BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının sessiyasında Azərbaycanın inklüzivliyə əsaslanan sosial inkişaf təcrübəsindən bəhs olunub

post-img

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının 64-cü sessiyasında iştirak edib. ABŞ-nin Nyu-York şəhərində keçirilən sessiyanın əsas mövzusu “Əlaqələndirilmiş, bərabər və inkluziv siyasətlər vasitəsilə sosial inkişaf və sosial ədalətin təşviq edilməsi” olub.

XQ xəbər verir ki, nazir müavini sessiyada çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə ölkəmizdə icra edilən beş sosial islahat paketinin uğurları barədə məlumat verib. O, əlavə 8 milyard manat vəsaitin ayrıldığı, əhalinin təxminən 40 faizini əhatə edən bu islahatlar nəticəsində sosial ödənişlərdəki ciddi artımlardan bəhs edib.

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın sosial rifaha, bərabər imkanlara və inklüziv inkişafa töhfə verdiyi vurğulanıb. Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatların BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “heç kimi kənarda qoymamaq” prinsipinə uyğun olduğu qeyd edilib.

Azərbaycanın yeni milli brendinə çevrilən DOST mərkəzləri barədə məlumat verilib. Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycanın öz azad edilmiş ərazilərində Böyük Qayıdış Proqramını uğurla həyata keçirdiyi, doğma yurdlarına qayıdan əhalinin hərtərəfli sosial dəstəklə, aktiv məşğulluq tədbirləri ilə əhatə edildiyi bildirilib.

Hidayət Abdullayev sessiya çərçivəsində keçirilən, “Sosial həmrəyliklə dayanıqlı, inklüziv, uzunmüddətli qayğı sisteminin qurulması: Türkiyənin 130 illik tarixə malik xeyriyyə və sosial xidmət müəssisəsi olan “Darülaceze” müəssisəsi ən yaxşı təcrübə kimi” adlı yan tədbirdə də iştirak edib. O, tədbirdəki çıxışında Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial dəstəklə əhatə olunması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Nazir müavini sessiya çərçivəsində “Yoxsulluğun aradan qaldırılması, davamlı qayğı və dəstək sistemləri ilə ləyaqətin təmin olunması” mövzusunda keçirilən panel müzakirələrdə ölkəmizin yoxsulluğun azaldılması istiqamətində müsbət təcrübəsini diqqətə çatdırıb.

Sessiya çərçivəsində Hidayət Abdullayevlə Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan arasında ikitərəfli görüş keçirilib, gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.





Sosial həyat