qurulması mümkün deyil.
Poppenin nəticə etibarilə elmi qənaətinə görə, Altay nəzəriyyəsi hələ qurulmamışdır və səbəb olaraq material çatışmazlığını, müqayisələrin qeyri-kafi və metodların natamamlığını bildirir. Ən real və elmi əsaslı istiqamət türk-monqol dillərinin müqayisəsi və tunqus materialının tədricən əlavə olunmasıdır. Fonetik araşdırmalar xeyli irəliləsə də, morfologiya çox geri qalıb. Elmi cəhətdən isə yalnız türk və monqol dilləri arasında real paralellər var. Tunqus dilləri hələ qeyri-müəyyəndir. Altay nəzəriyyəsini yenidən qurmaq üçün daha çox sahə işi, dialektləri öyrənmək, yeni metod tətbiq etmək lazımdır.
Linqvist, etnoqraf və qafqazşünas A.N.Genko “Türk dillərinin yafəs dilləri ilə münasibəti haqqında” məruzəsində, müzakirə edilən faktları nəzərə alaraq, ədəbiyyat sahəsində olduğu kimi, dillərin əlaqəsi məsələsinin çoxmənalı həllinə yol açdığını bildirir. O qeyd edir ki, ən inandırıcı, tədqiq edilmiş və elmi əsası olan dil əlaqəsi dedikdə, ilk növbədə, genetik qohumluq anlayışı başa düşülür. Bu, qədim tarixə malik və bir vahiddə birləşən ayrı-ayrılıqda mövcud olmuş bir neçə dilin, yaxud dil ailəsinin əlaqəsidir. Lakin ayrı-ayrı sözlər arasında olan əlaqədən başqa qrammatik qohumluq, yəni morfoloji sistem də var. Bu qohumluq xalqların keçmişi, qarşılıqlı münasibətləri baxımından az əhəmiyyət kəsb etməyən daha digər qohumluq tiplərinin mövcudluğunu istisna etmir; 3 tip belə qohumluq əlaqəsi mövcuddur. Hind-Avropa və semit dilləri arasındakı qohumluq preqrammatik (qrammatikadan əvvəlki) qohumluq adlanır. Bu, dil ailəsinə məxsus adi əlaqə tipindən fərqli olaraq, yalnız lüğəvi uyarlıq deyil, morfoloji sistem oxşarlığına əsaslanır. Həmçinin qrammatik qohumluq əlaqələri kimi izah olunan, yalnız morfoloji mənada deyil, digər əsas mənada anlaşılan qohumluq tipi. Bu iki qohumluq tipi barədə heç bir yazılı mənbə məlumat vermir. Üçüncü, son zamanlar ətrafında mübahisələr yaranmış substratlar nəzəriyyəsidir ki, bu günə qədər tam anlaşılmamışdır. Etiraf etməliyik ki, xalqların həyatında daimi bir əvəzetmə mövcuddur; mədəni varislik hadisəsi davam edir. Dil isə mədəni hadisədir, varislik burada da özünü göstərir. Nəhayət, dil əlaqəsi anlayışının dördüncü tipi ən geniş yayılmış, lakin dilçilərin nəzərincə, az əhəmiyyət daşıyan tarixi qohumluq əlaqəsidir; bu tip bir xalqın digər xalqa tam, yaxud qismən qarışması, uzun müddət eyni ərazidə yaşaması və qarşılıqlı mədəni mübadilə zəminində formalaşır.
Genko qeyd edir ki, əsasən Qafqaz dillərini ifadə etmək üçün elmi ədəbiyyatda işlədilən Yafəs dilləri bir tərəfdən dağ dilləri, digər tərəfdən Zaqafqaziya (gürcü və qohum olan) dilləri kimi də tanınır.
Əlbəttə, Yafəs dillərinin Qafqaz ərazisindən təcrid olunmuş şəkildə mövcudluğunu düşünmək kobud səhv olar. Əksinə, indi Qafqazdakı Yafəs dilləri keçmiş zamanlarda həm ərazi baxımından, həm mədəni mahiyyətinə görə mövcud olmuş kifayət qədər əhəmiyyətli böyük bir bütövün qalıqları olduğunu təsdiq etməyə elmi əsaslar var. Əlimizdəki məlumatlara görə, Yafəs dilləri Qafqazın cənubuna doğru, Ön Asiya, ola bilsin ki, bir qədər də uzaq ərazilərdə yayılmışdır, əvvəlki məruzələrdə də bu qəbildən olan bir çox məsələyə toxunulmuşdur.
Genko məruzəsində türk xalqlarının Qafqazda məskunlaşmasının daha qədim dövr hadisəsi olduğunu qeyd edir: “Hunlar ilə bağlı verilmiş qərarlar arasında onların türk mənşəli və sonrakı dövrlərdə eyni tarixi ərazini paylaşan türklərin sələfi olduqları barədə məlumat var. Bu zaman türk dillərinin Yafəs dilləri ilə mümkün əlaqələrinin olub-olmaması sualı özü-özlüyündə mürəkkəb və əhatəli bir məsələnin həllini daha da çətinləşdirir. Biz bu gün az-çox ehtimalla Qafqaz ərazisindəki əhalinin məskunlaşma tarixini təsdiq edə bilərik. Bunu təqribən XIII – XIV əsrlərə: monqol dövrünə aid etmək olar.
Cənubi Rusiyada türk dövlətlərinin məğlubiyyətindən sonra türklərin Şimali Qafqazda məskunlaşma prosesi bu dövrdə başa çatmışdır, Cənubi Qafqazda məskunlaşması isə bir qədər əvvəl baş versə də, etnik xəritənin son forması həmin dövrə aiddir. Sual yaranır: buna qədər nə olmuşdu? Buna qədər olanlar e. VI əsrindən etibarən, türk tayfalarının Qafqaz xalqları ilə təmasda olmaları məlumdur və həmin dövrdən başlayaraq, qarşılıqlı mübadilə üçün qeyri-linqvistik real şərtlər vardı. Deməli, bu suala cavab vermək üçün bir qədər əvvələ – daha qədim dövrə qayıtmalıyıq. VI əsr ixtiyarımızda olan həmin tarixi ənənəyə təsadüf edir. Mövcud materiallar bizi bu sözləri deməyə məcbur edir: “Öncəliklə Qafqazda türk dillərinin, Yafəs dilinin öyrənilməsi arzuolunan səviyyədə deyil, kifayət qədər material toplanmayıb. Konkret olaraq Azərbaycan, qaraçay və s. dillərin elmi ədəbiyyatda təqdimatı məsələnin geniş miqyasda həllinə imkan vermir. Əminəm ki, Yafəs dilləri onilliklər, əsrlər boyu Qafqaz ətrafında baş verənləri özündə əks etdirən bir güzgü olacaq”.
* * *
Genko “dillərin əlaqəsi” anlayışının çoxmənalı olduğunu qeyd edir və bu anlayışın dörd fərqli mənada istifadə olunduğunu bildirir:
I. Genetik qohumluq: ən etibarlı, elmi əsaslı əlaqə formasıdır; ortaya çıxması üçün həm leksik, həm morfoloji, həm də fonetik paralellər zəruridir. O, bir “vahid protodil”dən ayrılmış dillərin qohumluğu nəzərdə tutur.
II. Qrammatikadan əvvəlki qohumluq: hind-Avropa və semit dilləri arasındakı oxşarlıq tipinə bənzər bir modeldir, genetik qohumluq deyil; lakin morfoloji sistemlərin paralelliyi mövcuddur; yazılı mənbələrlə təsdiqlənmir, tarixdən əvvəlki mərhələyə aiddir.
III. Substrat nəzəriyyə üzrə qohumluq (zəif tədqiq olunmuş və mübahisəli nəzəriyyədir): xalqlar bir-birini əvəz etdikcə, dil də mədəniyyətlə birlikdə varislik modeli üzrə dəyişir; dil dəyişmələri və qarışmaların alt qatları nəzərdə tutulur.
IV. Tarixi-mədəni qohumluq (ən geniş yayılan, lakin dilçilik baxımından ən az əhəmiyyətli formadır): xalqların birgə yaşaması, qarışması, qarşılıqlı təsir nəticəsində dil əlaqələrinin yaranması.
Beləliklə, Genko dili yalnız genetik qohumluqla limited görmür; geniş, çoxpilləli qarşılıqlı təsir sahəsi kimi təqdim edir. Yafəs dilləri terminini Qafqaz dillərinin (Dağıstan, çeçen-inquş, abxaz-Adıgey) ümumi adı, bəzən də Gürcüstan dillərini əhatə edən geniş bir anlayış kimi təqdim edir – Qafqazla məhdudlaşmır. Tarixi baxımdan daha böyük coğrafiyanı əhatə edən dillərin Qafqazda təcrid şəkildə mövcud olmasını düşünmək kobud səhvdir. O bildirir ki, Yafəs dilləri bir zamanlar bütöv, geniş bir mədəni-linqvistik areal təşkil edib, Qafqazdakılar yalnız qalıqlardırlar.
Türk dilləri və Yafəs dillərinin qarşılıqlı münasibətinin tarixini 3 mərhələdə təhlil edir:
I. Etnogenetik fon. Hunlar türk mənşəli sayılır və Qafqaz türklərinin sələfləridir. Türk dillərinin Qafqazla qarşılıqlı təması VI əsrdən etibarən sabitdir.
II. Məskunlaşma prosesi. Türk tayfalarının Cənubi Qafqazda məskunlaşması XIII–XIV əsrlərdə tamamlanır (Monqol dövrü). Cənubi Rusiyada türk dövlətlərinin süqutundan sonra Şimali Qafqaza axın sürətlənir.
III. Daha qədim dövr. Türk dilləri VI əsrdən xeyli əvvəl də Qafqaz arealı ilə təmasda ola bilər. Yafəs dilləri ilə əlaqəni aydınlaşdırmaq üçün daha qədim qatları araşdırmaq lazımdır.
Genkonun fikrincə, araşdırmaların qarşılaşdığı əsas problemlər bunlardır:
Material qıtlığı – Azərbaycan dili, qaraçay və digər Qafqaz türklərinin dillərinin elmi ədəbiyyatda yetərincə işlənməməsi;
Tədqiqatlar – Qafqazda Yafəs dillərinin keçmişi haqqında aparılan araşdırmaların qeyri-kafi qiymətləndirilməsi;
İlkin baza – Yafəs dillərinin tarixi yayılma coğrafiyası və türk-Yafəs əlaqəsi üçün empirik baza çatışmazlığı.
O, belə nəticəyə gəlir ki, türk dilləri ilə Yafəs dilləri arasında genetik qohumluq hələ ki, sübut olunmayıb, lakin morfoloji paralellər və substrat təsirlər üzrə təmas ehtimalı var, araşdırmalar genişləndikcə, Yafəs dilləri Qafqazın dil tarixinin “güzgüsü” rolunu oynaya bilər.
Görkəmli rus dilçisi, türkoloq, dialektoloq, etnoloq və folklorşünas Nikolay İvanoviç Aşmarin: “Elmi türkologiyanın əsasları XIX əsrin II yarısında Rusiyada alman alimləri tərəfindən qoyulmuşdur. Bu yeni elmin yaranması həmin dövrdə dilçilik sahəsində baş vermiş nailiyyətlər ilə sıx bağlıdır. XIX əsrin birinci yarısına qədər türk dillərinin öyrənilməsi çox ağır addımlarla irəliləyirdi. Burada da əsas diqqət Osmanlı ləhcəsinə yönəldilmişdi. Türk dillərinin elmi tədqiqi üçün ixtisasca türkoloq olmayan akademik Otto Betlinq tərəfindən yazılmış “Yakut dili qrammatikası” başlanğıc olmuşdu. Betlinqə qədər bütün türk qrammatikalarında, demək olar ki, danışıq səslərinin düzgün təsvir olunmaması və dil hadisələrinin Avropa qrammatik normaları baxımından işıqlandırılması köklü səhv idi.
Betlinqin əsərinin nəşrindən 20 il sonra Kazanda “Altay dillərinin qrammatikası” kitabı çap olunmuşdu. Bobrovnikovun tərtib etdiyi “Monqol və kalmık dillərinin qrammatikası”, akademik V.Rodlov tərəfindən canlı türk dillərinin öyrənilməsi sahəsində böyük işlər görülmüşdür. O, ömrünü qədim və yeni türk ləhcələrinin öyrənilməsinə həsr etmiş, türk xalq deyimlərini (ona qədər məlum olmayan) toplayıb nəşr etdirmiş, elmi fəaliyyətinin ilk illərində Sibir, Orta Asiya, Volqaboyu və Krım türklərini tədqiq etmişdir. Malovun 1910-cu ildə Çində səyahəti zamanı tapdığı “Altun yaruk” adlı buddist türk mətnini, uyğur dilində yazılmış “Kutadqu bilik” əsərini nəşr etmiş və onu alman dilinə çevirmişdir. O, həmçinin bir sıra epiqrafik və əlyazma tapıntılarını da öyrənmiş və türk ləhcələrinin geniş lüğətini nəşr etdirmişdir. 1893-cü ildə danimarkalı alim V.Tomsen türk runi yazılarının açarını tapmışdır. Bu möhtəşəm kəşf türkologiya sahəsində yeni mərhələ idi. Yazıların şərhində Radlov fəal iştirak etmiş, bu qədim abidələrin bir çox qaranlıq məqamlarının izahını vermişdir. Türkologiya sahəsindəki daha sonrakı iş professor N.F.Katanova aiddir. Türkologiyanın sonrakı mərhələsində professor N.F.Katanovun “Uryanhay dilinin tədqiqi təcrübəsi” adlı böyük əsəri xüsusi qeyd olunmalıdır.
1891-ci ildə V.Radlov tərəfindən alman dilində “Şimali türk ləhcələrinin fonetikası” adlı əsər yazılıb.
Aşmarin çıxışında daha sonrakı dövrə aid nəşrlər barədə məruzə edir: “Son illərdə Paris Şərq Dilləri Məktəbinin professoru J.Deni Osmanlı ləhcəsinin qrammatikasını tərtib etmişdir. Bu, çox böyük əməkdir. Yeri gəlmişkən, müəllif Osmanlı dilinin tarixini işıqlandıran bir çox faktlara toxunmaqla müxtəlif türk ləhcələrində feil formalarının inkişafını əks etdirməyə müvəffəq olmuşdur”.
Aşmarin bu günə qədər türk dialektlərinin öyrənilməsində əldə olunmuş nəticələri ümumiləşdirərək qeyd etmişdir:
1. Ayrı-ayrı türk ləhcələrinin fonetik sistemi hələ kifayət qədər öyrənilməmişdir; indiyədək istifadə edilən səslərin təsvir üsulları təsadüfi xarakter daşıyır.
2. Ləhcələrin sintaktik xüsusiyyətləri kifayət qədər tədqiq edilməmişdir. Mövcud qrammatikalarda sintaktik hadisələr yalnız məntiqi aspektdən izah olunur, türk dillərində mühüm rol oynayan psixoloji amillər tamamilə nəzərə alınmamışdır və əksər ləhcələr haqqında müstəqil monoqrafiyalar yoxdur.
3. Leksik tərkib, bir çox ləhcənin söz ehtiyatı zəif öyrənilmişdir. Bəzi dillər üzrə, məsələn, başqırd və türkmən dillərində yalnız qısa və natamam lüğətlər mövcuddur; digər ləhcələr, o cümlədən Şimali Qafqaz və Ön Qafqaz türkcələri, demək olar ki, ümumiyyətlə işlənməmişdir.
4. Bir çox türk tayfalarının xalq yaradıcılığı nümunələri toplanmamış və öyrənilməmişdir. Xüsusilə mədəniyyət mərkəzlərinə yaxın bölgələrdə işlədilən ləhcələrə az diqqət yetirilmişdir.
5. Kazan-tatar ləhcəsinin ayrı-ayrı şivələri tədqiq olunmamış, lüğətləri nəşr edilməmişdir. Tamamilə öyrənilməmiş Kasımov ləhcəsi, habelə mişar, teptyar, noqaybəy, bəzi Sibir və Orta Asiya türklərinin ləhcələri barədə ədəbiyyatda, demək olar ki, heç bir məlumat yoxdur.
6. Türk nitqinin musiqi tərəfi və türk şeirinin vəzn qanunları kifayət qədər araşdırılmamışdır.
7. Bu günə qədər türk ləhcələri üzrə müqayisəli qrammatika sahəsində bir dənə də olsun tam əsər mövcud deyil.
Qədim prototürk (bəlkə də ilkin Ural-Altay) ünsürünün türkcədə xüsusi morfologiyaya malik olan və qədimliyini öz quruluşunda göstərən təqlidi sözlərin tədqiqi, demək olar ki, tamamilə diqqətdən kənarda qalıb. Bu sözlər türkcə şivələr arasında böyük fərqlər olsa belə, onların hamısında rast gəlinir, həmçinin fin dillərində də mövcuddur. Bu qədim söz formalarını diqqətlə toplamaq vacibdir, çünki onlar bizi elə qədim bir dövrə aparar ki, o vaxt sözlər yalnız hisslərin və təqlidi meyillərin birbaşa ifadəsi olmuş, sonradan mənası itmiş şərti simvollar deyil.
Aşmarin türk sözlərinin köklərinin və semasiologiyasının öyrənilməsi bu mənada heç kimin toxunmadığı geniş bir sahədir və tədqiqatçıya zəngin nəticələr vəd edir. Dilin hər bir sözü öz ilkin mənasında ibtidai düşüncənin əks-sədası, qədim adətin xatirəsi, unudulmuş bir həyat tərzinin fraqmenti, köhnə bir melodiyanın izi, qədim dünyagörüşünün nişanəsi, təbiət anlayışının izidir.
(ardı var)
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

