Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

post-img

28 fevral-1 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

XQ xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.

Yarmarkada 24 regiondan iştirak edəcək 51 fermer 145-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.

Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Sosial həyat